Qalibsiz döyüş: Bakıdan gedən sirli qonaq Kasparovu necə xilas etdi?
Şahmat tarixinin ən uzun matçı ən gözlənilməz faktlarla yadda qaldı
16 Sentyabr 2026
1984-cü il sentyabrın 9-da Anatoli Karpov və Harri Kasparov arasında şahmat üzrə dünya çempionluğu uğrunda matç başladı. Karpov artıq 9 il idi ki, dünya çempionu adını daşıyırdı. 21 yaşlı Harri Kasparov isə namizədlər turnirində qalib gələrək şahmat tacı uğrunda oynamaq hüququ qazanmışdı.
Bu matç şahmat tarixində xüsusi yer tutur. İlk növbədə ona görə ki, qalib müəyyənləşmədi. Reqlamentə görə 6 partiyanı udan tərəf çempion olacaqdı. Amma 159 gün ərzində oynanılan 48 partiyadan sonra nə Karpov, nə Kasparov 6 qələbə qazandı və FİDE prezidenti Florensio Kampomanes şahmatçıların sağlamlığını əsas göstərərək matçı dayandırdı.
Harri Kasparovun “Limitsiz matç” kitabında həmin qarşılaşmadan bəhs edən “Üz-üzə” adlı fəsli ixtisarla təqdim edirik.
Sentyabrın 10-da Karpov şahmat taxtasında e2-dəki vəzir piyadasını e4-ə sürdü və şahmat tarixinin ən uzun matçı başladı. Matçın keçirildiyi yer İttifaqlar evinin Sütunlu salonu idi. Elə həmin salonda, doqquz il əvvəl Maks Eyve Karpovu dünya çempionu elan etmişdi.

Matç elə bir ssenari üzrə inkişaf edirdi ki, onu, yəqin ki, heç Kassandra belə əvvəlcədən təxmin edə bilməzdi. Sonralar öyrəndim ki, “Oqonyok” jurnalı müsabiqə elan edibmiş: oxucular matçın nəticəsini, davametmə müddətini və imkan daxilində gedişatını proqnozlaşdırmalı idilər. Aydındır ki, bütün mükafatlar redaksiyada qaldı. Baş verənləri əvvəlcədən təsəvvür etmək mümkün deyildi
İlk doqquz partiyanın dördünü uduzdum.
Təsəvvür edin: əvvəlki iki il ərzində cəmi üç partiya uduzmuşdum, burada isə birdən-birə dörd məğlubiyyət! Deyə bilərəm ki, pis oynayırdım. Baxmayaraq ki, burada məşhur bir yanlışlıq var: hər məğlub olan deyir ki, pis oynayıb, amma qalib nədənsə bunun əksini söyləyir: rəqib güclü idi, amma mən daha güclü idim. Bunu bildiyim halda yenə də israr edirəm ki, pis oynayırdım. Şahmatçı kimi Karpov məndən daha hiyləgər və daha çevik idi, ümumiyyətlə təcrübəsini, xüsusən də matç mübarizəsindəki təcrübəsini hələ demirəm.
Matça kəşfiyyatsız başladıq, nə olursa-olsun, oyun təşəbbüsünü ələ keçirməyə çalışırdıq. Bir neçə kobud səhvə yol verdim, xüsusən də 2-ci partiyada. Adətən qalib gəldiyim tipdə bir vəziyyət yarandı, amma Reymond Kinin sözləri ilə desək, “Kasparovun üzərinə sanki qaranlıq çökdü”. Sonda Karpov vaxt çatışmazlığında qalibiyyət gətirən davamı qaçırdıqdan sonra heç olmasa daimi şah vermək imkanının qarşıma çıxmasına artıq sevinirdim.
