Logo
news content

Ölüm sükutu, çarəsiz iniltilər, cəsədlər üzərində andiçmə...
İmperatorun tacqoyma mərasimi kütləvi ölümlə nəticələndi

130 il əvvəl, 1896-cı il mayın 30-da (köhnə təqvimlə mayın 18-də) Rusiyada Xodın faciəsi baş verdi. II Nikolayın tacqoyma mərasimi münasibətilə Moskva ətrafındakı Xodın çölündə keçiriləcək xalq gəzintisi zamanı baş verən sıxlıqda, rəsmi məlumata görə, 1389 nəfər öldü, təxminən 1300 nəfər ağır xəsarət aldı.

*** 

Xodın çölü Leninqrad prospektinin başlanğıc hissəsinin qərbində yerləşir; demək olar ki, Belorus vağzalının arxa tərəfində idi. 1896-cı ildə isə Xodınka şəhər hüdudlarından kənarda qalırdı. XIX əsrin sonlarında bu ərazi həqiqətən də seyrək tikililərlə əhatələnmiş, Moskvanın yaxın ətrafında yerləşən geniş bir çöl idi.

Hələ II Yekaterinanın dövründən bu çöl dövlət miqyaslı mühüm hadisələr münasibətilə xalq şənliklərinin keçirildiyi yerə çevrildi. 1775-ci ildə imperatriçənin əmri ilə burada Türkiyəyə qarşı müharibədə qazanılmış qələbə qeyd edildi. Qədim, hələ orta əsrlərdən qalan ənənəyə görə, belə bayramlar sadə xalq üçün kütləvi ərzaq paylanması ilə müşayiət olunurdu. Məşhur memar Vasili Bajenovun layihəsinə əsasən Xodın çölü həmin vaxt rəmzi olaraq Qara dəniz sahillərinə çevrildi — taxtadan qurulmuş tamaşa köşkləri və yeməkxanalar fəth edilmiş türk qalalarını və Krım şəhərlərini simvolizə edirdi.

Rusiyanın son üç imperatorunun tacqoyma mərasimləri Xodın çölündə keçirilən kütləvi — o dövr üçün görünməmiş dərəcədə kütləvi — xalq şənlikləri ilə müşayiət olundu. Məhz Kremlin özündən düz xətlə uzanan Tver küçəsinin gətirib çıxardığı bu meydanda əhalinin ən çoxsaylı təbəqələri üçün bayram təşkil etmək əlverişli idi. Aristokratiya və orta təbəqə tacqoymanı Moskvanın saraylarında, teatrlarında və parklarında qeyd edirdi.

Nəzərə almaq lazımdır ki, həmin dövrdə yeni çarın tacqoyması insan həyatının ən mühüm, ən möhtəşəm və həqiqətən dini xarakter daşıyan hadisəsi sayılırdı. Az adam iki tacqoyma mərasimi görmək imkanı əldə edirdi; əksəriyyət üçün bu, misli görünməmiş, həyəcanverici və ömür boyu yadda qalan tamaşanın şahidi olmaq üçün yeganə şans idi. Üstəlik, əlçatan əyləncələrin sayı çox az idi. Tacqoyma mərasimi bu baxımdan rəqabətsiz idi və həmişə pulsuz qonaqlıqla müşayiət olunurdu.

Hakimiyyət bu tədbirin həm sakral, həm də siyasi əhəmiyyətini yaxşı anlayırdı. Buna görə də tacqoyma mərasimləri xərclərə baxmadan mümkün qədər təntənəli və dəbdəbəli təşkil edilirdi. Paradlar, dualar, maskaradlar, atəşfəşanlıqlar və “illüminasiyalar” — hər vasitədən maksimum istifadə olunurdu. Keçmiş paytaxt Moskvada tədbirlər bir neçə gün davam edir, Xodınkadakı pulsuz qonaqlıq isə həmişə bayramın zirvə nöqtələrindən birinə çevrilirdi.

