Tofiq Yaqublu 9 gündür ki, həbsdə aclığı davam etdirir. Qızı Nigar Həzinin “Press Klub”a verdiyi məlumata görə, T.Yaqublu artıq ayağa qalxmaqda çətinlik çəkir.

N.Həzi bu gün Şüvəlandakı 3 saylı istintaq təcridxanasında atası ilə görüşüb. Görüşə T.Yaqublunun həyat yoldaşı Maya və əmisi qızı, tanınmış jurnalist Nailə Yaqublu (Alya) da gedib. Nailə Yaqublunu içəri buraxmayıblar, deyiblər ki, ancaq birinci dərəcəli qohumlarla görüşə bilər. N.Həzi və anasına isə deyilib ki, hər biri ayrı-ayrılıqda görüşməlidir. Bu yeniliyin səbəbini pandemiya ilə izah ediblər.

“Səhər saat onun yarısından görüşə getmişdik. Dedilər ki, bu gün görüş qaydaları dəyişib, ancaq ailə üzvləri buraxılır, özü də bir-bir. Guya pandemiya ilə əlaqədar təhlükəsizlik tədbiridir. Halbuki biz bundan əvvəl də pandemiya dövründə görüşmüşük, hamımız birlikdə görüşə girmişik. İkincisi, biz onsuz da şüşə arxasından görüşürdük. Niyəsə birdən-birə qaydaları dəyişiblər. Onlara izah edirik ki, adam 9 gündür acdır, halı yoxdur, hər birimizə ayrı-ayrılıqda vaxt ayırıb danışmasın, yorulmasın. Pandemiyanın gur vaxtında izacə verirlər, indi özlərindən yeni qayda icad ediblər. Rəis müavini Rasim Əsgərova deyirəm ki, təcridxananın rəisi ilə görüşmək istəyirəm. Cavab verir ki, bu gün dustaqlara özəl yemək – salat verilir, rəis kamera vasitəsilə onun paylanmasını izləyir. Bu qədər gülünc durum olarmı? Belə çıxır ki, salat Tofiq Yaqublunun durumundan daha çox vacibdir”, – deyə N.Həzi söylədi.

N.Həzi onu da qeyd etdi ki, onların görüşə gələcəyini bilən atası səhərdən onları gözləyə-gözləyə vəziyyəti pisləşib. T.Yaqublu huşunu itirərək yıxılıb, həkim onu müayinə edib və bir müddət sonra özünə gəlib:

“Deyir ki, bilirdim, siz saat onun yarısından buradasınız, ona görə güclə də olsa, ayağa durub, məni çağıracaqlarını gözlədim. 30 dəqiqə ayaqüstə gözləyib. Deyir, bilirdim ki, otursam, qalxa bilməyəcəm. Gözləyib-gözləyib, görüb ki, çağırmırlar, özünün də ayaqüstə vəziyyəti daha da pisləşib. Qapını yumruqla bərk-bərk döyməyə başlayıb. Həmin vaxt huşunu itirib, çarpayının üstünə yıxılıb. Həkim gəlib müayinə edib. Əvvəl “korvalol” dərmanı vermək istəyiblər. Sonra fikirləşiblər ki, acdır, mədə boşdur, yandırar. Təzyiqi 90-60 olub”.

N.Həzinin sözlərinə görə, atası yeriməkdə çətinlik çəkdiyinə görə onu qolundan tutub gətiriblər. T.Yaqublu qızına durumu haqda da danışıb:

“Başı fırlanır, kəskin başağrıları olur. Deyir, sanki ayağımın altı yanır, sümüklərim sızıldayır. Ayağa qalxmaqda çətinlik çəkir. Sürətlə zəifləyir. Hər gün azı 700 qram çəki itirir. Aclığın doqquzuncu günü olsa da, özünü 15-ci günündəki kimi hiss edir. Rəngi boğulub, gözləri sanki çuxura düşüb”.

Bütün bunlara baxmayaraq, T.Yaqublu aclığı dayandırmayacağını bir daha bəyan edib. Onun sözlərinə görə, istintaq təcridxanasının rəis müavinləri də daxil olmaqla, bir sıra şəxslər ona aclığı dayandırmağı təklif ediblər.

“Bəzən mənə deyirlər ki, aclığı dayandırmasan, ölüb gedəcəksən. Başa düşmürlər ki, mən ölsəm də, bilərəm ki, ölümümlə xalqıma fayda verirəm. İnsanlar öz hüquqları uyğunda ayağa qalxarlar, cəmiyyət silkələnər. Deyirəm, mənim 60 yaşım var, 5 il də yenə türmədə yatım, 65 yaşında çıxanda yenə də şərləyib tutacaqlar. Nə fərqi oldu? Ona görə də heç bir geri dönüşdən söhbət gedə bilməz”, – T.Yaqublu qızına belə deyib.

Vəkilləri ailəsinin etibar etdiyi həkimin təcridxanada T.Yaqublunu müayinə etməsinə şərait yaradılması üçün həm Penitensiar Xidmətə, həm də Ombudsman Aparatına müraciət edib. “Bizim adi görüşlərimizə belə əngəl yaradan quruma, onların dediklərinə biz necə etibar edək? Ona görə də özümüzün etibar etdiyimiz həkimin müayinə etməsini istəyirik. Deməsinlər ki, bu mümkün deyil, praktikada olub. Xədicə İsmayıl həbsdə olanda Adil Qeybullanın gedib onu müayinə etməsinə şərait yaratmışdılar”, – deyə N.Həzi əlavə etdi.

T.Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi haqda Nizami rayon Məhkəməsinin hökmündən sentyabrın 7-də apellyasiya şikayəti verilsə də, yaxın günlərdə şikayətə baxılması gözlənilmir. Bunu da N.Həzi bildirib: “Süni şəkildə yubadırlar. On gündən sonra məhkəmə vaxtını təyin edə biləcəklərini deyirlər. O vaxta kimi Tofiq Yaqublu artıq həyatda olmayacaq…”

Gülər