3-cü partiyada debütdə şübhəli bir yenilik tətbiq etdim, sonra isə yaranmış problemləri həll etməyə çalışarkən piyadanı qeyri-korrekt qurban verdim. Karpov bu səhvlərdən cərrah dəqiqliyi ilə istifadə etdi və ilk dəfə öz skalpelinin buz kimi soyuqluğunu hiss etdirdi. 6-cı partiyanın 27-ci gedişində uğur qazanmaq üçün əla şansım vardı, amma fürsəti əldən verdim və bir şərhçinin dediyi kimi, “partiyanın qalan hissəsi ağlar üçün işgəncəyə çevrildi”. 7-ci partiyada isə çempion iddiaçılarla keçirdiyim matçlarda mənə sədaqətlə xidmət etmiş Tarraş müdafiəsinə güclü zərbə endirdi. Ən acınacaqlısı o idi ki, bu partiyanı pis oynamamışdım, amma sonda tamamilə izaholunmaz bir səhvə yol verdim. Yenə qaranlıq çöküşü! Məhz bundan sonra Vahanyan dedi: “Kasparov vurur, vurur, hücum edir, amma nəticədə uduzduğu, ən yaxşı halda isə heç-heçə etdiyi vəziyyətlərə düşür. Belə vəziyyət kompleks yarada bilər”. Kin isə matçın 12 partiyadan çox davam etməyəcəyini proqnozlaşdırdı: “Kasparovun parlaq karyerası ona uğursuzluq təcrübəsi qazandırmayıb, ona görə də ardıcıl məğlubiyyətlərin yaratdığı psixoloji sarsıntını dəf edə biləcəyinə inanmıram”.
Mən, əlbəttə, kompleksə qapılmaq fikrində deyildim, amma mübarizə taktikasını dəyişmək barədə düşünmək həqiqətən də lazım idi. Əks halda, matç çox tez və mənim üçün ən pis şəkildə başa çata bilərdi. Bundan sonra son dərəcə ehtiyatlı oynamağa başladım, oyunda hətta ən kiçik riski belə aradan qaldırmağa çalışırdım. Rəngsiz oynamaq mənim xarakterimə uyğun deyildi, amma başqa seçimimin olmadığını bilirdim. Boğularkən necə gözəl üzdüyünü düşünməyin vaxtı deyil.
İndi həmin dramatik günlərə düşüncələrimdə qayıdarkən hesab edirəm ki, startdakı uğursuzluğumun səbəblərindən biri çempionluq səviyyəsində mübarizə təcrübəmin olmaması idi. Hətta iddiaçı matçlarını da final ilə müqayisə etmək olmaz. Burada Karpov peşəkar idi, mən isə həvəskar. Mən ən yüksək səviyyədə mübarizənin qanunauyğunluqlarını yalnız təxmin edirdim, Karpov isə onları bütün incəliklərinə qədər bilirdi. O, sakit və qələbəsinə əmin idi, mən isə uğura yalnız ümid edirdim. Qarşılaşma başlamazdan əvvəl məndə nəinki lazımi təcrübə, hətta bu təcrübənin nə demək olduğuna dair düzgün təsəvvür belə yox idi. Bu anlayışın bütün çoxşaxəliliyi mənə sonralar, böyük itkilər bahasına gəlib çatdı. Bu, həm zəruri biliklər, həm öz gücünü düzgün qiymətləndirmək, həm mübarizənin kritik anını müəyyənləşdirib düzgün strateji xətt seçmək bacarığı, həm də hər bir qarşılaşmada və bütün matç boyu obyektivliyi və soyuqqanlılığı qorumaq məharətidir.
9-cu partiyadakı məğlubiyyətdən sonra Kinin haqlı ola biləcəyi təsiri yaranmışdı. 46-cı gedişdə kobud səhvə yol verdim — bunun yorğunluqdan, yoxsa diqqətsizlikdən baş verdiyini bilmirəm, amma hər necə olsa, hesab mənim əleyhimə 4:0 oldu. Bu, fəlakət idi! Təəccüblü deyil ki, artıq hamı məni dəfn etmiş, haqqımda sanki keçmiş zamanda danışmağa başlamışdı. “Kinlə birlikdə matçın ortasına tələsirdik, amma deyəsən, sona çatdıq, — deyə ingilis Spilmen gileylənirdi. — Karpov həmişə yaxşı oynayıb, amma belə oynayacağını mən də gözləmirdim. Kasparov isə yəqin ki, çox həyəcanlanıb. Hələ cavandır. Əsəbləri yerində deyil. İradəsini möhkəmləndirməyib”.
