Logo
news content

“Dünyanın damı”nda yaşanan dəhşət: gizlədilən ölümlər, 20 illik sükut...
Gələcəyə yazılan məktub hara qeyb oldu?

Müasir tarixdə 1968-ci il xüsusi yer tutur. Bəzən onu hətta “dünyanı dəyişən il” də adlandırırlar. Fransada “Qırmızı may” hadisələri, ABŞ-da Martin Lüter Kinq və Robert Kennedinin qətlindən və Vyetnam müharibəsindən doğan etirazlar, Praqa baharı, rok musiqisi, hippi hərəkatı və seksual inqilab tektonik dəyişikliklərə səbəb oldu. 

SSRİ-də isə əks proses gedirdi. 1968-ci il Xruşşov yumşalmasının sonuncu ili hesab olunur. Bundan sonra sovet sistemi sərtləşdi və bozlaşdı. Həmin il SSRİ-də komsomolun 50 illiyi qeyd olunurdu və qərbli həmyaşıdlarından fərqli olaraq, sovet gəncliyi hakimiyyətə sədaqət nümayişi yarışına girmişdi. Ölkəni müxtəlif təntənəli tədbirlər bürümüşdü. Ən populyar addımlardan biri “zaman kapsulu”nun basdırılması idi. 

Kapsullarda komsomolçuların gələcək nəsillərə müraciəti yazılmış mətn olurdu. Müxtəlif ərazilərdə, müxtəlif tikililərin divarlarında yerləşdirilən bu kapsullar 50 il sonra, komsomolun 100 illiyi qeyd ediləcək 2018-ci ildə çıxarılmalı, müraciət oxunmalı idi. Hər bir komsomol təşkilatı müstəqil mətn hazırlayırdı, amma ümumi cizgilər eyni idi: vətənə, kommunist partiyasına, Lenin irsinə, kommunizm quruculuğuna və s. sədaqət. Bəzən müəlliflər şübhə etmirdilər ki, mətni oxuyanlar artıq kommunizmdə yaşayacaqlar. 

Yubiley münasibətilə keçirilən tədbirlərin çoxu standart tədbirlər idi, amma aralarında qeyri-adiləri də  vardı. Bunlardan ən qeyri-adisi Pamir dağlarında yerləşən Lenin zirvəsinə (7134 m) desant atılması idi. Bu mürəkkəb əməliyyatda 46 nəfər iştirak edəcəkdi. Onlar da zirvədə kapsul qoyub düşəcəkdilər. 

Ədalət naminə qeyd etmək lazımdır ki, bu, sadəcə komsomolun 50 illiyi münasibətilə düşünülmüş avantüra deyildi. Desant ideyası bir sıra hərbi, texniki və tibbi zərurətdən doğurdu.

*** 

İkinci dünya müharibəsi zamanı aydın oldu ki, desant qüvvələri sovet ordusunda ən zəif qoşun növüdür. Bu, desantçıların fərdi hazırlığının pis olmasına görə deyil, maddi-texniki bazanın zəifliyi ilə əlaqədar idi. Məsələn, sovet ordusunda iri nəqliyyat təyyarələri yox idi. 

Desantçılar əsasən bombardmançı TB-3 və mülki Li-2 təyyarələrindən tullanırdılar. Onların da tutumu az idi və desant əməliyyatı çoxlu təyyarə və xeyli zaman tələb edirdi. Nəticədə, desantçılar böyük bir əraziyə səpələnir və bir yerə toplanana qədər çoxu almanlar tərəfindən məhv edilirdi.

Sovet ordusu müharibə illərində iki böyük desant əməliyyatı keçirdi: 1942-ci ildə Vyazma və 1943-cü ildə Dnepr hava-desant əməliyyatları. Hər iki halda böyük itki verildi və qarşıya qoyulan vəzifələr yerinə yetirilmədi. İkinci əməliyyat zamanı yüzlərlə desantçı Dnepr çayına düşüb boğuldu. Bundan sonra sovet komandanlığı böyük desant əməliyyatlarından imtina etdi.

1954-cü ildə general-leytenant Vasili Marqelov sovet hərbi-desant qüvvələrinin komandanı təyin edildi. İki il (1959-1961) fasilə ilə bu qoşun növünə 1979-cu ilə qədər rəhbərlik edən Marqelov onun hazırlığının yüksəldilməsində və maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı. O cümlədən, desant əməliyyatları üçün daha əlverişli olan AN-8 (40 desantçı tuturdu) və daha sonra AN-12 (100 desantçı tuturdu) hərbi nəqliyyat təyyarələri yaradıldı.

