Logo
news content

Qana bulaşmış milyardlar, yerin altındakı xəzinə, 50 illik məhkəmə - Nasist qızıllarının sirri
Generalın etirafı: “Bu, mənim həyatımda gördüyüm ən iyrənc, ən dəhşətli və ən çirkin sərvət idi”

1945-ci il fevralın 3-də səhər saatlarında ABŞ-ın Səkkizinci aviasiya ordusunun 1437 ağır bombardmançı təyyarəsi havaya qalxdı. 434 ədəd “B-24” təyyarəsi Maqdeburqda sintetik yağ və yanacaq istehsal edən zavodu bombalamağa uçurdu. 1003 ədəd “B-17” təyyarəsi isə Berlinə istiqamət aldı. 

Üçüncü reyxin paytaxtının bombardmanı saat 10:42-də başladı və 12:18-də bitdi. Şəhərə 2300 ton bomba atıldı. Bombardmanın hədəfi Fridrixştrasse dəmiryolu stansiyası və hökumət binaları idi. Atılan bombalardan 21-i Reyxsbankın binasına tuş gəldi. Bina tamamilə dağıldı, amma zirzəmidə saxlanılan qızıl, yerli və xarici valyutalar, eləcə də incəsənət əsərləri zərər görmədi. Bununla belə, anlaşıldı ki, Berlin belə sərvətlər üçün daha təhlükəsiz deyil.

Bombardmandan az sonra iqtisadiyyat naziri və Reyxsbankın prezidenti Valter Funk Berlində saxlanılan sərvətlərin bir hissəsinin başqa yerə köçürülməsi barədə göstəriş verdi. Yeni sığınacaq kimi Berlindən təxminən 300 km cənub-qərbdə yerləşən Merkers qəsəbəsi yaxınlığında yerləşən Kayzeroda duz şaxtası seçildi.

Buranın seçilməsi təsadüfi deyildi. Şaxta yerin yüzlərlə metr dərinliyində idi və o dövrün aviasiya bombaları üçün əlçatmaz idi. Üstəlik, köçürülən sərvətlər arasında təkcə qızıl, valyuta deyil, həm də incəsənət əsərləri vardı ki, şaxtanın quru havası onlar üçün münasib idi. 

Nasist qızılı necə toplanmışdı?

Nasist qızılının birinci mənbəyi “ariləşdirmə” (Arisierung) siyasəti çərçivəsində Almaniya yəhudilərindən müsadirə edilən sərvətlər və onların bir hissəsinin (ev, müəssisə, sənət əsərləri, müxtəlif avadanlıqlar və s.) hərracda satılması yolu ilə əldə olundu. 

1938-ci il noyabrın 9-10-da baş verən və “Büllur gecə” adını alan yəhudi poqromlarından sonra Almaniya hökuməti yəhudi icmasına, yəni poqroma məruz qalıb zərər çəkənlərə həm də 1 milyard marka cərimə tətbiq etdi.

Üçüncü reyxdən mühacirət etmək istəyən yəhudilərə “köç vergisi” tətbiq olunurdu: ölkədən çıxış icazəsi almaq üçün əmlakının 90 faizini dövlətin nəfinə keçirmək tələb olunurdu.

Anşlüsdən sonra Avstriya yəhudiləri, İkinci dünya müharibəsinin gedişində işğal olunan ölkələrdə yaşayan yəhudilər eyni aqibətlə üzləşdilər. Məsələn, əvvəlcə Almaniyanın müttəfiqi olan, lakin 1943-cü ilin sentyabrında tərəf dəyişən İtaliyanın paytaxtı Roma almanlar tərəfindən tutulanda işğal polisinin rəhbəri Herbert Kappler yəhudilərdən 50 kq qızıl tələb etdi. Yəhudilər fidyəni ödədilər, lakin bu, onları Auşvits ölüm düşərgəsinə deportasiyadan xilas etmədi.