Qalırdı, necə deyərlər, rəqibi, yəni məni büküb qablaşdırmaq. Amma burada Karpov mübarizənin dəyişməz qanunlarından birini pozaraq səhvə yol verdi — vurduğunu öldürmək lazımdır. O isə düşündü ki, mən özüm yetişib düşəcəyəm. Əlbəttə, bunda məntiq vardı — dörd xallıq üstünlük zarafat deyil, mən həqiqətən düşə bilərdim. Və o, təzyiqi azaltdı. Karpov matçın əvvəlindəki kimi oynamağa davam etsəydi, məncə, hər şey 20-ci partiyaya qədər başa çatardı. Ola bilsin, bununla yanaşı, özü də bir-iki partiya uduzardı, amma bu, mübarizənin nəticəsinə təsir etməzdi. Matçdan sonra TASS müxbirinə verdiyi müsahibədə Karpov etiraf etdi: “Mən də dörd xallıq üstünlüyə malik olduğum üçün kəskin mübarizəyə can atmırdım. Bəlkə də mənim səhvim elə bu idi, dəmiri isti-isti döymək lazımdır”.
Karpovun ilk partiyalarda belə asanlıqla böyük üstünlük əldə etməsi onun döyüş əhvalına mənfi təsir göstərdi. Mən hesab edirdim ki, məhz həmin anda uğurun məst etdiyi Karpov qarşısına əlavə bir məqsəd qoymuşdu: hesabı quru 6:0 etmək və təhlükəli rəqibini uzun müddət sıradan çıxarmaq. Lakin sonralar Roşal danışdı ki, belə bir fikir daha əvvəl yaranmışdı: “Hesabda 2:0 önə keçəndən sonra Karpov qərara aldı ki, mütləq 6:0 hesabı ilə qalib gəlməlidir və yalnız belə. Ona görə də daha risk etmək istəmirdi. Məsələ sadəcə qalib gəlmək deyildi, matçı 6:0 hesabı ilə başa çatdırmaq idi”. Bu artıq təkcə mənimlə deyil, vaxtilə Taymanov və Larseni iddiaçı matçlarında həmin hesabla məğlub etmiş Fişerin kölgəsi ilə də yarış idi. Bununla belə, bu qərar yalnız mənim xeyrimə idi. Mənim üçün özümə gəlmək, sakitlik və özünəinam qazanmaq vacib idi. Elə buna görə də uzun heç-heçələr seriyası yarandı və onların əksəriyyəti haqlı olaraq azarkeşlərin narazılığına səbəb oldu. Karpov mənim səhvimə fürsət gözləyirdi, mən isə psixoloji baxımdan təşəbbüsü ələ keçirməyə hələ hazır deyildim. Amma bu, sonsuza qədər belə davam edə bilməzdi...
Dönüş nöqtəsi 15-ci partiya oldu. O, 93 gediş davam etdi, amma Karpov artıq piyadanı sona qədər oynadıb üstünlüyünü reallaşdıra bilmədi. Mən onun üz ifadəsini gördüm və başa düşdüm ki, o, taqətdən düşüb... 9-cu partiyadan sonra ardıcıl 17 heç-heçə edərək bütün rekordları qırdıq! Əlbəttə, bu, ən çox fəxr etdiyim rekord deyil, amma inanın, onu müəyyənləşdirmək heç də asan olmadı. Özümdən gözləmədiyim qədər inadkarlıq göstərməli oldum. Düşünürəm ki, məşqçilərim də bunu məndən gözləmirdilər.
Amma mən heç olmasa mübarizə apara bilirdim, onlar isə yalnız dözməli və mənim səhv etməməyim üçün Allaha dua etməli idilər.
Bu vaxt matça maraq pik həddə çatmışdı. Qar və soyuğa baxmayaraq, yüzlərlə insan bilet əldə etmək ümidi ilə Sütunlu salonun qarşısında növbəyə düzülürdü. Bu, sanki edama düşməyə can atmağa bənzəyirdi — təkcə bir fərqlə ki, qurban ölməkdən imtina edirdi.
Başa düşürdüm ki, hesabı quru 0:6 ilə uduzsam, bu, müasir şahmat tarixinin ən sarsıdıcı məğlubiyyəti olacaq. Yalnız Fişer belə cəzalandırırdı, amma dünya tacı uğrunda matçda yox. İndiyədək də təəccüblənirəm ki, belə vəziyyətdə özümü necə ələ ala bilmişəm. Axı daha əhəmiyyətsiz səbəblərdən belə bəzən məni qəmgin əhval-ruhiyyə bürüyür. Bir neçə ay ərzində belə gərginliyə necə tab gətirdiyimi təsəvvür belə edə bilmirəm.