Xatırladaq ki, XIX əsrin sadə adamı əti nadir hallarda yeyirdi, üzüm şərabları isə onun üçün bahalı nemət sayılırdı. “Çarın süfrəsinə nahara...” — həmin dövrün savadlı şahidləri bu cür mərasimlərə toplaşan sadə xalqın əhval-ruhiyyəsini belə xarakterizə edirdilər. Burada çara Tanrının göndərdiyi hökmdar kimi səmimi və həqiqətən ruhani münasibət bizim müasirimiz üçün də tam anlaşılan başqa bir istəklə — doyunca və pulsuz əylənmək arzusu ilə birləşirdi.

*** 

Məşhur faciədən 40 il əvvəl, 1856-cı ildə, II Aleksandrın tacqoyma mərasimi zamanı Xodınkada yeni çarın səxavətindən yemək və içmək üçün təxminən 200 min sadə insan toplaşmışdı. Hələ təhkimçilik sisteminin mövcud olduğu o dövrün şərtlərində bu, görünməmiş rəqəm idi. Həmin vaxt da idarəolunmaz kütlənin törətdiyi basabas və özbaşınalıqlar baş vermişdi: insanlar leysan yağışı altında ziyafət pavilyonlarına və şərab fəvvarələrinə hücum çəkirdilər. Xoşbəxtlikdən, həmin gün yaranan sıxlıq ölüm halları ilə nəticələnmədi və yalnız onlarla insan xəsarət aldı.

Bununla belə, Xodınka tamamilə dağıdıldı — nəhəng insan kütlələri bir neçə dəqiqə ərzində pulsuz yeməklərin paylandığı bütün tikililəri parça-parça etdilər. On minlərlə qızardılmış toyuq və qoyun, təxminən 70 ton vetçina və kolbasa, 13 min litr qırmızı şərab, 40 min litrə yaxın pivə, həmçinin 49 920 piroq və 14 580 qalac (arxivlər bu dəqiq rəqəmləri qoruyub saxlayıb) bir göz qırpımında yoxa çıxdı.

Bir nəsil sonra, 1883-cü ildə imperator III Aleksandrın tacqoyması keçirildi. Əvvəlki çar inqilabçı-terrorçular tərəfindən öldürüldüyündən, tədbirlər ən yüksək təhlükəsizlik tədbirləri altında təşkil olundu. Moskvada asayişi qorumaq üçün ordu və polisə əlavə olaraq ətraf kəndlərdən 20 min kəndli xüsusi drujinalara cəlb edilmişdi.

Həmin vaxt Xodın çölündə “çar süfrəsinə” artıq azı 300 min nəfər toplaşdı. “Rus xalqı çar qonaqlığı anlayışına, ona bol-bol yemək və içki paylayan səxavətli əllərə alışıb” — yeni çarın taxta çıxması ilə bağlı bütün mərasimlərə rəhbərlik edən imperiyanın əsas qurumu olan Tacqoyma Komissiyasının sənədlərində həmin günlərdə belə yazılmışdı.

Rəsmi hesabatlarda isə “Xodın çölündəki xalq şənliklərinin heç bir hadisə baş vermədən keçdiyi” yazılmışdı. Doğrudur, həmin gün izdiham 32 nəfəri tapdalayaraq öldürdü. Görünür, III Aleksandr dövrünün bürokratları belə hadisələri tam səmimiyyətlə “heç bir hadisə olmadan” kimi qiymətləndirirdilər.

Bu gün 32 insanın həlak olması faciə kimi qəbul edilir, hətta matəm elan oluna bilər. Lakin hər üçüncü körpənin öldüyü, savadsız kəndlinin isə qanunla rəsmən ən aşağı təbəqəyə mənsub sayıldığı bir dövrdə belə hadisələr parlaq və möhtəşəm keçən təntənələrin əhəmiyyətsiz təfərrüatı hesab olunurdu.

