“Professor” ləqəbli “qanuni oğru”, saxta tələbə, qiyamçı rəhbər, quldurbaşı deputat...
“Düba” sovet kriminal aləminin qaydalarını necə dəyişdirdi?
07 Sentyabr 2026
2003-cü il martın 8-də Tbilisidə izdihamlı dəfn mərasimi keçirilirdi. Şəhərin baş kafedral kilsəsi olan Sionidə cənazə ayinini bütün Gürcüstanın katalikos-patriarxı II İliya yerinə yetirirdi. Mərhumla vida mərasimində prezident Eduard Şevardnadze başda olmaqla dövlət əyanları, eləcə də tanınmış mədəniyyət xadimləri, elm adamları və postsovet məkanının hər yerindən gələn kriminal avtoritetlər, qanuni oğrular iştirak edirdilər.
Bəs bu rəngarəng, bir yerdə olmaması gərəkən kütləni bir yerə toplayan mərhum kim idi? Dörd gün əvvəl vəfat edən və həmin gün Gürcüstanın tanınmış xadimlərinin dəfn olunduğu Didube Panteonunda son mənzilə yola salınan bu şəxs heyrətamiz bioqrafiyaya malik idi. Caba İoseliani - filologiya elmləri doktoru, professor, yazıçı və dramaturq, 1980-ci illərin sonlarından siyasi və hərbi fiqur, prezident Zviad Qamsaxurdiyanın devrilməsi ilə nəticələnən qiyamın rəhbərlərindən biri, qısa müddət dövlət başçısı və bütün bunlarla yanaşı, “qanuni oğru” statuslu kriminal avtoritet.
***
Caba İoseliani 1926-cı ildə Qori yaxınlığındakı Xaşuri şəhərində svan mənşəli ailədə anadan olub. Şəhər mühüm dəmiryolu qovşağı idi və Cabanın xaricdə təhsil almış atası Konstantin də dəmiryolu mühəndisi idi. Filoloq olan anası Aleksandra isə məktəbdə dərs deyirdi. Cütlüyün dörd uşağı olmuşdu, lakin onlardan ikisi körpə yaşlarında öldü, Caba və böyük bacısı Yelena (Lili) sağ qaldılar.
İoseliani ailəsi 1930-cu illərin birinci yarısında Tbilisiyə köçdü və Caba burada boya-başa çatdı. O, şəhərin prestijli məktəbində oxuyurdu, amma küçənin təsirində idi. Caba yeniyetmə yaşlarından kriminal aləmə meyillənmişdi və artıq 17 yaşında ilk dəfə məhkum edildi: soyğunçuluq ittihamı ilə 5 il həbs cəzası aldı.
Həbsdə mütaliə ilə məşğul olan Cabada təhsilə maraq oyanır. 1948-ci ildə azadlığa çıxandan sonra təhsil attestatını saxtalaşdıraraq (orta məktəbi bitirməmişdi) Leninqrad Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil oldu. Fakültədə nümunəvi intellektual tələbə hesab olunurdu. Lakin təhsilini bitirə bilmir: dava-dalaşda iştirak etdiyinə görə 1951-ci ildə universitetdən qovuldu və 1 il müddətinə azadlıqdan məhrum edildi. Üçüncü hökmü 1956-cı ildə aldı: silahlı quldurluq və qətlə görə 25 il müddətinə azadlıqdan məhrum olundu.
Məhz üçüncü həbsi zamanı Caba “qanuni oğru” statusunu və Düba ləqəbini qazanır. Eyni zamanda ədəbi yaradıcılıqla məşğul olur və hekayələr yazır. Çar Rusiyasından fərqli olaraq, SSRİ-də məhkumun, xüsusən də residivist məhkumun əsərlərinin mətbuatda dərc olunması mümkün deyildi. Amma İoselianinin əsərləri çap olundu. Yəqin bu işdə bacısı, artıq tanınmış teatr rejissoru olan və Tbilisi Teatr İnstitutunda dərs deyən Lilinin rolu olur.