Dostlarım əhvalımı yülsəltmək üçün əllərindən gələni edirdilər. Bakıdan olan qohumlarım — yaxın-uzaq, hamısı növbə ilə yanıma gəlir və məni ruhlandırmağa çalışırdılar: kimi zarafatları ilə, kimi zalda oturub “doğma meydan” ab-havası yaradaraq, kimi də məni ağır düşüncələrdən yayındırmaq üçün yöndəmsiz cəhdlərlə. Bu işi, demək olar ki, hamısından yaxşı sürücüm Kolya bacarırdı. O, tükənməz xalq yumoruna malik, çox bağlı olduğum bir insan idi. Hesab 0:5 olanda isə bakılı dostlarımdan biri hətta mənimlə mərcə girməyi təklif etdi: öz maşınına mərcə qoyurdu ki, matçı mən qazanacağam...
Məşqçilərə də asan deyildi, onlar belə ümidsiz vəziyyətdə nə məsləhət verəcəklərini bilmirdilər. Sonralar anam danışdı ki, bəziləri hətta “istefa vermək” istəyiblər, çünki uğursuzluqlarıma görə özlərini günahkar sayırdılar. Amma anam onları qalmağa inandırdı: onların dəstəyinə nə qədər ehtiyacım olduğunu anlayırdı.
Həmin vaxt mənə bir nəfər çox kömək etdi. O zaman onun adını açıqlaya bilməzdim, bu, sirr olaraq qalmalı idi, baxmayaraq ki, o, tanınmış bir şəxsiyyət idi. Onun adı Tofiq Dadaşovdur.

O, 1947-ci ildə Bakıda anadan olub. İlk psixoloji təcrübələrini hələ on üç-on dörd yaşında ikən aparıb. 1964-cü ilin yayında Xarkovda olarkən məşhur Volf Messinqlə tanış olub. Bu görüş onun taleyini müəyyənləşdirib.
Dadaşovla mən hesab 0:4 olarkən tanış olduq. O, ümidsiz görünən vəziyyətdə mənə dəstək oldu və məni inandırdı ki, hesab 0:5 olsa belə, mən matçı uduzmayacağam. Dadaşov bu hesabı sanki əvvəlcədən xəbər verdi, baxmayaraq ki, 0:5 hesabı heç də qaçılmaz deyildi.
27-ci partiyadakı məğlubiyyət uzun heç-heçələr seriyasını dayandırdı və mən uçurumun lap kənarında qaldım. Amma təəccüblü şəkildə rahatlıq hiss etdim: matç uduzulmuşdu, itirəcək heç nəyim qalmamışdı, sona qədər mübarizə aparmağa çalışacaqdım. Mənim yeganə istəyim şahmat dünyasına sübut etmək idi ki, mən hər halda oynamağı bacarıram. Bunu həm də özümə sübut etmək istəyirdim.
Kulminasiya 31-ci partiyada baş verməli idi. Belə planlaşdırılmışdı. Karpov bu münasibətlə yeni kostyum geyinmişdi. Bütün heyəti də bayram libasında idi. SSRİ Şahmat Federasiyası dəfnə çələngi hazırlamışdı. Həmin gün Karpov partiyanın ilk yarısında möhtəşəm oynadı. O, böyük mövqe üstünlüyü əldə etdi və tezliklə bir piyada qazandı. Amma burada qeyri-adi bir hadisə baş verdi. O, sadəcə olaraq panikaya düşdü. Əslində panikaya düşməli olan mən idim, amma mən tamamilə sakit idim.
Karpov “quru” qələbənin astanasında idi. Artıq piyadası olan mövqe tipik vəziyyətlərdən birinə aid idi. Lakin o, hadisələri məcburi şəkildə sürətləndirməyə cəsarət etmirdi, mənim özümün səhv edib uduzacağımı gözləyirdi. Amma hər şey başqa cür oldu. Mənim əks-zərbə endirmək imkanım yarandı və bu fürsəti əldən vermədim. Karpovun üstünlüyü sürətlə buxarlandı.