Üstəlik, 1883-cü il tacqoyma mərasimində ilk dəfə olaraq Xodınkada insanlara yalnız əyləncələr göstərilmirdi (məsələn, kəndirbazlar və təlim görmüş meymunlar vardı), onları təkcə pulsuz yedirdib-içirmirdilər, həm də hər kəsə hədiyyə paylayırdılar — iki piroq, konfet dolu kiçik bir bağlama və gerbli gil kuzə.

Taxta çıxan yeni imperator on üç il sonra, 1896-cı ildə hədiyyələrin zənginliyinə görə atasını geridə qoymaq qərarına gələcəkdi. Görünür, məhz çar səxavətinin suveniri uğrunda bu yarış Xodınka üçün sonda taleyüklü oldu.

***

II Nikolayın tacqoyma mərasimləri 1896-cı il mayın 18-də Moskvada başladı. O vaxta qədər qədim paytaxt ölkənin hər tərəfindən gəlmiş insanlarla o qədər doldu ki, şahidlərin xatirələrinə görə, yaşayış yerlərinin, faytonların və digər xidmətlərin qiyməti beş-altı dəfə artdı.

Xodın çölündə xalq şənlikləri tacqoyma tədbirlərinin on ikinci gününsə keçiriləcəkdi. Səxavətli ziyafət və görünməmiş hədiyyələr barədə söz-söhbətlər hələ öncədən yayılmağa başlamışdı.

Həqiqətən də, Xodınkada qurulmuş onlarla taxta bufet və köşkdə xalqa pulsuz olaraq yarım milyon litr təkcə pivə və medovuxa (tərkibində bal olan zəif alkoqollu içki) paylamaq nəzərdə tutulurdu. Bundan başqa, 150 köşk 400 min ədəd çar hədiyyəsi paylamalı idi. 1883-cü ildəki əvvəlki tacqoyma mərasiminin təcrübəsinə əsaslanaraq hesab etmişdilər ki, Xodınkaya maksimum 400 min adam gələcək və hədiyyələr hamıya artıqlaması ilə çatacaq.

Yeni çarın hədiyyəsi o dövr üçün kifayət qədər səxavətli idi — bir baton çörək və üzərində Kremlin və çar cütlüyünün təsviri olan parlaq çit yaylıq.  

Yaylığın içərisinə yarım funt (təxminən 200 qram) kolbasa, ballı pryanik və təxminən 300 qram şirniyyatdan ibarət bağlamalar qoyulmuşdu. Bunlara karamel, qoz, sidr qozu, bir qədər kişmiş, qurudulmuş əncir və qara gavalı daxil idi. Çar hədiyyəsinin ən qiymətli hissəsi isə üzərində imperator monoqramları, gerb və qızılı haşiyə olan emallı fincan idi.

Emallı qab-qacaq o dövrdə aşağı sosial təbəqələr üçün nadir əşya sayılırdı. Hakimiyyət isə, öz fikrincə,  tacqoyma mərasimlərinə daha çox insan cəlb etmək üçün, çox uğurlu reklam gedişi fikirləşmişdi. Həmin fincanları Moskvanın bir çox mağazalarında əvvəlcədən nümayiş etdirildi, lakin onların satışı qadağan idi.

 

Həmin hadisələrin şahidi olan yazıçı və məşhur Moskva tarixçisi Vladimir Gilyarovski sonralar xatırlayırdı: “Qəşəng emallı, ağ fon üzərində qızılı naxışlı və gerbli, rəngbərəng bəzədilmiş fincanlar bir çox mağazalarda nümayiş etdirilirdi. Və hər kəs Xodınkaya bayram üçün deyil, belə bir fincan əldə etmək üçün gedirdi...”

Şənliklər və çar hədiyyələrinin paylanması yeni təqvimlə mayın 30-da saat 10-da başlamalı idi. Lakin insanlar Xodın çölünə hələ əvvəlki günün günorta saatlarından on minlərlə axışmağa başlamışdılar. Mayın 29-dan 30-na keçən gecə artıq yüz minlərlə insan toplaşmışdı və gecənin qaranlığında kütlələr idarəolunmaz izdihama çevrilirdi. İlk qurbanlar da məhz o zaman meydana çıxdı.