“Qanuni oğru”nun əsərləri çox müsbət qarşılanır və böyük maraq doğurdu. Lili bundan istifadə edərək qardaşının vaxtından əvvəl azadlığa buraxılması üçün tanınmış mədəniyyət xadimlərinin SSRİ rəhbərliyinə müraciət göndərməsinə nail oldu. Müraciətə imza atanlar arasında SSRİ xalq artisti, daha çox “Əsgər atası” filmində baş rolun ifaçısı kimi tanıdığımız Serqo Zakariadze də vardı.

Nəticədə Caba İoseliani 1965-ci ildə həbsdən buraxıldı. O, axşam məktəbində oxuyub orta təhsilini tamamladıqdan sonra Tbilisi Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil oldu. Buranı bitirəndə diplom işi teatrşünas, Stalin repressiyalarının qurbanı Serqo Amaqlobelinin yaradıcılığı haqqında oldu. Qısa müddət sonra isə həmin mövzunu inkişaf etdirərək namizədlik dissertasiyası yazdı və Tbilisi Dövlət Universitetində teatr tarixindən dərs deməyə başladı.
1977-ci ildə Tbilisi Teatr İnstitutuna keçdi. 1985-ci ildə burada “Gürcü komediyasının komizmi və maskaları” adlı doktorluq işi yazaraq filologiya elmləri doktoru, üç il sonra da professor oldu. Tələbələri onu dərin intellektə və geniş dünyagörüşünə malik şəxs kimi xatırlayırlar. O, mühazirələrini kağızsız oxuyur, klassiklərdən əzbərdən və səhvsiz sitat gətirir, səliqəli geyinirdi və kübar ədalara malik idi.
Cabanın bütün bu fəaliyyəti sovet kriminal aləminin qaydalarına zidd idi. Həmin aləmin kodeksinə görə, “oğru” yalnız cinayət yolu ilə qazandığı vəsait hesabına yaşamalı idi. Hər hansı qanuni yolla pul qazanmaq, xüsusən də cədvələ qol çəkib maaş almaq, dövlətə vergi ödəmək yolverilməz sayılırdı. Amma İoseliani həm maaş, həm qonorarlar alırdı və bu, onun kriminal statusuna heç bir xələl gətirmədi. Bunun da, zənnimcə, iki səbəbi vardı.
Birincisi, Caba İoselianinin həbsdəki davranışı ilə qazandığı qüsursuz (cinayət aləminin nəzərində) nüfuzu idi. İkincisi isə 1970-ci illərdən başlayaraq, sovet cinayət aləminin daxilində gedən dəyişiklik idi. Proses elə Gürcüstandan başlamışdı. Burada “sexovik” adlandırılan gizli sahibkarlar kastası yaranmışdı və gürcü oğruları onlardan xərac almağa başlamışdılar. Daha sonra digər respublikalardakı kriminal onlardan nümunə götürdü.
“Düba”nın da əsas rollardan birini oynadığı bu dəyişiklik sayəsində sovet kriminal aləmi “sərgərdan avaraçılıq” sistemindən mafiya tipli biznes şəbəkəsinə çevrildi. Başqa sözlə, ABŞ-da Laki Luçanonun oynadığı rolu SSRİ-də Caba İoseliani və həmfikirləri oynadı.
***
İoselianini kriminal aləmin digər “general”larından fərqləndirən daha bir cəhəti vardı: siyasətə marağı. Bu marağın ilk rüşeymi Stalinə bəslədiyi patoloji nifrət idi. Həmin nifrət Cabanı təhlükəli addımlar atmağa sövq edirdi. O, 1951-ci ildə cəza çəkdiyi “Krestı” qazamatında Stalinin doğum günü qeyd edilən dekabrın 21-də başını pəncərədəki barmaqlığa dayayıb “Rədd olsun qutalinçi” qışqırmışdı.