Təkcə Almaniya və Avstriya yəhudilərindən 5,5-8 milyard marka dəyərində əmlakın müsadirə olunduğu təxmin edilir ki, bu da indiki dəyərlə 55-80 milyard ABŞ dollarına ekvivalentdir. İşğal edilən ölkələrdəki yəhudilərdən toplanan sərvətin dəyəri isə bu günün kursu ilə 450-625 milyard dollar civarında qiymətləndirilir. 

Nasist qızılının ikinci mənbəyi işğal olunan ölkələrdə ələ keçirdikləri qızıl ehtiyatları idi. 1938-ci ilin martında baş tutan anşlüsdən sonra Avstriyanın Milli Bankında saxlanılan 91 ton qızıl Berlinə aparıldı. Bu, nəhəng hərbi xərclər üzündən maliyyə vəziyyəti çox pisləşmiş Üçüncü reyx üçün göydəndüşmə oldu. 

Bir il sonra işğal edilən Çexiyanın qızılının bir hissəsi ələ keçirildi. Çexoslovakiyanın 96-97 ton qızılı vardı, lakin onun çox hissəsi ölkədən xaricdə saxlanılırdı. Bu səbəbdən almanlar əvvəlcə Praqadakı, daha sonra da müxtəlif manipulyasiyalarla xaricdə saxlanan qızılın bir hissəsini - təxminən yarısını - ələ keçirdilər. 

Almanlar 1939-cu il sentyabrın 1-də Polşaya hücum edəndə isə polyaklar öz qızıl ehtiyatlarını xilas edə bildilər. Artıq sentyabrın 4-də Polşa Bankının Varşavadakı zirzəmilərində saxlanılan 38 ton qızıl çıxarıldı və Rumıniya sərhədinə doğru istiqamət aldı. Yolüstü regional banklardan da toplanan qızılın çəkisi 80 tona çatdı. 

Almanların təzyiqinə baxmayaraq, Rumıniya Polşa qızılının tranzitinə icazə verdi. Qiymətli yük Konstansa limanında “Eocene” ingilis gəmisinə yükləndi. Gəmi sentyabrın 15-də hərəkət edərək qızılı İstanbula çatdırdı, oradan da qatarla Fransa mandatı altında olan Livana aparıldı. Bir müddət sonra Fransa Bankının Parisdəki zirzəmisində idi.

Bu hadisələrdən sayılı günlər sonra Rumıniyanın baş naziri Armand Kalinesku almanpərəst “Dəmir qvardiya” təşkilatının sui-qəsdi nəticəsində öldürüldü.

Almanlar Qərb cəbhəsində hücuma keçəndə Niderlandda 145 ton qızıl ələ keçirdilər. Belçika isə özünün 600 tonluq qızıl ehtiyatının 2/3 hissəsini əvvəlcədən ABŞ, Böyük Britaniya və Kanadaya göndərmiş, 198 tonunu isə Fransaya etibar etmişdi. Fransızlar alman hücumu qarşısında öz qızılları (2,5-2,8 min ton) ilə yanaşı Polşa və Belçika qızılını da Seneqala təxliyə etdilər. 

Amma Reyxin təzyiqinə tab gətirməyən Vişi hökuməti Belçika qızılını almanlara təhvil verdi. Bu isə Belçika rəsmilərinin etirazına və Nyu York məhkəməsinə müraciət etmələrinə səbəb oldu. Bir neçə il çəkən məhkəmənin qərarına görə, Fransa Belçika qızılını kompensasiya etməli idi. 

Nasistlərin son böyük talanı 1943-cü ilə qədər müttəfiqi olan İtaliyada baş tutdu. Qərb müttəfiqlərinin İtaliyaya qoşun çıxarmasından və Mussolininin devrilməsindən sonra yaradılan yeni hökumət İtaliyanın müharibədən çıxdığını elan etdi. Almanlar buna cavab olaraq ölkənin çox hissəsini işğal etdilər. İtaliyanın 119 tonluq qızıl ehtiyatı da müsadirə olundu. 

