Logo
news content

“Kraliça”nın donuz hədiyyəsi, böyük “qırğın”, tarixi savaşın zərif qalibi
“Uduzsaydım, 50 il geriyə düşəcəkdik"

ABŞ-da 1950-ci illərin ortalarından vüsət alan Vətəndaş hüquqları uğrunda hərəkat 1964-cü il iyulun 2-də “Vətəndaş hüquqları haqqında” Qanunun Konqres tərəfindən qəbulu və elə həmin gün prezident Lindon Conson tərəfindən imzalanması ilə nəticələndi. 

Qanunun VI maddəsi federal büdcədən maliyyə yardımı alan proqramlar çərçivəsində irqi mənsubiyyət, dərinin rəngi və etnik mənşə əsasında ayrı-seçkiliyi qadağan edirdi. Təhsili də əhatə edən bu müddəa, maraqlıdır ki, cinsi ayrı-seçkiliyi qadağan etmirdi. Halbuki əmək məşğulluğundan bəhs edən VII maddə yuxarıda sadalanan fərqlərlə yanaşı cinsi ayrı-seçkiliyi də qadağan edirdi. 

VI maddədəki bu boşluq feministlərin və bərabər hüquqlar uğrunda mübarizə aparan digər fəalların narazılığına səbəb oldu. Bernis Sandler, Qloriya Steynem, Florens Kennedi, məqaləmizin əsas qəhrəmanı olacaq tennisçi Billi Cin Kinq kimi feminist fəallar təhsildə də gender bərabərliyi uğrunda mübarizə apardılar. Siyasətçilərdən onlara Petsi Mink (Konqresə seçilən ilk rəngli və Asiya mənşəli qadın), Edit Qrin, Şirli Çisholm (Konqresə seçilən ilk qaradərili qadın), senator Birç Bayh və başqaları dəstək verirdi. 

1972-ci il iyunun 23-də prezident Riçard Nikson Konqresin hər iki palatası tərəfindən qəbul edilmiş “Təhsil qanununa düzəlişlər Aktı”nı imzaladı. 10 maddədən, 150 səhifədən ibarət olan sənəd bir çox icma xidmətlərini və proqramlarını, texniki, maliyyə və başqa məsələləri əhatə edirdi. Lakin onu ABŞ tarixində xüsusi edən IX maddədə (Title IX) ingilis dilində 37 sözdən ibarət bir cümlə idi: “Birləşmiş Ştatlarda heç bir şəxs federal maliyyə yardımı alan hər hansı təhsil proqramında və ya tədbirində iştirakdan cinsinə görə kənarlaşdırıla, onun üstünlüklərindən məhrum edilə və ya ayrı-seçkiliyə məruz qala bilməz”. Bununla da təhsil sahəsində gender bərabərliyi qanun səviyyəsində tanındı. 

*** 

Təhsildə gender bərabərliyi uğrunda mübarizə aparanlar və düzəlişlərin müəllifləri təxmin edirdilər, ya yox, hər halda, IX maddənin müddəalarından ən çox faydalanan sahə tələbə qadın idmanı oldu. 

O vaxta qədər isə bu sahədə vəziyyət acınacaqlı idi. Universitetlərin idmana ayırdığı vəsaitin yalnız 2 faizi qadın idmanının payına düşürdü. Qadın idmançı tələbələrin sayı 32 min, kişi idmançıların sayı isə 170 mindən çox idi. İstedadlı qadın idmançılara, kişilərdən fərqli olaraq, idman təqaüdü (burs), demək olar, verilmirdi. Hər 27 qadın tələbədən yalnız biri idmanla məşğul olurdu. 

Qadın idmanı gəlirsiz sayılırdı və ona pul ayırmaq artıq xərc sayılırdı. Qadınlar idmanla məşğul olmaq, yarışlarda iştirak etmək üçün lazım olan vəsaiti əksər halda özləri tapmalı olurdular. Məsələn, İmmakulata kollecinin tələbələri qadınlar arasında ilk ölkə çempionatının final mərhələsinin keçiriləcəyi İllinoys ştatına yollanmaq üçün küçədə diş fırçası sataraq pul topladılar. Amma yığdıqları vəsait yalnız 8 nəfərin getməsinə imkan verdi, 3 nəfər evdə qaldı. 