Lenin zirvəsinə desantın daha bir səbəbi Çinlə pisləşən münasibətləri idi. Sovet-Çin sərhədinin bir hissəsi yüksək dağlıq ərazidən keçirdi və Moskva ehtiyac yarandığı halda bu strateji mövqelərə desant çıxarmağın mümkünlüyünü yoxlamaq istəyirdi. Buradan isə başqa tələbatlar doğurdu: havanın sıxlığının az olduğu yüksəkliklərdə xüsusi paraşütlərin yoxlanılması, həmin ərazilərdə xilasetmə işlərinin aparılması, insan orqanizminin hipoksiyaya (oksigen azlığına - desantçılara oksigen balonu verilməyəcəkdi) reaksiyası, AN-12 təyyarəsinin maksimum hündürlükdə (8000 m) sınaqdan keçirilməsi və s. 

Əməliyyatdan əvvəl ciddi hazırlıq işləri görüldü. Yüzlərlə namizəd sınandıqdan sonra 46 desantçı seçildi. Onlardan 36-sı həqiqi hərbi xidmətdə olanlar idi və 6100 metr hündürlükdəki əraziyə enəcəkdilər. Daha təcrübəli peşəkar desantçılar isə 7100 metr hündürlükdəki kiçik meydançaya (300 m x 100 m) enməli idilər. 

Seçilənlər dağlıq ərazilərdə sərt təlimlərdən keçdilər. Onlar üçün xüsusi idarəolunan paraşütlər hazırlandı. 7100 metr hündürlükdə meydançanın kiçikliyi desantçıların maksimum sürətlə təyyarəni tərk etməsini tələb edirdi. Bu ehtiyac xüsusi qurğunun yaradılmasına səbəb oldu. Həmin qurğu oturacaq-konteynerlərdə oturan 10 desantçını 2 saniyə ərzində çölə tullayırdı. 

*** 

Əməliyyat 1968-ci il iyulun 27-də keçirildi. Saat 09:30-da birinci AN-12 təyyarəsindəki 36 nəfər 6100 metr hündürlüyə tullandı. Həmin vaxt ikinci AN-12 təyyarəsi də havada idi, lakin oradakı desantın çıxışı iki saat ləngidi. Faciənin əsasını qoyan bu ləngimənin bir neçə səbəbi vardı. 

Əvvəla, komandanlıq birinci desantın nə qədər uğurlu olduğunu öyrənmək və bu məlumatın əsasında ikinci desanta icazə vermək niyyətində idi. Həmin məlumatı öyrənənə qədər ikinci səbəb yarandı: zirvədə külək gücləndi və istiqaməti dəyişdi. Bu isə şturmandan düzgün tullanış nöqtəsini müəyyənləşdirmək üçün yeni hesablamalar aparmağı tələb etdi. Hesablama müddətində üçüncü səbəb ortaya çıxdı: saat 11:00 radələrində Lenin zirvəsini buludlar örtdü. 

Həmin gün Lenin zirvəsinə 4 alpinist çıxmışdı. Valentin Bojukovun rəhbərlik etdiyi bu qrup hava şəraitini öyrənərək ratsiya ilə ikinci təyyarəyə xəbər verəcək, desant baş tutduğu halda onları qarşılayacaqdı. 

Qrup güclü külək (30 m/s) səbəbindən havanın desant üçün əlverişsiz olması qənaətinə gəldi, amma bunu təyyarəyə deyə bilmədi - sərt şaxta üzündən ratsiyanın batareyaları dondu. O zaman qrup başqa varianta əl atdı. Parçadan hazırlanaraq yerə sərilmiş və desanta icazə verən T hərfini beynəlxalq aviasiya koduna görə qadağa mənası verən xaç işarəsi (+) ilə dəyişdilər. Nə təyyarə, nə aşağıdakılarla əlaqə saxlaya bilməyən alpinistlər bir müddət keçdikdən sonra desantın baş tutmayacağını düşünüb aşağı düşməyə başladılar. Elə bu zaman aşağı enən desantçıları gördülər. 