“Qutalinçi” dustaq jarqonunda Stalinin ləqəbi idi. Qutalin ayaqqabıları parıldatmaq üçün istifadə olunan vasitə idi. Stalinin atası da çəkməçi olub. Üstəlik, o zaman Rusiyada ayaqqabı təmizləyənlərin çoxu aysorlar idi, onlar da Stalinin bığı kimi bığ saxlayırdılar.
Caba bu demarşına görə nəzarətçilər tərəfindən möhkəm döyüldü və 20 gün karserə salındı. Bununla belə, onun bəxtinin gətirdiyini söyləmək olar, çünki səsləndirdiyi fikrə görə yeni cinayət işi də açıla bilərdi və o zaman 3-5 illə qurtulmazdı.
Pedaqoq və tanınmış yazıçıya çevriləndən sonra isə İoseliani gürcü dissident hərəkatı ilə yaxınlaşır. Bu hərəkatın ən məşhur fiqurları isə bir sinifdə oxumuş dostlar - Zviad Qamsaxurdiya və Merab Kostava idi. Caba 1970-ci illərin əvvəllərindən onlarla dostlaşır.
Qamsaxurdiya və Kostava 1976-1977-ci illərdə “Sakartvelos moambe” (“Gürcüstan xəbərləri”) adlı “samizdat” jurnal buraxırdılar. İoseliani də jurnalla əməkdaşlıq edir və anonim məqalələr yazırdı.
İki dissident 1977-ci ilin aprelində həbs edildi. Bir müddət sonra Qamsaxurdiya televiziyaya çıxaraq peşmanlığını ifadə etdi və istintaqla əməkdaşlığa razı oldu. Nəticədə 3 il müddətinə Dağıstana sürgün edildi, 1979-cu ilin iyulunda əfv edildi və Tbilisiyə qayıdıb Gürcü dili İnstitutunda baş elmi işçi işlədi. Peşmanlıq ifadə etməyən Merab Kostava isə cəzasını Sibirdə çəkdi və yalnız 10 il sonra, 1987-ci ildə azadlığa çıxdı.
Qamsaxurdiyanın davranışı həm insan ləyaqəti, həm də kriminal anlayış baxımından İoseliani üçün yolverilməz idi. Onun Zviada bəslədiyi dostluq hissləri dərhal nifrət və ikraha çevrildi. Onu hər yerdə “əclaf”, “qorxaq” və “satqın” adlandırırdı.

İoseliani yenidənqurma illərində siyasətlə daha yaxından məşğul olur və 1989-cu ildə “Mxedrioni” (“Cəngavərlər”) paramilitar dəstəsini yaradır. O, belə bir qurumun yaradılması qərarına 1989-cu ilin yayında Marneuli, Bolnisi və Dmanisi rayonlarında azərbaycanlılarla gürcülər arasında baş verən toqquşmalardan sonra gəldi. 1990-cı ilin sentyabrında “Mxedrioni”nin fövqəladə hallar zamanı xilasedicilər korpusu kimi dövlət qeydiyyatına alınması İoselianiyə ölkənin müxtəlif yerlərində leqal şöbələr açmaq imkanı verdi.
Zviad Qamsaxurdiya isə həbs zamanı biabırçı davranışına baxmayaraq, Gürcüstan milli hərəkatının liderlərindən birinə, Merab Kostavanın 1989-cu ilin oktyabrında müəmmalı avtomobil qəzasında ölümündən sonra isə vahid liderinə çevrilir. 1990-cı ilin oktyabrında respublika Ali Sovetinə seçkilərdə müxalifət qalib gəlir, noyabrda Qamsaxurdiya parlamentin sədri, yəni dövlət başçısı oldu.
Qamsaxurdiya və İoseliani arasında ciddi ideoloji fərq yox idi, hər ikisi ifrat millətçi mövqe tuturdu. Onların ziddiyyəti fərdi idi: Caba Zviadın televiziya vasitəsilə tövbəkarlığını bağışlaya bilmirdi, Zviad da onu istehza ilə “kriminal gürcü ziyalısı” adlandırırdı.