Onlar hoteldə iki nömrə tutaraq, hər birində dörd nəfər qaldılar. Formalarını əlüzyuyanın çanağında yudular və dörd oyunda qalib gələrək, ilk ölkə çempionu oldular. Bu uğuru növbəti iki ildə də təkrarladılar. Özü də 1974-cü il mövsümündə 20 oyunun hamısında qələbə çaldılar. 1975 və 1976-cı illərdə isə gümüş medal qazandılar. İmmakulata qızları haqqında 2009-cu ildə “The Mighty Macs” (Möhtəşəm maklar) adlı film çəkildi.

Universitet rəhbərləri IX maddənin tələblərindən həm hüquqi, həm də qeyri-hüquqi yollarla yayınmağa çalışırdılar. Məsələn, 1974-cü ildə Konqresə təqdim edilən və “Tauer düzəlişi” adlanan sənəd çox gəlirli Amerika futbolunu və kişi basketbolunu IX maddənin gender bərabərliyi kvotasından kənarda tutmağı təklif edirdi. Lakin bu və digər oxşar təşəbbüslər Konqres tərəfindən rədd edildi. 

O zaman bir çox universitetlərdə bayağı saxtakarlığa əl atdılar. İdmanla məşğul olan qızların sayı və onlara ayrılan vəsait şişirdilir, əslində pul yenə kişi idmanına gedirdi. Bəzən də ”imkanlarımız geniş deyil” deyib qadınlar üçün açıq-aşkar əlverişsiz şərait yaradırdılar. Məsələn, idman zalının səhər 5-6-da boş olacağını bildirirdilər, qızlar paltar otağından və duşdan istifadə etmək üçün oğlanları gözləməli olurdular və bu, bəzən saatlarla çəkirdi. Bir sözlə, IX maddədəki 37 sözə qarşı 100 fırıldaq tətbiq olunurdu. Belə davranışa qarşı ən ikonik etiraz aksiyası Yel universitetində keçirildi. 

Əvvəlcə ancaq kişilərin oxuduğu, qadınları isə 1969-cu ildən qəbul edən Yel universitetində qadın idmanı ekzotik bir şey idi. Bununla belə, burada qadınlardan ibarət yaxşı avarçəkmə komandası formalaşmışdı. Qadın və kişi avarçəkənlər universitetin yerləşdiyi Nyu Heyven şəhərindən avtobusla 30 dəqiqəlik məsafədə yerləşən Derbi qəsəbəsində, Husatonik çayında məşq edirdilər.

Bazadakı infrastruktur yalnız kişilər üçün nəzərdə tutulmuşdu. Zatən ayrı-seçkiliyə məruz qalan və köhnə avadanlıqlarla məşq edən qadınlar üçün paltar və duş otaqları yox idi. Məşqdən çıxan qızlar avtobusda tərli-tərli oturub kişilərin yuyunmasını gözləyir, sonra da elə məşq paltarında geriyə qayıdırdılar. Bu isə sağlamlıq üçün təhlükəsiz deyildi.

Qızlar bu vəziyyətə etiraz etmək qərarına gəldilər. Amma etirazın universitet divarları arasında qalması onun effektini sıfıra endirərdi. Komandanın kapitanı Kris Ernst ABŞ-ın ən nüfuzlu qəzetlərindən olan “The New York Times”ın idman müxbiri ilə əlaqə saxladı və martın 3-də Yeldə qeyri-adi bir etirazın baş verəcəyini bildirdi. Etiraz aksiyası universitetin idman direktoru Coni Barnettin kabinetində keçiriləcəkdi. 

Özü də qadın olan Coni Barnett cinslərin bərabərliyinin və “Title IX”-un tərəfdarı idi, amma onun edə biləcəyi bir şey yox idi. Universitet rəhbərliyi avarçəkmə bazasında qadınlar üçün paltar və duş otaqlarının tikintisinə pul ayırmaq istəmirdi. Ədalət naminə deyim ki, Yel universiteti bir qadını bütün tələbə idmanı üzərində direktor təyin etməklə bir ilkə imza atmışdı.

1976-cı il martın 3-də Kris Ernst və daha 18 qız, “The New York Times”ın foto müxbiri və idman müxbiri, eləcə də universitetin “Yale Daily News” qəzetinin əməkdaşı Coni Barnettin otağına daxil olaraq soyundular. Onların sinələrində və kürəklərində universitetin rəsmi rəngi olan, “Yale Blue” (Yel göyü) adlanan çalarla  “Title IX” yazılmışdı. 