Təşkilatçılar maksimum 400 min nəfər gözləyirdilər. Görünür, sadəlövhcəsinə hesab edirdilər ki, bu qədər böyük insan kütləsi səhərdən günortayadək mərhələlərlə meydana yığılacaq. Halbuki mayın 30-u sübh açarkən Xodınkada azı yarım milyon insan vardı. Daha yüksək qiymətləndirmələrə görə isə onların sayı 600–700 min arasında dəyişirdi.

Üstəlik, faciənin yetişdiyi məkanda əvvəlcədən yalnız köşkləri və bufetləri qoruyan azsaylı mühafizəçilər vardı. Asayişi təmin etməli olan əsas polis və hərbi qüvvələr yalnız mayın 30-u səhər gəlməli idilər.

Arxiv materiallarına görə, şahidlər faciənin mərkəzinin Xodınkadakı bufetlər boyunca uzanan xəndək olduğunu bildirirdilər. Gilyarovski basabasın ilk anlarını belə təsvir etmişdi:

“Xalq hələ əvvəlki gün, az qala günortadan toplaşmağa başladı. Gecə isə Moskvanın hər tərəfindən, fabriklərdən və kəndlərdən axın başladı, Tver, Presnya və Butırka zastavalarına bitişik küçələr tamamilə insanlarla doldu. Çoxlu çalalar qazılmış nəhəng meydan gecəyarı bir yandan bivaka, bar yandan da yarmarkaya bənzəyirdi. Daha hamar yerlərdə, şənlik meydanından aralıda kəndlərdən gələnlərin arabaları, qəlyanaltı və kvas satan tacirlərin arabaları dayanmışdı. Bəzi yerlərdə tonqallar qalanmışdı. Sübh açanda bu bivak canlanmağa, hərəkətə gəlməyə başladı. Xalq kütlələri dalbadal gəlirdi. Hər kəs bufetlərə daha yaxın yer tutmağa çalışırdı. Az adam bufet köşklərinin yaxınlığındakı ensiz və hamar zolaqda yer tuta bilmişdi, canlı və dalğalanan dənizi xatırladan qalanları isə nəhəng, 30 sajenlik xəndəyi doldurmuşdu... Gecə saat üçdə hamı tutduğu yerdə dayanmışdı, lakin arxadan gələn yeni insan kütlələrinin təzyiqi altında getdikcə daha çox sıxılırdı. Saat beşə yaxın toplaşan insanların sayı son həddə çatmışdı — ən azı bir neçə yüz min nəfər”.

Kütlə sanki donub qalmışdı. Nə qolu tərpətmək, nə də hərəkət etmək mümkün idi. Xəndəkdə hər iki hündür yamaca sıxışdırılmış adamların tərpənməyə heç bir imkanı yox idi. Xəndək ağzınadək dolmuşdu və vahid bir kütləyə çevrilmiş insan başları hamar səth yaratmırdı; xəndəyin çuxur-çuxur dibinə uyğun olaraq gah alçalır, gah da yüksəlirdi.

Dəhşətli sıxlıq vardı. Çoxlarının halı pisləşirdi, bəziləri huşunu itirirdi, lakin nə çıxmağa, nə də yerə yıxılmağa imkan tapırdı. Huşunu itirmiş, gözləri qapalı insanlar məngənədə sıxılmış kimi kütlə ilə birlikdə yellənirdi. Bu vəziyyət təxminən bir saat davam etdi...

