Ali təhsil: kütləvilikdən elitaya
Qlobal dəyişikliklər kontekstində bu sistemi yenidən nəzərdən keçirməyə ehtiyac var
16 Sentyabr 2024
Etiraf etmək lazımdır ki, ən azı postsovet məkanında son bir neçə nəsil üçün “adam arasına çıxmaq” arzusu ali təhsil almaq demək idi. Bu, prinsipcə, insanları böyük şəhərlərdə işlə təmin etməliydi. Sonrası isə şansa bağlıydı. Hələ də davam edən bu tendensiyanın nəticəsidir ki, Azərbaycanda əmək bazarında çoxlu sayda vakant yerlər olmasına baxmayaraq, sertifikatlı hüquqşünaslar, iqtisadçılar və digər “nüfuzlu” peşələrin nümayəndələri üstünlük təşkil edir.
Bir neçə il əvvəl təsadüfi olaraq keçirdiyim sorğu zamanı məlum oldu ki, respondentlərin təxminən 53%-i əsas ixtisası üzrə işləmir. Niyə? Çox vaxt səbəb maaşların aşağı olması və işə düzəlməyin çətinlikləri ilə bağlı olur. Rəyi soruşulanların 20%-ə yaxını isə ümumiyyətlə həyatlarında bir gün belə öz ixtisasları üzrə işləmədiklərini bildiriblər. Əslində, Azərbaycanda və bütün postsovet məkanında təhsil “konveyerə” qoyulub. Bu hal, çoxlu sayda insana əsas bilik və bacarıqlar vermək lazım olanda yaxşıdır (məsələn, 1919-cu ildə SSRİ-də savadsızlığın kütləvi şəkildə aradan qaldırılmasına başlanıldığı kimi). Lakin sürətlə dəyişən iqtisadi şərtlər daxilində təhsilə bu cür yanaşma qəbuledilməzdir. Ən əsası odur ki, insanların təhsildən gözləntiləri də dəyişib.