Keçmiş dostundan və onun paramilitar dəstəsindən ciddi əndişə keçirən Qamsaxurdiya 1991-ci ilin fevralında İoselianini “xuliqanlıq” ittihamı ilə həbsə atdırdı. Caba aprelin 9-da Gürcüstanın müstəqilliyinin bərpa edilməsini həbsdə qarşıladı. Qamsaxurdiya isə aprelin 9-da Ali Sovet tərəfindən, mayın 26-da isə ümumxalq səsverməsi ilə səslərin 86 faizindən çoxunu toplayaraq prezident seçildi.
Xalqdan bu qədər güclü kart-blanş alan prezidentin bir neçə aydan sonra bütün populyarlığını itirəcəyini gözləmək ağlasığmaz olardı, amma Qamsaxurdiya bunu bacardı. O, qısa müddətdə hamı ilə münasibətləri korladı: müxaliflərini daha da radikallaşdırdı, elm və mədəniyyət xadimlərinin nifrətini qazandı, özünün yaxın adamlarını düşmənə çevirdi.
İfrat şovinist siyasət təkcə separatizmə meyilli abxazları və osetinləri deyil, loyal azərbaycanlıları da narazı saldı. Qamsaxurdiya inanclı xristian olsa da, Gürcü Pravoslav Kilsəsi ilə münasibətləri belə soyuq idi. Ən faciəli səhvini isə QKÇP hadisələri zamanı buraxdı.
1991-ci il avqustun 19-da Moskvada çevriliş cəhdi edildi. İttifaq hökumətinin bir sıra yüksək ranqlı xadimləri Dövlət Fövqəladə Vəziyyət Komitəsi (QKÇP) yaratdıqlarını elan edərək prezident Qorbaçovu hakimiyyətdən uzaqlaşdırmağa çalışdılar. Lakin Rusiya prezidenti Boris Yeltsinin başçılıq etdiyi müqavimət hərəkatı bu cəhdin qarşısını aldı. QKÇP avqustun 21-də məğlub edildi.
Qamsaxurdiya bu hadisələr zamanı özünü son dərəcə qorxaq apardı. O, QKÇP-nin yarandığını eşidən kimi Cənubi Qafqaz Hərbi Dairəsinin generalları ilə görüşüb loyallığını bildirdi. QKÇP-nin “bütün qanunsuz hərbi qüvvələri buraxmaq” haqqında tələbini yerinə yetirərək Daxili Qoşunlar funksiyasını yerinə yetirən Milli Qvardiyanı buraxmaq, onun döyüşçülərinin isə sovet DİN-ə tabe olması barədə fərman imzaladı. Çevriliş cəhdi baş tutmayanda isə öz hərəkətlərini müdrik manevr kimi göstərməyə uğursuz cəhd etdi.
Prezidentin davranışı onun reputasiyasına öldürücü zərbə vurdu. Respublikanın əsas hərbi qüvvəsi olan Milli Qvardiyanın komandiri, Qamsaxurdiyanın daha bir sinif yoldaşı Tengiz Kitovani prezidentin tabeliyindən çıxdı. QKÇP-dən iki gün əvvəl istefa verən keçmiş baş nazir Tengiz Siqua da müxalifətə keçdi. Beləcə, Caba İoselianinin timsalında kriminal və bohem təbəqə, Kitovaninin timsalında hərbi qüvvə və Siquanın timsalında texnokratlar Qamsaxurdiyaya qarşı birləşdilər.
Artıq sentyabrın ilk günlərindən başlayaraq Tbilisidə prezidentin və hökumətin istefası tələbi ilə mitinqlər keçirildi. Narazılıqların kulminasiyası isə Milli Qvardiyanın dekabrın 22-də qaldırdığı qiyam oldu. Hökumət evinin yerləşdiyi Rustaveli prospekti zirehli texnika, hətta artilleriyadan istifadə olunan döyüş meydanına çevrildi. Dekabrın 27-də “Mxedrioni” yaraqlıları hücum edib Caba İoselianini həbsdən çıxardılar.