Vaxt problemi yarananda ona heç-heçə təklif etdim və o, bunu qəbul etdi. Şahidlərin sözlərinə görə, onun əlləri əsirdi və o, heç-heçəyə qəribə bir rahatlıq hissi ilə razılaşmış kimi görünürdü.
Matçda təşəbbüs mənim tərəfimə keçdi — buna heç bir şübhəm yox idi. Ola bilsin, o da bunu hiss etmişdi.
Təəccüblü deyil ki, növbəti partiyanı mən qazandım. Bu, matçın 94-cü günündə mənim ilk qələbəm, həm də həyatımda Karpov üzərində qazandığım ilk qələbə idi. Buna on il əvvəl, hələ məktəbli olduğum vaxt onunla seansda oynadığım partiyanı da daxil edirəm.
Elə bu vaxt ona özünə gəlmək imkanı verən əlavə fasilə düşdü (Sütunlu salonda, əvvəlcədən hər iki iştirakçı ilə razılaşdırıldığı kimi, SSRİ Elmlər Akademiyasının sessiyası keçirilirdi). İndi məntiqə görə, çempion sadəcə matç strategiyasını dəyişməli, əvvəlki ehtiyatlılığı bir kənara qoymalı və rəqibinin müqavimətini qırmalı idi. Amma Karpov yenidən toparlana bilmədi.
Bəzi şərhçilərin guya ətalət qüvvələrinin hələ də fəaliyyət göstərdiyi barədə izahı kimə gəlsə, yaraşardı, amma Karpov kimi belə təcrübəli matç döyüşçüsünə yox. O, birinci başa düşdü ki, məsələ nə ətalətdə, nə də yorğunluqdadır. Məsələ rəqibin getdikcə daha güclü oynamasında idi. Matçı uğurla başa çatdırmaq üçün artıq bütün gücünü səfərbər etməli idi. Həm də yalnız bir partiyada deyil, hər partiyada. Özündə nəyisə qırmaq, özünün dediyi kimi, rəqibə qarşı oynamaq yox, şahmat oynamaq lazım idi. Karpov bunu edə bilmədi.
Yeri gəlmişkən, yarımçıq qalmış partiyanı davam etdirmədən təslim olmaqla Karpov azarkeşlərin qələbəmi vaxtında qeyd etməsinə imkan vermədi. Onlar bunu 33-cü partiyanın başlanğıcından əvvəl etdilər. “Reuters” agentliyinin müxbiri Con Tizdall yazırdı: “Kasparovun ilk qələbəsi münasibətilə alqışlar yalnız bu gün səsləndi. İddiaçını ayaqüstə qarşılayan tamaşaçıların gur və uzun sürən alqışları böyük ovasiya ilə nəticələndi. Karpovu da səs-küylə və hərarətlə qarşıladılar, amma eyni coşqu ilə yox”.
Sonra bir həftədən də çox davam edən başqa bir fasilə oldu. Sütunlu salonda matəm mərasimi keçirilməli idi: burada marşal D. F. Ustinovun cənazəsi olan tabut qoyulmuşdu. Uzun çəkən matç getdikcə bir-birinin ardınca yeni problemlər yaradırdı. Mən və Karpov Salonikidə keçirilən Olimpiadanı buraxdıq. Matçla əlaqəsi olan şəxslərin vizalarının və ezamiyyət müddətlərinin sonu yaxınlaşırdı. Uzun ayrılıqlar bəzilərinin hətta ailə problemləri yaşamasına səbəb olmuşdu. Gedişlər başladı. Hətta məşqçilərimiz də turnirlərdə iştirak etməli idilər. Dorfmanı bir aylığına itirdim; o, həmin müddətdə birinci liqada oynayırdı.
Matçın xərcləri artırdı. Bizə təzyiq göstərir, matçın Moskvanın mərkəzindən uzaqda yerləşən “Sport” mehmanxanasına köçürülməsini tələb edirdilər. Yanvarın əvvəlində Karpovun təklifi ilə matçın təşkilat komitəsinin sədri, o vaxt mədəniyyət naziri və Siyasi Büronun üzvlüyünə namizəd olan P. N. Demiçevin adına məktub yazaraq döyüş meydanının dəyişdirilməməsini xahiş etdik. Amma yalnız müvəqqəti möhlət əldə etdik. Yanvarın 30-da 47-ci partiyada ikinci qələbəmi qazandıqdan sonra elan edildi ki, “Sport” mehmanxanasına köçürülmə hər halda baş tutacaq.