*** 

Sonralar məşhur rejissor və Moskva Bədaye Teatrının yaradıcılarından biri kimi tanınacaq Vladimir Nemiroviç-Dançenko həmin vaxt populyar “Niva” jurnalının müxbiri idi. O da 1896-cı il mayın 30-u səhərinin dəhşətli mənzərəsini belə təsvir edirdi: “Basabas gecədən başlamışdı. Bufetlərin qarşısındakı meydan o qədər dolu idi ki, artıq səhər saat üçə yaxın orada əzilərək ölənlər vardı... Bütün dərə insanla dolmuşdu — çiyin-çiyinə, baş-başa. Şahidlər maraqlı bir təfərrüat danışırdılar: bu sıx insan kütləsinin üzərində yüz minlərlə adamın nəfəsindən yaranan mavi buxar təbəqəsi görünürdü... Bu nəhəng kütlə səbirlə gözləyirdi, Moskvadan gələn yeni izdiham yaxınlaşdıqca daha da sıxlaşırdı. Dərədə sıxılmış kütlənin içindən vaxtaşırı yeniyetmələr çıxır, dörd ayaq üstə insanların başları üzəri ilə sürünərək irəliləyirdilər. Moskvaya tərəf sürünənlər azadlığa çıxırdı, digərləri isə səhvən və ya hədiyyələrə çatacaqlarına ümid edərək bufetlər tərəfə yönəlir, orada isə ölümlərini tapırdılar. Hər tərəfdən qışqırıqlar eşidilirdi, amma insanlar artıq halı pisləşənləri və ya əzilənləri xilas edə bilmirdilər. Saat beşə yaxın dərənin önündə yer tutanlar belə geri çəkilə bilmirdilər. Kütləni yarıb çıxmağa çalışanlar insan selində dalğalanma yaradır, lakin xilas ola bilmirdilər..."

Qismət elə gətirmişdi ki, Gilyarovski həmin basabasdan sağ çıxmışdı (onu Xodınkaya gətirən faytonçu isə basabasda həlak olmuşdu). Yazıçı insanların kütləvi şəkildə can verdiyi o dəhşətli anları belə təsvir edir: “Bizi sıxdılar, arxadan gələn kütlə isə xəndəyi getdikcə daha möhkəm doldururdu və o, ulayan insanların vahid, sıxılmış kütləsinə çevrilmişdi. Bəzi yerlərdə uşaqları yuxarı qaldırırdılar və onlar insanların başları və çiyinləri üzərindən sürünərək açıq yerə çıxırdılar. Qalanları isə hərəkətsiz idi: hamı birlikdə yellənirdi, ayrı-ayrı hərəkətlər yox idi. Birdən kimsəni kütlə yuxarı qaldırırdı, çiyinləri görünürdü — deməli, ayaqları havada idi, torpağa dəymirdi... Budur, qaçılmaz ölüm! Həm də necə ölüm! Meh də əsmirdi. Başımızın üzərində üfunətli buxardan ibarət bir pərdə asılmışdı. Nəfəs almaq mümkün deyildi. Ağzını açırsan, qurumuş dodaqların və dilin havanı və nəmi axtarır... Ətrafımızda ölüm sükutu hökm sürürdü. Hamı susurdu, yalnız inilti və ya pıçıltılar eşidilirdi. Bəlkə dua edirdilər, bəlkə də lənət oxuyurdular. Mənim gəldiyim tərəfdə isə fasiləsiz səs-küy, qışqırıq və söyüşlər vardı. Orada, hər halda, həyat vardı. Bəlkə də ölümqabağı çırpınışlar idi, amma burada — köməksizlik içində sakit, iyrənc bir ölüm hökm sürürdü...”

Fəlakət 30 may səhəri saat 5 ilə 6 arasında baş verdi və 15 dəqiqədən artıq çəkmədi. Birdən belə bir əsassız şayiə yayıldı ki, hədiyyə paylamalı olan şəxslər onları altdan-altdan öz tanış-bilişlərinə paylamağa başlayıblar. Nəhəng kütlə hədiyyə paylanılacaq çadırlara tərəf götürüldü. Xodın çölünün səthi isə rəvan deyildi, bəzi yerlərdə təpələr, çalalar vardı. Büdrəyib yıxılanların üzərindən yüzlərlə, minlərlə adam keçdi. Üzərinə gələn insan selindən dəhşətə gələn paylayıcılar torbaları kütlənin üstünə atmağa başladılar. Bu vəziyyəti daha da ağırlaşdırdı. Qısa müddət ərzində idarəolunmaz nəhəng insan kütləsində rəsmi məlumatlara görə 1389 nəfər həlak oldu. 1300-dən çox adam ağır yaralandı, zərərçəkənlərin ümumi sayı isə minlərlə idi.