15 gün sürən döyüşlərdən sonra Qamsaxurdiya Hökumət evinin zirzəmisindəki bunkeri tərk edərək Azərbaycana qaçdı. Lakin onu yalnız sərhəddən buraxdılar, ölkənin içərilərinə hərəkət etməyə qoymadılar. Bir neçə saat sürən danışıqlardan sonra Elçibəy hökuməti ona siyasi sığınacaq verməkdən imtina etdi. Ermənistana keçən qaçqın prezident burada sığınacaq aldı. Lakin bir ay sonra Cövhər Dudayevin təklifi ilə Çeçenistana sığındı. 1993-cü ilin payızında Gürcüstana qayıdaraq hakimiyyətini silah yolu ilə bərpa etməyə çalışdı. Məğlubiyyətə uğrayandan sonra isə dekabrın 31-də başına açılan güllə nəticəsində öldü. Onun intihar etdiyi, yoxsa öldürüldüyü bu gün də tam aydın deyil.
***
Qamsaxurdiyanın devrilməsindən sonra Tbilisidə hakimiyyətə “tanınmış oğru və tanınmamış rəssam gəldi”. Bu sözlər Caba İoselianiyə məxsus idi. Tanınmamış rəssam Tbilisi Rəssamlıq Akademiyasının məzunu olan Tengiz Kitovani idi. Onun rəssamlıq və pedaqoji fəaliyyəti avtoqəzaya görə həbsə düşməsi nəticəsində yarımçıq qalmışdı.
Prezidentin devrilməsi ilə yanaşı hökumət və zviadçıların çoxluq təşkil etdiyi Ali Sovet də buraxıldı. Həm prezidentin, həm Ali Sovetin səlahiyyətlərini İoseliani və Kitovanidən ibarət Hərbi Şura mənimsədi. Yeni hökuməti Tengiz Siqua təşkil etdi. Bəzən onu da Hərbi Şuranın üçüncü üzvü hesab edirlər.
Çevrilişdən iki ay sonra Hərbi Şura üzvləri anladılar ki, xüsusən beynəlxalq münasibətlər baxımından ölkəyə daha sanballı siyasətçinin başçılıq etməsi lazımdır. Belə bir adam 1972-1985-ci illərdə Gürcüstan Kommunist Partiyasının birinci katibi, 1985-1991-ci illərdə isə SSRİ-nin xarici işlər naziri olmuş, aparıcı dövlətlərin liderləri ilə yaxşı münasibətlərə malik Eduard Şevardnadze ola bilərdi. Məhz İoseliani Moskvada yaşayan Şevardnadzeni Tbilisiyə çağırmağı təklif etdi və Kitovani çox da həvəsli olmasa da razılaşdı.
Hərbi Şura özünü buraxdı və 1992-ci il martın 10-da Dövlət Şurası yaradıldı. Şevardnadze qurumun rəhbəri, eləcə də İoseliani, Kitovani və Siqua ilə birlikdə Rəyasət Heyətinin üzvü oldu. Əvvəlcə 60, bir neçə aydan sonra isə 92 üzvü olan Dövlət Şurası oktyabrda keçirilən parlament seçkilərindən sonra özünü buraxdı. Şevardnadze parlamentin sədri oldu. Noyabrın 6-da parlament onu Dövlət Başçısı seçdi. Caba İoseliani də müstəqil Gürcüstanın ilk parlamentinin üzvü seçilmişdi.
Gürcüstanda prezident üsul-idarəsi yalnız 1995-ci ildə bərpa edildi. Noyabrın 5-də keçirilən seçkilərdə Eduard Şevardnadze rəsmi nəticələrə görə, 77% səs toplayaraq qalib gəldi. 10 gün sonra onun göstərişi ilə Caba İoseliani həbs edildi.
***
1992-ci ilin əvvəllərində baş tutan çevrilişdən sonra Caba İoseliani ölkə həbsxanalarındakı bütün dustaqları buraxdı və onların bir çoxu, xüsusən də peşəkar cinayətkarlar “Mxedrioni”yə qoşuldular. Qurum tezliklə quldur ocağına çevrildi və Gürcüstanı dəhşətli anarxiyaya sürüklədi. “Cəngavərlər” reketlə məşğul olur, zorakılıq və qətllər törədir. Kidneppinqə - fidyə almaq müqabilində adam oğurlamağa da tez-tez əl atılırdı.

