Tibb elmləri doktoru, professor Adil Qeybulla Tofiq Yaqublunun səhhəti ilə bağlı həyəcan təbili çalıb. Həkimin fikrincə, T.Yaqublunun komaya düşmək, həyatını itirmək təhlükəsi realdır. Adil Qeybulla sosial şəbəkədəki hesabında yazıb:

“Bu gün Qarabağ qazisi, demokratiya uğrunda əfsanəvi mücahid, dəyərli dostumuz, əqidədaşımız Tofiq Yaqublu etiraz aclığının (əslində mən onu ölüm aclığı adlandırardım) 2-ci həftəsinə qədəm qoyub. Vəziyyət xeyli təhlükəli və ciddidir!

Aydınlıq üçün bir misal çəkmək istərdim. 1981-ci ildə Britaniya həbsxanasında irland mənşəli məhbusların aclıq aksiyası keçirilmişdi. Onlar aksiyanı tibbi yardım olmadan keçirirdi. Nəticədə aclıq edənlərdən 10 nəfəri, o cümlədən aksiyanın rəhbəri həyatını itirmişdi. Dərhal yerdə qalanlara tibbi yardım göstərilib, həyatları güclə xilas edilmişdi.

2007-ci ildə Britaniya səhiyyə xidməti etiraz aclığı edən şəxslərə metodik tövsiyələr çap etdirdi və orada göstərilirdi ki, tam praktiki sağlam cavan insan 6-8 həftə aclıq edə bilər. Lakin 50 yaşdan yuxarı və comorbid vəziyyətdə olan (yanaşı xəstəliyi olan) insanlar etiraz aclığı edərək 3 həftə müddətində həyatla vidalaşa bilər. Belə ki, bu kateqoriya insanlarda ilk aclığın ilk həftəsində orqanizmin resursları tam səfərbər olur, sinir-əzələ sistemində oyanma baş verir, ikinci həftədə isə süstləşmə yaranır. Orientasiya itir, beyində analitik reaksiyalar kəskin süstləşir, əzələlərin adinamiyası nəticəsində hərəkət məhdudluğu yaranır. İkinci həftədə artıq insan komaya düşə bilər. Komaya düşən insanın komadan çıxmaq imkanları, necə çıxması, hansı itkilərlə çıxması sual altına düşür. Etiraz aclığı edənlər adətən qida maddələrindən tam imtina edirlər. Bu isə 2-ci həftədə və 3-cü həftənin ortasında orqanizmdə geridönməz proseslərin baş verməsinə və qəfləti ölümə gətirib çıxara bilər.

Tofiq Yaqublu hazırda aclıq aksiyasının ikinci həftəsindədir! Bu baxımdan, Qarabağ uğrunda savaşda travmalar almış (onun yuxarı ətrafında əziyyətverici, ağır çiyin-kürək periartrozu var), bir neçə ay öncə ağırlaşmış kəskin xolesistitə görə əməliyyat keçirmiş, yaşı 60-a çatmış bir insanı isə hansı təhlükələr gözlədiyini təsəvvür etmək çətin deyil!

Tofiq bəyin səhhəti təhlükədədir və lazımı qurumlar buna laqeyd qalmamalıdırlar!”

Press Klub