Hərbi və komsomol rəhbərliyi tullanışın həmin gün keçirilməsində israrlı idi. An-12 iki saata yaxın havada dövrə vurduqdan sonra zirvə üzərində buludlar bir qədər parçalandı və “nəfəslik” açıldı. Saat təxminən 11:30-da xüsusi qurğu 10 desantçını çölə tulladı. 

Seyrək hava sıxlığı şəraitində desantçılar sürətlə aşağı enirdilər. Güclü külək iki nəfəri - Vyaçeslav Tomareviçi və Yuri Yumatovu qayalara çırpdı və onlar dərhal həlak oldular. Vladimir Mekayev və Valeri Qlaqolev hamar yerə endilər, lakin paraşütün qübbəsini dərhal yığışdıra bilmədilər - hipoksiya insanın reaksiyasını zəiflədir. Külək onları parça kukla kimi dağa-daşa çırparaq xeyli sürüdü. Makeyev az sonra, Qlaqolev ertəsi gün öldü. 

Desantçılar dəbilqə ilə deyil, adi tankçı papağı ilə tullanmışdılar. Belə papaq isə başı müdafiə edə bilməzdi. Hər dörd paraşütçünün ölüm səbəbi də kəllə əsasının sınığı oldu. 

10 desantçıdan yalnız Vladimir Prokopov nəzərdə tutulan meydançaya endi. Külək onu da uçuruma tərəf sürüyürdü, lakin Prokopov paraşütdən azad olmağa macal tapdı. O, sınığı olmasa da ciddi zədələr aldı və kömək yetişənə qədər ətraflarını don vurdu. Digər desantçılar arasında ən ağır xəsarəti qrupun rəhbəri Aleksandr Petriçenko aldı. Onun ayağı sındı, hipoksiyadan və donvurmadan kritik vəziyyətə düşdü. Qalan dörd nəfər xəsarətlər alsalar da, hipoksiya və donvurmadan əziyyət çəksələr də sümük sınığı olmadan qurtuldular. 

Valentin Bojukovun rəhbərlik etdiyi alpinistlər qrupu yenidən zirvəyə qalxaraq paraşütçüləri axtarmağa başladı. Görmə qabiliyyətinin məhdud olduğu şəraitdə onlar həmin gün yalnız iki nəfəri - Prokopov və Çijiki tapdılar və 6800 metr hündürlükdəki düşərgəyə endirdilər. Bu zaman Pamirin ətəklərində gözləyən rəhbər şəxslər isə baş verənlərdən xəbərsiz idilər. 

Bojukovun qrupundakı Valentin Suloyev ertəsi gün inanılmaz şücaət göstərdi: o, düşərgədən xizəklə sürətlə enərək aşağıdakıları xəbərdar etdi və yardım istədi. Son dərəcə ağır şəraitdə üç gün sürən xilasetmə əməliyyatından sonra sağ qalan 6 nəfərin hamısı, Tomareviç və Yumatovun da cəsədləri endirildi. Makeyev və Qlaqolevin cəsədləri isə yalnız 1 il sonra endirildi. 

*** 

“Pravda”, “Komsomolskaya pravda” və digər qəzetlər sovet paraşütçülərinin “Dünyanın damı”na enməsi barədə gurultulu məqalələr dərc etdilər və təbii ki, 4 nəfərin həlak olmasını yazmadılar. Bir il sonra 46 paraşütçü və 8 xilasedici “İgidliyə görə” medalı ilə təltif olunanda da 4 nəfərin ölümündən sonra təltif edilməsi yazılmadı. Əməliyyatın bütün iştirakçılarından susacaqları barədə iltizam alındı. Yalnız 20 il sonra SSRİ Müdafiə Nazirliyinin orqanı olan “Krasnaya Zvezda” qəzeti hadisə barədə gerçəkləri yazdı. 

Pamir faciəsinin təhlilindən və müzakirələrindən sonra 7 min metr hündürlükdəki zirvələrə desant çıxarılması məqsədəuyğun hesab edilmədi. Elbrus və daha az hündürlükdəki zirvələrə desant isə mütləq oksigen balonları və metal dəbilqə ilə atıla bilərdi. 

1968-ci il iyulun 27-də yaşanan o cəhənnəm zamanı zirvəyə kapsul basdırmaq, əlbəttə, kimsənin yadına düşmədi. Həmin kapsulda nə yazıldığı, onun sonrakı taleyi bilinmir. Bilinən odur ki, kapsulun açılmalı olduğu 2018-ci ildə nə SSRİ vardı, nə də komsomol…