Bütün bunlar İoselianinin nüfuzuna sarsıdıcı zərbə endirdi. O, əvvəlcə cinayətkardan ziyalıya və siyasətçiyə çevrilmişdisə, indi əks proses gedirdi: ziyalı və siyasətçidən quldurbaşına çevrilirdi. Şevardnadze kimi təcrübəli siyasətçi də bu hadisədən öz xeyrinə istifadə etməyə, hakimiyyət şərikindən qurtulmaq üçün cəhd göstərməyə bilməzdi.
1995-ci il avqustun 29-da Şevardnadzeyə sui-qəsd oldu. Dövlət Başçısı parlament binasından çıxıb avtomobilə minməyə hazırlaşarkən yaxınlıqda dayanan “Niva” avtomobili partladı. Şevardnadze ciddi xəsarət almadı, sadəcə üzünü şüşə qırıntıları kəsdi. O, dərhal Dövlət Təhlükəsizlik Xidmətinin rəisi İqor Giorqadzeni və Caba İoselianini günahlandırdı.
Giorqadze Moskvaya qaçdı. Deputat toxunulmazlığına malik Caba isə Tbilisidə qaldı və prezident seçkiləri ilə eyni gündə keçiriləcək parlament seçkiləri öncəsi təbliğat kampaniyası apardı. Maraqlıdır ki, Şevardnadze İoselianinin immunitetinin götürülməsi üçün parlamentə müraciət etmədi. Görünür, istəyinə nail olacağına əmin deyildi. Amma yavaş-yavaş “Mxedrioni” üzvlərinin həbsi başladı.
Ötən seçkilərdən keçən müddət ərzində “Mxedrioni”nin törətdiyi cinayətlər seçkilərdə sözünü dedi - İoseliani parlamentə düşə bilmədi. Artıq toxunulmazlığı qalmayan Caba səsvermədən 10 gün sonra, noyabrın 15-də həbs edildi. Elə həmin gün “Mxedrioni” qanunsuz elan olundu.
İoseliani və daha 14 nəfər üzərində məhkəmə 1997-ci ilin dekabrında başladı. Caba sui-qəsddə heç bir rolunun olmadığını həm məhkəmədə, həm də sonralar söyləyirdi. O, hətta iddia edirdi ki, ümumiyyətlə heç bir sui-qəsd olmayıb: hadisə Şevardnadzenin özünün qurduğu oyun idi ki, həm seçkilərdə qalib gəlsin, həm də onu hakimiyyətə gətirənlərdən qurtulsun.
Bu iddianın müəyyən əsası ola bilərdi. Qəsd həddindən artıq ideal alınmış və çox lazımlı vaxtda baş vermişdi. Reytinqi o qədər yüksək olmayan Şevardnadze seçkilərə iki ay qalmış əzabkeş imici qazandı, ciddi xəsarət almadan böyük fayda götürdü. Bu versiya gerçəkdirsə, Şevardnadze dramaturq İoselianiyə kimin daha yaxşı süjetlər yazdığını, kimin daha yaxşı tamaşalar qurduğunu göstərmişdi.
Məhkəmə hökmünü 1998-ci il noyabrın 11-də elan etdi. Caba İoseliani 11 il həbs cəzasına məhkum edildi. Amma ilyarım sonra “milli barışıq” kampaniyası çərçivəsində əfv edildi və 2000-ci ilin aprelində azadlığa çıxdı.
İoseliani siyasətə qayıdacağını elan etdi və Gürcüstanın taleyində mühüm rol oynayacaq, Qızılgül inqilabı ilə nəticələnəcək parlament seçkilərində iştiraka hazırlaşdı.

Lakin seçkilərə 8 ay qalarkən, 2003-cü il martın 4-də insult keçirərək öldü.