Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub.

Təhsil nazirinin müvafiq əmrinə əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq. Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil ediləcək. Həmçinin dərs cədvəllərinin tərtibatı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək. Valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər. Eləcə də ibtidai sinif şagirdlərinin valideynləri sentyabrın 11-dən övladlarının əyani tədrisə cəlb olunmaları ilə bağlı məlumatı birbaşa təhsil müəssisələrindən əldə edə biləcəklər. Ümumi orta və tam orta təhsil səviyyələrində oxuyan şagirdlərin də virtual dərs cədvəlləri həmin tarixdən müəyyənləşəcək.

Qərar hansı mülahizələrlə qəbul olunub və praktikada necə həyata keçiriləcək? Bununla virusa yoluxma riski aradan qaldırılmış olurmu? Musiqi məktəblərində tədris necə qurulacaq?

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, əsas məqsəd yeni normalar şəraitində tədrisin necə qurulmasından ibarətdir:

”Bu, avqust ayında baş nazirin qərarı əsasında təhsil naziri tərəfindən verilən əmrdir. Məktəblərin açılışı və bu zaman siniflərin bölgüsü, ayrı-ayrı bölgülər üzrə tədrisin təşkli nəzərdə tutulur. Qərar gündəmə uyğun olan bir qərardır”.

Valehov qeyd etdi ki, virusa yoluxma riski hər zaman var:

“Xüsusən də pandemiya şəraitində bu ehtimal daha yüksəkdir. Əsas odur ki, pandemiya şəraitində davranış qaydaları ilə bağlı da ciddi işlər görülür, protokollar hazırlanır ki, şagird və müəllimlərimiz necə davranmalıdırlar”.

Musiqi məktəblərində dərslərin necə keçiriləcəyi sualına gəldikdə isə, nazirliyin rəsmi nümayəndəsi bu barədə konkret fikir bildirə bilməyəcəyini vurğuladı:

“Hər halda, tədris başlayırsa, müvafiq protokollara uyğun qərar qəbul olunacaq. Konkret musiqi məktəblərinin fəaliyyəti ilə bağlı fikir yürüdə bilmirəm. Əgər protokollara uyğun tədris aparılacaqsa, yəqin ki, bu məsələylə də bağlı müsbət qərar qəbul olunacaq”.

Təhsil üzrə ekspert Kamran Əsədov bidirdi ki, dərslərin bərpası birmənalı şəkildə virusa yoluxanların sayına təsir göstərəcək:

“Yoluxma sayı artacaq. Çünki şagirdlər məktəblərə ictimai nəqliyyatdan istifadə edərək gedəcəklər. Onların yanında valideynləri də olacaq. Bu da ictimai nəqliyyatdan istifadə zamanı yoluxmanın artmasına gəlib çıxaracaq. Sentyabrın 15-də dərslər bərpa olunanda 640 min uşaq birdən-birə ənənəvi formada məktəbə gedəcək. Yəni söhbət ibtidai sinif şagirdlərinin məktəblərdə iştirakından söhbət gedir. Hamı bilir ki, l-lV sinifdə oxuyan şagirdləri məktəbə valideynləri aparır. 640 min şagirdin məktəbə getməsi eyni anda bir milyon iki yüz min insanın hərəkəti deməkdir. Bu da təbii ki, yoluxma sayına kəskin şəkildə təsir göstərəcək”.

Ekspert xatırlatdı ki, bu il şagirdlər mart ayının 3-dən tədris prosesindən kənarda qalıblar:

“Yalnız onlayn dərslərdə iştirak edirdilər. İndiki halda, ən azından iki-üç gün məktəbə gedəcəklər və zəruri biliklərə yiyələnə biləcəklər. Bu, müsbət addımdır. Biri var ki, ümumiyyətlə, prosesdən kənarda qalasan, yalnız onlayn qaydada dərslərdə iştirak edəsən, indi isə iki-üç gün məktəbə gedəcəklər. Amma məktəbdə virusa yoluxmaqdan qorunmaq üçün təbii ki, sinifdə şagirdlər arasında ara məsafəsi gözlənilməlidir. Onlar məktəbə ayrıca avtobusla getməlidirlər. Bu cür təşkilatçılıqla ən azından yoluxma məsələsi idarəolunan səviyyədə qala bilər”.

Ülviyyə Şahin