Kin 47-ci partiya haqqında yazırdı: “Karpov təəccüblü dərəcədə zəif oynadı və partiyanın sonuna doğru üzü qıpqırmızı oldu — bu, onun məğlubiyyətinin yaxınlaşdığının əlamətidir. 5:2 hesabı onun şəksiz liderliyini qoruyur, amma iki ay ərzində bir dəfə də qələbə qazana bilməyib və yəqin ki, indi 1978-ci ildə Baqioda Korçnoyun eyni hesab fərqini aradan qaldıra bildiyini əndişə ilə xatırlayır”.
Görünür, məhz həmin vaxt onların beynində matçı dayandırmaq ideyası yarandı. Məğlubiyyətdən sonra Karpova özünə gəlməsi üçün bütöv bir həftə verildi — matçın əvvəlində, mən fasiləyə xüsusilə ehtiyac duyduğum vaxtda mənim üçün tamamilə əlçatmaz olan bir dəbdəbə idi. Buna baxmayaraq, o, 48-ci partiyada da yenə məğlub oldu!
Matçın sonuna doğru partiyaların keyfiyyətinin kəskin aşağı düşdüyünü deməyə başladılar. Buradan belə nəticə çıxarırdılar ki, görünür, dünya çempionu xəstədir, mənim qələbələrim isə bəxtin nəticəsidir. Lakin diqqətli təhlil bu fikri təsdiqləmir. Əlbəttə, Karpovun oyunu mükəmməllikdən uzaq idi, amma yəqin ki, heç kim iddia etməz ki, matçın sonunda o, mənim matçın əvvəlində etdiyimdən daha çox səhvə yol verirdi.
Karpovun ətrafındakı insanlar baş verənləri anlamırdılar. O, ilk partiyalarda məni belə asanlıqla məğlub edirdi ki, yalnız bir ehtimal qalırdı: onun məğlubiyyətləri səhhətinin pis olması ilə bağlıdır. Onlar üçün məğlub olan Karpov xəstə Karpov demək idi və deməli, onu qorumaq lazım idi. Özlərini də, həmçinin.
Təəssüf ki, matçın qalmaqallı sonluğu onun son dərəcə zəngin şahmat məzmununu kölgədə qoydu. Bu məzmun mütəxəssislər tərəfindən indiyədək peşəkar səviyyədə araşdırılmayıb. Şübhə etmirəm ki, gələcəkdə tarixçilər dünyanın iki ən güclü şahmatçısının beş aylıq qarşıdurmasının nəticələrinə daha böyük diqqət yetirəcək və aşkar edəcəklər ki, müasir şahmat məhz bizim müddəti məhdudlaşdırılmamış matçımızdan sonra yeni istiqamətə yönəlib...
Ardıcıl iki qələbə qazandığım zaman çempionun ayaqları altındakı torpaq titrəməyə başladı. Şahmat rəhbərləri qəfildən mənim matçda yekun qələbə qazanmağım kimi qorxunc perspektivlə üz-üzə qaldılar. “Meyit” nəinki dirilmişdi, hətta ayağa qalxmağa başlamışdı! Məgər inanılmaz olan şey mümkünə çevrilirdi? Onlar risk edə bilməzdilər.
Lövhə və fiqurlar bir kənara qoyuldu. Artıq onlara ehtiyac yox idi.

Dünya çempionluğu uğrunda matç qalib müəyyənləşmədən 1985-ci il fevralın 15-də dayandırıldı. Qərara alındı ki, yeni matç həmin ilin sentyabrında başlasın və bu dəfə limitsiz olmasın. Yeni reqlamentə görə, matç 24 partiyadan ibarət olacaqdı, heç-heçə (12:12) bitərdisə çempion öz titulunu saxlayacaqdı. Kasparovun çempion olması üçün isə ən azı 12,5 xal toplaması lazım idi.