Fotoqraf Nina Heyt masa üzərinə çıxaraq şəkil çəkməyə başladı, idman müxbiri David Sveyq isə etik davranaraq arxasını qızlara çevirib oturdu və Kris Ernstin səsləndirdiyi fikirləri yazdı. Yetərincə uzun olan çıxışın aşağıdakı parçası xüsusilə çox yayıldı. 

“Biz bədənimizi Yale Universitetinin idman uğurları, qələbələri və bu məktəbin nüfuzu üçün maksimum dərəcədə istifadə edirik, onu son həddinə qədər yükləyirik. Lakin bu universitet bizə məşqdən sonra dondurucu soyuqda bədənimizi təmizləmək, qızınmaq və xəstələnməmək üçün adi bir duş otağı belə vermir. Bu, insanlığa sığmayan bir laqeydlik və Title IX gender bərabərliyi qanununun birbaşa pozulmasıdır!”

İdmançı qızların etirazı “The New York Times”ın 4 mart tarixli sayında işıqlandırıldı və böyük rezonans doğurdu. “Sarmaşıq liqası”na daxil olan köklü bir universitetin “Title IX”-un qəbulundan 4 il sonra qadın idmançılarla belə davranması cəmiyyətin ciddi etirazına səbəb oldu. 

Yel universitetinin rəhbərliyi 19 qızın hamısına qarşı inzibati tədbir görməyi planlaşdırsa da, ictimai təzyiq və universitetin maliyyə donorlarının yardımı dayandırmaq hədəsi qarşısında geri çəkildi. Artıq bir neçə həftədən sonra bazada qadınlar üçün paltar və duş otağı istifadəyə verildi.

Həmin 19 qızdan biri Virginiya (Cinni) Gilder 1980-ci ildə ABŞ olimpiya komandasının üzvü seçildi, lakin boykot səbəbindən Moskva olimpiadasında iştirak edə bilmədi. 1984-cü il Los Anceles olimpiadasında isə dörd nəfərlik qayıqda gümüş medal qazandı.

İndi Husatonik çayı sahilində Yel universitetinə aid yeni qayıqçılıq bazası mövcuddur və o... Cinni Gilderin adını daşıyır. 50 il əvvəl qayıqçı qızlardan duş otağını əsirgəyən Yel universiteti indi bütün bazaya o qızlardan birinin adını verib. 

Yel universitetindəki etiraz aksiyası ABŞ idmanında gender bərabərliyi uğrunda mübarizənin önəmli hadisəsi sayılır. Bununla belə, “Title IX” deyəndə xatırlanan əsas idman hadisəsi tennis kortunda baş verdi və tarixə “cinslərin savaşı” adı ilə düşdü. 

*** 

“Təhsil qanununa düzəlişlər Aktı”nın qəbulundan iki ay sonra, 1972-ci il avqustun 28-də tennis üzrə açıq ABŞ çempionatı start götürdü. Qadın turnirinin qalibi Billi Cin Kinq oldu. O, 10 min dollar mükafat aldı. Halbuki kişi turnirinin qalibi İlie Nastase 25 min dollar qazandı. 

Feminist baxışları ilə tanınan və “Title IX”-dan da ruhlanan Billi Cin Kinq belə yanaşmaya etiraz etməyə başladı. O, US Open təşkilatçılarına ultimatum verdi ki, növbəti ildə mükafat fondu bərabərləşməsə, qadınlar turniri boykot edəcək. Aradakı fərq isə heç də az deyildi - o dövrün 10 min dolları indiki 110 min dollara ekvivalent sayılır. Belə böyük məbləği tapmaq təşkilatçılar üçün asan deyildi. 

Bu zaman səhnəyə keçmiş tennisçi Bobbi Riqqs çıxdı. Kişilər arasında keçmiş reytinq birincisi (1946 və 1947), üçqat US Open qalibi (1946, 1947 və 1949) olan Riqqs özünü “kişi şovinisti” adlandırırdı və qadınlara eyni mükafatın verilməsinin əleyhinə idi. 

Riqqs “mən bu yaşımda belə (1973-cü ildə 55 yaşı vardı) ən güclü qadın tennisçiləri udaram” deyib 29 yaşlı Kinqə matç təklif etdi. Amma Kinq mümkün məğlubiyyətin apardığı mübarizənin ziyanına olacağından ehtiyat edərək qəbul etmədi. 