Ümumilikdə almanların işğal etdikləri ölkələrin banklarından 550-600 ton həcmində qızıl ələ keçirdiyi təxmin edilir ki, bu da indi təxminən 60-65 milyard dollar edir.

Nasist qızılının daha bir və ən məşum mənbəyi də həbs və ölüm düşərgələri idi. Buraya göndərilən dustaqların qiymətli metallardan olan bəzək əşyaları, saatlar, portsiqarlar, eynək çərçivələri müsadirə olunurdu. Ölən və ya öldürülənlərin isə qızıl dişləri, plombları çıxarılırdı. Merkersə göndərilən sərvətlərin də bir hissəsini həmin “qanlı qızıl” təşkil edirdi.

Əlbəttə, toplanan bu sərvətlərin hamısı toxunulmaz qalmamışdı. Qızılın çox hissəsi bitərəf ölkələrdən və ya onların vasitəsilə müxtəlif məhsulların alınmasına, hərbi xərclərə sərf olunmuşdu. Amma savaşın sonuna qədər qalan miqdar da az deyildi. 

Amerikalıların Merkersi tutması

1945-ci il martın 7-də ABŞ-ın 1-ci ordusunun tərkibində olan 9-cu tank diviziyasının əsgərləri Remagen yaxınlığında Reyn çayına yaxınlaşdılar və gördükləri mənzərədən heyrətləndilər. Almanlar Reyn üzərindəki digər bütün körpüləri partlatdıqları halda buradakı Lüdendorf dəmiryolu körpüsü salamat idi. Doğrudur, almanlar onu da partlatmağa çalışmışdılar, amma partlayıcıların gücü çatmamışdı. 

Zədələnsə də işlək vəziyyətdə olan körpünün üzərindən 6 diviziya keçdi və qarşı sahildə plasdarm əldə olundu. Almanlar aviasiya və V-2 raket zərbələri ilə körpünü uçurmağa çalışdılar. Körpü martın 17-də uçdu. Lakin bunun səbəbi almanların zərbələrindən daha çox (körpüyə atılan 11 ədəd V-2 raketindən heç biri hədəfə dəymədi), zədələnmiş körpünün üzərindən keçən ağır texnika idi. Körpü uçulanda amerikalılar çayın üzərindən artıq iki ponton körpü salmış və şərq sahilində uzunluğu 40 km-ə, dərinliyi isə 10-15 km-ə çatan plasdarm yaratmışdılar. 

Corc Pattonun 3-cü ordusu isə Reyn çayını martın 22-dən 23-ə keçən gecə Oppenhaym şəhəri ətrafında keçdi. Frankfurtdan şimal-şərq istiqamətində sürətlə irəliləyən ordu hissələri Türingiya vilayətinə daxil oldular və burada bir sıra yaşayış məntəqələrini, o cümlədən aprelin 4-də səhər saatlarında Merkersi ələ keçirdilər.

Elə həmin gün və sabahısı amerikalılar yaxınlıqdakı Kayzeroda şaxtasında nasist sərvətlərinin gizlədilməsi barədə məlumat almağa başladılar. İnformasiya şəhəri tutan taborun daxil olduğu 90-cı diviziyanın kəşfiyyat şöbəsinə ötürüldü. Diviziya komandanlığı şaxtanı mühafizə etmək üçün aprelin 6-da Merkersə daha iki tabor göndərdi. Şayiələr barədə məlumat həmin gün Pattona da çatdı. Tez-tez belə xəbərlər alan general bu məlumata çox da nikbin yanaşmadı. 

Aprelin 7-də amerikalılar 600 metrdən çox dərinliyə endilər. Onlar buradakı tuneldə 550 torba alman markası tapdılar. Yaxınlıqda yerləşən böyük zala gedən yolu isə ağır polad qapı bağlayırdı. Qapını açmaq cəhdləri uğursuz oldu və yaranmış vəziyyət barədə Pattona məlumat verildi. Ordu komandanı qapını partlatmağı əmr etdi.

