SOCAR tərəfindən son iki ildə İtaliya istiqamətində Azərbaycan mənşəli 15,9 mln. ton xam neft, 189 min ton neft məhsulları və 43,7 min ton neft-kimya məhsulları göndərilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Romada keçirilmiş Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası zamanı bildirib.

Mühüm enerji layihələrimizdə İtaliya şirkətlərinin iştirakını vurğulayan nazir enerji əməkdaşlığını möhkəmləndirən layihə kimi TAP-ın əhəmiyyətindən danışıb: “Bu il Cənub Qaz Dəhlizi istismara veriləcək və bu, ölkələrimiz, tərəfdaşlarımız, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün strateji əhəmiyyətə malikdir. Layihə üzrə işlərin, 90%-dən çox icrası İtaliya hökumətinin layihəyə dəstəyinin göstəricisidir. Bütün icazələrin verilməsinə, quruda və dənizdə tikinti işlərində irəliləyişlərə görə İtaliya hökumətinə təşəkkür edirik. İnanırıq ki, birgə səylərimiz TAP layihəsinin vaxtında başa çatmasını təmin edəcək. Təhlükəsiz, şaxələndirilmiş və rəqabətə davamlı enerji ilə təminat, eləcə də dekarbonizasiya kimi məsələlərin həllinə də töhfə veriləcək”.

Mənbə