O zaman Riqqs dövrün reytinq birincisi, qadın tennisinin 30 yaşlı əfsanəsi Marqaret Kortu dəvət etdi. Kort isə feminizmə biganə idi, hətta bəzi məsələlərdə, məsələn, abort hüququnda onların əleyhdarı idi. Üstəlik, udub-udmayacağından asılı olmayaraq, ona 20 min dollar məbləğində təminatlı priz vəd edilirdi. Halbuki 1973-cü ilin yanvarında vətəni Avstraliyanın açıq çempionatında qələbəyə görə Kort cəmi 5400 dollar mükafat almışdı. Beləliklə, təklifi qəbul etdi. 

Riqqs-Kort matçı 1973-cü il mayın 13-ə təyin edildi. Həmin il əla formada olan, Avstraliyada qələbə qazanmış, hələ Fransa və ABŞ açıq çempionatlarında da qələbə qazanacaq Kort matç ətrafındakı ajiotaja psixoloji cəhətdən tab gətirmədi və müqavimətsiz uduzdu: 2:6, 1:6. Oyun ABŞ-da Analar günü olan mayın ikinci bazar günü keçirilirdi və buna görə tarixə “Analar günü qırğını” adı ilə düşdü. Bu da 1929-cu ildə mafiyadaxili mübarizə zamanı Çikaqoda baş verən “Müqəddəs Valentin günü qırğını” ilə paralel təşkil edirdi. 

Matçdan sonra “Gördünüz? 25 min dollar qazanmaq istəyən qadın çempionunuz mənə asanlıqla uduzdu. Onlara bərabər pul vermək rüsvayçılıqdır!”  açıqlamasını verən Riqqs isə yenə “emansipasiya hərəkatının lideri” adlandırdığı Billi Cin Kinqə əlcək atdı. Kortun acınacaqlı məğlubiyyəti Kinqi bu dəfə dəvəti qəbul etmək məcburiyyəti qarşısında qoydu. 

Keçiriləcək görüşə maraq o qədər böyük idi ki, nəhəng mükafat fondu yaranmışdı: 100 min dollar. Özü də “udan hamısını aparır” qaydası tətbiq olundu. Bundan əlavə, yayım hüquqları, bilet satışı, reklam və suvenirlərdən gələn gəlirlər hesabına tərəflərin hər birinə 75 000 dollar çatacaqdı. Müqayisə üçün: elə həmin il Uimbldon qadın turnirində  qalib gələn Billi Cin 3 min funt (o dövrün kursu ilə 7,5 min dollar) qazanmışdı.

1973-cü il sentyabrın 20-də keçirilən və “Cinslərin savaşı” adını alan qarşılaşmanı təkcə ABŞ-da 50 milyon, xaricdə isə daha 40 milyon teletamaşaçı izlədi ki, bu da indiyə qədər yenilənməyən rekorddur. Daha bir müqayisə: ABŞ-da televiziya ilə ən çox izlənilən rəsmi tennis matçı 2001-ci il US Open finalında Serena Uilyams və Venus Uilyams qarşılaşması olub - 23 milyon.

Oyun öncəsi ajiotaj görünməmiş həddə çatdı. Bukmekerlər mərc qoyuluşlarını Riqqsin xeyrinə 5:2, 8:5 nisbətində qəbul edirdilər. Lakin mərclər təkcə totalizatorla məhdudlaşmırdı. Amerikada hamı, hətta ər və arvadlar belə müxtəlif şeylərdən, məsələn, qabları kimin yuyacağından mərc edirdilər. Reklamın dəqiqəsi 80 min dollara satılırdı.

Qadınlara az pul verilməsi tərəfdarlarının arqumentlərindən biri də o idi ki, kişilər üç setdə qələbəyə qədər oynadıqları halda, qadınların matçı iki setdə qələbəyə qədər sürürdü. Billi Cin də bu üzdən Riqqslə oyunun üç setdə qələbəyə qədər davam etməsi ilə razılaşdı. Oyun 1973-cü il sentyabrın 20-də Hyustonun “Astrodome” arenasında keçiriləcəkdi. 