Aprelin 8-də amerikalılar mühəndis-istehkam taborunun mütəxəssisləri ilə birlikdə şaxtaya endilər. İstehkamçılar qərara gəldilər ki, qapıdansa yanındakı divarı partlatmaq daha asandır. Partlayış nəticəsində uzunluğu 46, eni 23, hündürlüyü 3,5 metr olan zala giriş açıldı. 

Zalın ortasından keçən dəmiryolu xəttinin hər iki tərəfində içində qızıl külçələr olan minlərlə torba düzülmüşdü. Künclərin birində kağız əskinasların olduğu torbalar vardı. Digər tərəfdə 18 torba və 189 çamadan vardı. Onların hər birinin üzərində içindəkilərin siyahısı olan kağız və “Melmer” yazılmış birka vardı. Zalda həmçinin qiymətli sənət nümunələri vardı. Lakin onların daha çoxu zaldan kənarda, ətrafdakı tunellərdə tapıldı. 

Tərkibini yoxlamaq üçün kisələrin üzərindəki bəzi plomblar açıldı və təxmini siyahı tutuldu. Merkersdə tapılanlar bunlar idi: 

  • Hər biri 12,5 kq olan 8198 qızıl külçə;
  • 55 yeşik qeyri-standart qızıl parçaları;
  • 711 torba ABŞ-ın qızıl 20 dollarlıq sikkələri;
  • Almaniya və müxtəlif ölkələrin qızıl sikkələrindən ibarət yüzlərlə torba;
  • 9 torba əntiq sikkələr;
  • 2380 torba və 1300 yeşikdə 2,76 milyard alman markası;
  • Milyonlarla ABŞ dolları, Britaniya funtu, Fransa frankı, Norveç kronundan ibarət 80 kisə əskinas;
  • gümüş qab-qacaqla dolu 63 yeşik və 55 kisə;
  • 6 platin külçədən (ümumi çəkisi 12 kq-dan çox) ibarət 1 kisə;
  • 20 gümüş külçə və 40 kisə gümüş parçaları (ümumi çəkisi 1,6-1,7 ton);

Üzərində “Melmer” birkası olan və sonradan konslagerlərdən gəldiyi aşkarlanan sərvətlər:

  • Minlərlə qızıl və gümüş eynək çərçivələri;
  • Qiymətli daşlarla bəzədilmiş qızıl saatlar, portsiqarlar, üzüklər, sırğalar və boyunbağılar;
  •  8 kisə qızıl dişlər və plomblar.

Ümumi çəkisi 400 tondan çox olan incəsənət nümunələri:

  • Rembrandtın, Rubensin, Van Deykin, Tisianın, Rafaelin, Albrext Dürerin, Eduard Manenin və Renuarın orijinal tabloları;
  • İohan Volfqanq fon Götenin şəxsi orijinal əlyazmaları və kolleksiyası da daxil olmaqla qiymətli əlyazmalar, kitablar, qobelenlər;
  • Məşhur “Nefertiti büstü” də daxil olmaqla arxeoloji artefaktlar.

Aprelin 12-də ABŞ ordusunun üç yüksək rütbəli generalı - Müttəfiq qüvvələrin Baş komandanı Duayt Ayzenhauer, 12-ci ordular qrupunun komandanı Omar Bredli və Corc Patton Kayzeroda şaxtasına endilər. Şaxtanın köhnə lifti ilə hərəkət edərkən Patton qara yumorunu işə saldı: “Cənablar, liftin trosu qırılsa, ABŞ ordusunda vəzifə yüksəlişləri xeyli sürətlənəcək”. Ayzenhauer bu zarafatı qətiyyən gülməli hesab etmədi: “Yaxşı, Corc. Yenidən yerin üstünə çıxana qədər heç bir zarafat yoxdur”.