Xodın çölü, digər təyinatları ilə yanaşı, Moskva qarnizonunun əsgərləri üçün təlim poliqonu kimi də istifadə olunurdu. Buna görə ərazi xəndəklər və çuxurlarla dolu idi. Tacqoyma mərasimləri ərəfəsində onların üzəri taxtalarla örtülərək qumla basdırılmışdı. Həmin dəqiqələrdə izdihamın arasında sıxılıb qalan bir çox insan üçün bu çuxurlar tələyə və... məzara çevrildi.

O dövrdə videoyazı yox idi, reportaj fotoqrafiyası isə hələ nadir hadisə sayılırdı. Buna görə şahidlər və jurnalistlər baş verənləri son dərəcə ətraflı, naturalist şəkildə təsvir edir, ən dəhşətli təfərrüatları belə gizlətmirdilər.

Fəlakətdən bir-iki saat sonra, ölümcül qorxuya düşmüş izdiham ətrafa dağıldıqda (qorxu, yeri gəlmişkən, hədiyyə köşklərinin bir hissəsinin talan edilməsinə mane olmamışdı), sağ qalanlar basabasda itirdikləri qohumlarını axtarmağa başladılar.

Nemiroviç-Dançenko həmin dəqiqələri, bəlkə də basabasın özündən geri qalmayan dəhşətlə belə xatırlayırdı: “Bir qrup meyitin yanına mənimlə birlikdə qırx yaşlarında bir kişi yaxınlaşdı... Birdən boğuq bir inilti çıxardı. Ona baxdım — başını arxaya atmış bir gəncin meyitinə geniş açılmış gözlərlə baxırdı. Sonra qəfil gözlərini yumdu və yerindən tərpənmədən pıçıldadı: “Nikolka! Nikolka! İlahi, rəhm et!” Sonra yenidən gözlərini açdı, diqqətlə baxdı və ağrılı bir təbəssümlə mənə dedi: “Yox, o deyil. Oğlumu itirmişəm. Belə bir oğlan görəndə mənə elə gəlir ki, mənim Nikolkamdır. Yox, evə gedəcəyəm. Bəlkə yazıq məni gözləyir, özü də narahatdır...” O qətiyyətlə uzaqlaşdı, amma on beş dəqiqə sonra yenidən ona rast gəldim. Getməyə iradəsi çatmırdı. Üzü avazımış, baxışları çaşqın idi. “Nə qədər çalışsam da evə gedə bilmirəm. Elə bilirəm, bəlkə Nikolka haradasa burada uzanıb...” — deyə o, xəstə otağında danışırmış kimi asta səslə mənə söylədi".

*** 

Faciənin özü qədər sarsıdıcı olan başqa bir məqam isə hakimiyyətin sonrakı reaksiyası, daha doğrusu, heç bir açıq reaksiyasının olmaması idi. Zərərçəkənlərə həmin dövrün imkan verdiyi qədər tibbi və maddi yardım göstərildi. Lakin rəsmi tacqoyma mərasimlərinin proqramında nəzərəçarpacaq heç bir dəyişiklik edilmədi.

Faciədən cəmi yeddi saat sonra II Nikolay təntənəli şəkildə Xodın çölünə gəldi. Yeni çar, az əvvəl meyitlərin tələsik yığışdırıldığı ərazidə xüsusi seçilmiş xalq nümayəndə heyətlərinin təbriklərini qəbul etdi. Bu mənzərə bir çox müasirlər üçün şok oldu.