30,5 min (daha bir rekord) tamaşaçının izlədiyi görüş şou ilə başladı. Billi Cin korta qədim Misir kraliçası Kleopatra üslubunda, üstü lələklərlə bəzədilmiş taxt üzərində, qurşağa qədər çılpaq dörd kişi tərəfindən daşınaraq daxil oldu. Bobbi Riqs isə model qadınların çəkdiyi bir rikşa ilə korta gəldi. Oyuna başlamazdan əvvəl Riqqs Kinqə nəhəng bir "Sugar Daddy" konfeti verdi. King isə buna qarşılıq olaraq kişi şovinizminin simvolu olaraq diri donuz balası hədiyyə etdi.

Oyunun əvvəli sanki proqnozları doğruldurdu. Birinci setdə hesab 2:2 olarkən Riqqs rəqibin servisini götürdü və hesabda irəli çıxdı. Amma bu zaman aydın oldu ki, Billi Cin xüsusi taktika ilə oynayır. Adətən tora çıxmağı sevən Cin indi arxa xətdə oynayır və hər xalın uzun mübarizədən sonra qazanılmasına nail olmağa çalışır, topu gah sağa, gah sola göndərərək Riqqsi taqətdən salırdı. Nəticədə Kinq həm birinci, həm də sonrakı iki seti qazanaraq (6:4, 6:3, 6:3) inamlı qələbə çaldı. 

“Cinslərin savaşı” ABŞ idmanında qadınların bərabər hüquqlar qazanması uğrunda mübarizənin ən böyük hadisəsi sayılır. Billi Cin Kinq özü sonralar bu hadisəyə belə qiymət verirdi: “O oyunda uduzsaydım, qadın idmanının və qadınların özünə inamının 50 il geriyə düşəcəyini düşünürdüm".

Bu əfsanəvi qarşıdurma və onun pərdəarxası məqamları haqqında 2017-ci ildə “Cinslərin savaşı” (Battle of the Sexes) adlı bədii film çəkildi. Baş rolları Emma Stoun və Stiv Karelin oynadığı film yetərincə yüksək reytinqə malikdir. 

***

Billi Cin Kinq “Cinslərin savaşı”ndan əvvəl daha bir qələbə qazanmışdı. 27 avqust - 9 sentyabr tarixlərində keçirilən ABŞ açıq çempionatında ilk dəfə qadın və kişi qaliblər üçün bərabər mükafat nəzərdə tutulmuşdu: 25 min dollar. Və bu mükafatı gender bərabərliyi uğrunda mübarizəyə qoşulmayan Marqaret Kort qazandı. Billi Cin Kinq isə mübarizəsinin maddi bəhrəsini 1974-cü ildə, dördüncü dəfə ABŞ çempionu olanda qazandı. 

Digər üç “Böyük dəbilqə” turnirlərinin bərabər mükafatlar təyin etməsi XXI əsrdə baş verdi. 2001-ci ildə Avstraliya açıq çempionatında, 2006-cı ildə Fransa açıq çempionatında və 2007-ci ildə Uimbldonda qadın və kişi turnirlərində mükafatlar bərabərləşdirildi. Ədalət naminə qeyd etmək lazımdır ki, ötən illər ərzində mükafatlardakı fərq xeyli azalmışdı. Məsələn son “qeyri-bərabər” Uimbldon turnirində kişilər arasında qalib olan Rocer Federer 655 min funt, qadın qalib Ameli Moresmo isə 625 min funt qazandı. 

*** 

Beləliklə, “Təhsil qanununa düzəlişlər Aktı”nın 37 sözdən ibarət olan və o sözlərdən heç birinin “idman” olmadığı IX maddəsi, eləcə də onun faktiki tətbiqi uğrunda ardıcıl mübarizə ABŞ qadın idmanına böyük töhfə verdi. 

“Title IX”-a qədər ABŞ-da hər 27 qadın tələbədən biri idmanla məşğul olurdusa, indi bu nisbət 1/5-dir. İndi 300 mindən çox qadın tələbə idmanla məşğul olur və onlar ümumi sayın təxminən 43 faizini təşkil edirlər. Qadın və kişi idmanına bərabər maliyyə ayrılır. İndi qadınlar da idman təqaüdlərindən (burs) yararlanırlar.

Bütün bunların nəticəsidir ki, son dörd yay olimpiadasında ABŞ milli komandasının heyətində qadınlar çoxluq təşkil edir. Məsələn, 2024-cü il olimpiadasında iştirak edən ABŞ komandasındakı 592 idmançının 314-ü qadın idi. ABŞ komandasının qazandığı 120 medaldan 65-i qadınların payına düşür. Qızıl medallarda qadınların payı daha çoxdur: 40 medaldan 25.