Generallar ələ keçirilən sərvətlərə maraqla və xoş əhvalda baxırdılar. Bredli hətta Ayzenhauerin “zarafat yoxdur” deməsinə rəğmən Pattonla zarafatlaşdı: “Corc, əvvəlki dövrlər olsaydı və sən bir ordunun başında bu qədər qənimət ələ keçirsəydin, indi dünyanın ən varlı adamı olardın!”

“Melmer yükü”nə yaxınlaşanda generalların əhvalı dəyişdi. Xüsusən qızıl dişlər və plomblar şiddətli ikrah hissi oyadırdı. Almanlara qarşı xüsusi nifrəti və bəzən müharibə qaydalarını pozması ilə tanınan Patton sonralar xatırlayırdı: “Bu, mənim həyatımda gördüyüm ən iyrənc, ən dəhşətli və ən çirkin sərvət idi”.

Həmin gün birlikdə şam edən generallar gecəyarıya az qalmış sarsıdıcı xəbər aldılar: prezident Franklin Delano Ruzvelt vəfat etmişdi. 

Sərvətlərin Merkersdən təxliyəsi

Əslində Kayzeroda şaxtasının mühafizəsini gücləndirib sərvətləri burada saxlamaq olardı, bir “əmma” olmasaydı. “Böyük üçlüyün” 1945-ci ilin fevralında Yaltada keçirilən konfransında məğlub Almaniyanın ABŞ, Böyük Britaniya, Fransa və SSRİ arasın işğal zonalarına bölünməsi razılaşdırılmış və həmin işğal zonalarının xəritəsi tərtib olunmuşdu. Merkersin daxil olduğu Türingiya vilayəti sovet işğal zonasına daxil idi və müharibə bitəndən sonra amerikalılar buradan çəkiləcəkdilər. Bu üzdən sərvətləri Amerika işğal zonasına düşən Frankfurt-Mayna təxliyə etmək qərara alındı. 

Aprelin 14-də sərvətlərin şaxtadan çıxarılmasına başlandı. Ertəsi gün 32 ədəd 10 tonluq maşından ibarət ilk karvan yola düşdü. Bu maşınlara əsasən qiymətli metallar və kağız əskinaslar yüklənmişdi. Daha qiymətli incəsənət əsərlərinin yükləndiyi 26 maşın isə aprelin 17-də Merkersdən çıxdı. Qalan nümunələr isə sonradan Frankfurta gətirildi. 

Müharibənin son günlərində ondan sonrakı günlərdə başqa yerlərdə də qızıllar tapıldı. Məsələn, İmperiya Təhlükəsizliyi Baş İdarəsinin (RSHA) rəhbəri Ernst Kaltenbrunnerin Avstriya Alplarında gizləndiyi villada 6 ədəd 12,5 kq-lıq külçə, 10 min qızıl sikkə, xeyli ABŞ dolları və İsveçrə frankı tapıldı. 

ABŞ, Böyük Britaniya və Fransa Merkers və başqa yerlərdə tapdıqları sərvətlərlə necə davranacaqlarını müəyyənləşdirmək üçün 1946-cı ildə Monetar Qızılın Restitutsiyası üzrə Üçtərəfli Komissiya (Tripartite Commission for the Restitution of Monetary Gold, TCRMG) yaradıldı. 

Komissiya əlində olan 337 ton qızılı “vahid qızıl fondu”nda topladı (“Melmer qızılı” qatılmadan) və qızılı talan olunmuş ölkələrə müraciət edərək iddialarını sənədlə sübut etmələrini istədi. Albaniya, Avstriya, Belçika, Çexoslovakiya, İtaliya, Lüksemburq, Niderland, Polşa, Yuqoslaviya və Yunanıstanın müraciəti qeydə alındı. 

Üçtərəfli komissiya müəyyən etdi ki, əlində olan qızıl ölkələrin itkilərini tam kompensasiya etməyə imkan vermir. Hesablamalardan sonra hər ölkəyə itirdiyi qızılın təxminən 2/3 hissəsini qaytarmaq qərara alındı. 