Gilyarovski, özü də həmin basabasdan möcüzə nəticəsində xilas olmuş bir şahid kimi yazırdı: “Meyitlərin üzərində bayram başladı! Uzaqdakı köşklərdə hələ də hədiyyələr paylanırdı. Proqram yerinə yetirilirdi: estradada xorlar mahnı oxuyur, orkestr isə gurultu ilə çalırdı...”

Xodınkada basabasın ən dəhşətli anlarında bir neçə dəqiqə ərzində həlak olanların sayı, 16 il sonra baş verən məşhur “Titanik” qəzasında ölənlərin sayından bir qədər az idi. Dünya müharibələrindən və iri texnogen fəlakətlər dövründən əvvəlki bir zamanda bir neçə dəqiqə ərzində minlərlə ölü və yaralı — son dərəcə böyük itki sayılırdı.

Ölkə baş verənlərin miqyasını dərhal dərk etmədi. Qəzetlər təzyiq altında bu barədə yazmamağa çalışırdılar. Lakin tacqoyma günü baş vermiş bu faciə həm sadə xalqın, həm də cəmiyyətin savadlı təbəqələrinin yaddaşına dərin həkk olundu.

Hələ də orta əsrlərdən qalma dini dünyagörüşünü qoruyan kəndlilər üçün bu fəlakət uğursuz hökmdarlığın əlaməti kimi qəbul edilirdi. Cəmiyyətin təhsilli hissəsi üçün isə pis “əlamət” hakimiyyətin və çarın faciəyə açıq reaksiya verməməsi oldu.

Müasirlərdən biri yazırdı: “Bu hadisə, xüsusilə sadə xalq arasında, sarsıdıcı təəssürat yaratdı. Şişirdilmiş şayiələr ən ucqar kəndlərədək yayılmışdı. Hamı əmin idi ki, çar qarşıda nəzərdə tutulan balları və şənlikləri ləğv edəcək...”

Lakin heç nə ləğv olunmadı.

Sonuncu rus imperatoru Xodınka faciəsinin miqyasını, əlbəttə, anlayırdı. Amma bunu çox özünəməxsus şəkildə dərk edirdi — sanki faciə onun tacqoyma mərasiminin ağ mantiyası üzərinə düşmüş xoşagəlməz bir ləkə idi.

130 il əvvəl II Nikolay şəxsi gündəliyində belə yazmışdı: “İndiyədək, Tanrıya şükür, hər şey yağ kimi gedirdi, amma bu gün böyük bir bədbəxtlik baş verdi...”

Faciə səhər tezdən baş vermişdi, həmin günün axşamı isə yeni çar və çariça Fransanın səfirliyində təşkil olunmuş balda rəqs edirdilər.

Bir sıra yüksək vəzifəli məmurlar minlərlə zərərçəkənin fonunda heç olmasa bu tədbirin ləğv edilməsini məsləhət görmüşdülər. Lakin o vaxt maliyyə naziri olan Sergey Vitte sonralar xatırlayırdı: “İmperator bu fikirlə qətiyyən razılaşmadı. Onun fikrincə, bu fəlakət çox böyük bədbəxtlik idi, lakin elə bir bədbəxtlik ki, tacqoyma bayramına kölgə salmamalıdır. Bu mənada Xodın faciəsi iqnor olunmalıdır...”

Ancaq nəticədə ona məhəl qoymamaq mümkün olmadı. Cəmiyyət nə faciəni, nə də ölkənin ali hakimiyyətinin ona göstərdiyi münasibəti unutdu.

Təsadüfi deyil ki, Xodın faciəsindən on il sonra və monarxiyanın süqutundan xeyli əvvəl Gümüş dövrün ən məşhur şairlərindən biri olan Konstantin Balmont aşağıdakı peyğəmbəranə misraları yazmışdı:

“Xodınka ilə hökmranlığa başlayan,
Eşafota çıxmaqla bitirəcək”

Bu misralar sonradan II Nikolayın taleyi ilə əlaqələndirilərək tez-tez xatırlanacaqdı.