İddiaçı ölkələr arasında Belçika Nyu York məhkəməsinin qərarına əsasən öz qızılının hamısını (198 ton) Fransadan almışdı. Bu həcmin 2/3 hissəsi Fransaya ödənməli idi. Komissiya müəyyən etdi ki, fransızlar Almaniyanın müxtəlif yerlərində təxminən 39 ton qızıl müsadirə ediblər. Bu məbləğ çıxıldıqdan sonra Fransaya daha 90,6 ton qızıl verildi. Avstriya, İtaliya, Lüksemburq, Niderland və Yunanıstanın payı da tezliklə ödəndi. 

Dörd sosialist ölkəsi ilə bağlı isə problem yarandı. Yuqoslaviya və Çexoslovakiyada hakimiyyətə gələn kommunistlər Qərb vətəndaşlarına məxsus müəssisələri milliləşdirmişdilər və buna görə Belqrad və Praqadan kompensasiya tələb olundu. Stalinlə münasibətləri kəskinləşən Yuqoslaviya lideri İosip Broz Tito bu şərti artıq 1948-ci ilin iyulunda qəbul etdi və 17 milyon (indiki kursla: 230 milyon) dollar kompensasiya ödədikdən sonra həm ABŞ-da saxlanılan qızılını, həm də almanların və italyanların qarət etdikləri 21,2 ton qızılın bir hissəsini aldı. 

Çexoslovakiya isə yalnız 1982-ci ildə 96 milyon (indiki kursla: 330 milyon) dollar ödədikdən sonra öz payına düşən qızılı (18,4 ton) aldı. 

Polşa öz qızılının 80 tonunu xilas etsə də 2,475 ton qızılının almanlar tərəfindən ələ keçirilməsi Üçtərəfli komissiya tərəfindən tanındı və ona 1,562 ton kompensasiya ayrıldı.  Amma nəinki bu payın, Qərbə qaçırılan 80 ton qızılın da qaytarılmasında problem yarandı. Qərb ölkələri mühacir Polşa hökumətinin mövcudluğunu əsas gətirərək nəhəng həcmdə qızılı kommunist hakimiyyətinə vermək istəmirdi.

Uzun sürən danışıqlardan sonra 1961-ci ilə tarixi artefaktlar və sənət əsərləri qaytarıldı. Qızıl isə yalnız kommunist hakimiyyəti süqut edəndən sonra polyakların ixtiyarına verildi. Amma Varşava qızılı hələ 30 il ərzində Londonda saxlamağa üstünlük verdi və yalnız 2019-cu ildə 100 ton qızıl (faizləri ilə birlikdə) fiziki olaraq Varşavaya gətirildi. Albaniyanın qızılı isə yalnız 1996-cı ildə qaytarıldı.

Merkers şaxtasında tapılan 400 tonluq incəsənət nümunələri isə amerikalı sənətşünaslardan ibarət məşhur "Monuments Men" komandasının nəzarətinə verildi. Detallı ekspertizadan sonra tabloları və artefaktlar aid olduqları muzeylərə qaytarıldı.

Üçtərəfli komissiya ölüm düşərgələrindən gələn “Melmer qızılı”nı digər qızıllara qatmaqdan imtina etdi. Bu kirli qənimət BMT-nin Qaçqınlar üzrə Beynəlxalq Komitəsinə təhvil verildi. Komitə qızılı əridib qanuni şəkildə satdı, qiymətli daşlar hərraclara çıxarıldı. Əldə olunan vəsaitin 90 faizi Holokost qurbanlarına, 10 faizi isə savaşın digər qurbanlarına ayrıldı.  

Monetar Qızılın Restitutsiyası üzrə Üçtərəfli Komissiya Albaniyanın payını ödədikdən iki il sonra, 1998-ci il sentyabrın 9-da fəaliyyətini dayandırdı.