
Neftdən günəşə və küləyə: Azərbaycanın yeni enerji strategiyası
“Dəyişiklik yeni həll yollarına hazır olanlar üçün fürsət yaradır” - Peter Druker
10 Oktyabr 2024
Azərbaycanın enerji sektoru neft və qaz ixracından sabit vəsait axınını təmin edərək, onilliklər ərzində iqtisadiyyatın lokomotivi olub. Amma dünya sürətlə dəyişir və qlobal enerji trendləri yeni oyun qaydaları diktə edir. Aşağı karbonlu iqtisadiyyata keçid, bərpa olunan enerji mənbələrinin inkişafı və neft qiymətlərinin dəyişməsi daha çox çeviklik tələb edir.
Qlobal enerji sənayesi hər keçən il karbon tullantılarının azaldılmasına daha çox diqqət yetirir və ölkələr günəş və külək enerjisinə sərmayə qoyaraq, getdikcə daha çox “yaşıl” texnologiyalar tətbiq edirlər. İqtisadiyyatında karbohidrogen ixracının əsas yer tutduğu Azərbaycan üçün bu dəyişikliklər yeni yanaşmaların axtarışını zəruri edir. Ölkədə müşahidə olunan neft hasilatının azalması və dünya bazarında neftin qiymətinin aşağı düşməsi büdcəyə ciddi təzyiqlər yarada bilər və buna görə də, gəlir mənbələrinin şaxələndirilməsi məqamını qaçırmamaq vacibdir...
Azərbaycan üçün əsas istiqamətlərdən biri bərpa olunan enerji mənbələrinin inkişafıdır. Belə bir anlayış var: günəş hamı üçün parlasa da, yalnız onun enerjisindən maksimum səmərəli istifadə edə bilənlər uduşda olacaq. Azərbaycan artıq bu istiqamətdə ilk addımları atır. Biz nəinki gələcəyi proqnozlaşdırmağa, həm də onu özümüz fəal şəkildə yaratmağa çalışırıq. Ölkəmizdə günəş və külək enerjisinin tətbiqi təkcə strategiyanın tərkib hissəsi deyil, həm də gələcək nəsillər üçün sabitliyin təminatına çevrilir.
Təmiz enerji sahəsində liderlərdən biri olmaq üçün bir neçə ardıcıl addım atılmalıdır: Birincisi, əlverişli qanunvericilik bazası yaradılmalıdır. Enerji sahəsində innovasiyaları dəstəkləyən, eləcə də bərpa olunan enerji mənbələrinin inkişafına təkan verən qanunlar hazırlamaq lazımdır. İkincisi, təmiz enerji startapları ən müasir tədqiqat mərkəzlərinə, yüksək sürətli şəbəkələrə çıxışa, günəş panelləri və ya külək turbinləri kimi texnologiyalar üçün enerji laboratoriyalarına və sınaq meydanlarına ehtiyac duyur. Üçüncüsü, insan kapitalının inkişafıdır. Texniki universitetlərdə kadrların hazırlanması, xarici mütəxəssislərin cəlb edilməsi və xarici tədqiqat mərkəzləri ilə bilik mübadiləsinə şərait yaradılması Azərbaycanın bu sahədə rəqabətə davamlı olmasına kömək edə bilər. Dördüncüsü, beynəlxalq təmiz enerji layihələrinə qoşulmaq. Avropa İttifaqının təşəbbüsləri kimi beynəlxalq layihələrdə iştirak və ya Almaniya kimi ölkələrlə əməkdaşlıq investisiya cəlb etməyə kömək edəcək. Azərbaycan yeni texnologiyaların inkişafı və tətbiqi üzrə qlobal zəncirin bir hissəsi ola bilər.
Uğurlu modelin nümunəsi kimi İslandiya və Almaniyanı misal göstərmək olar. İslandiya öz geotermal resurslarından startap ekosistemi yaratmaq üçün istifadə edir. Məsələn, Carbon Recycling International karbon qazını yanacağa çevirir. Almaniyada Energiewende strategiyası Sonnen kimi enerji qoruma startaplarını dəstəkləyir, onları hökumət qrantları və inkubatorlar vasitəsilə inkişaf etdirir. Təbii günəş və külək sərvətlərinə malik olan Azərbaycan onların ən yaxşı təcrübələrini mənimsəyə bilər.
Azərbaycanın qlobal karbon bazarından faydalana bilməsi üçün tullantıların azaldılmasının daha dəqiq qiymətləndirilməsinə imkan verəcək parnik qazlarının monitorinqinin həyata keçirilməsi vacibdir. Qlobal bazara inteqrasiya olunmaq üçün isə Azərbaycan Aİ-nin dünyada ən böyük “Tullantıların ticarət sistemi” (EU ETS) kimi iqlim sazişlərinə qoşula bilər. Nəhayət, tullantıları azaldan müəssisələr üçün vergi güzəştləri və subsidiyaların tətbiqi investorları cəlb etməyə və təmiz texnologiyaların tətbiqini sürətləndirməyə kömək edəcək.
Mən “təmiz texnologiyalar”ın tətbiqi sahələri və sənaye müxtəlifliyinin hamısını əhatə edə bilmərəm. Lakin aydınlıq üçün ən azı bir nümunə göstərə bilərəm. Ölkədə turizm sektorunun inkişafı ilə bağlı uzunmüddətli planları nəzərə alsaq, biz mütləq şəkildə restoran biznesinin, kafe və kababxanaların inkişafına dəstək verməli olacağıq. Karbon kvotaları və ekoloji təşəbbüslər kontekstində isə aşağıdakılar imtiyazlar və subsidiyalar təklif edilə bilər:
Enerjiyə qənaət edən avadanlıqlardan istifadə üçün vergi güzəştləri: Məsələn, enerjiyə qənaət edən cihazlara, günəş panellərinə və ya istilik saxlayan sistemlərə keçən müəssisələrə gəlir və ya əmlak vergisində güzəşt oluna bilər...
Tullantıların idarə edilməsi sistemlərinin quraşdırılması üçün qrantlar: Üzvi tullantıların təkrar emalı sistemlərini tətbiq edən və ya ekoloji təmiz qablaşdırmaya keçən restoran və kafelər təkrar emal avadanlıqları və ya xidmətlərin dəyərinin bir hissəsini ödəmək üçün qrantlar ala bilərlər.
Yerli məhsullardan istifadə üçün stimullar: Yerli fermerlərdən məhsul əldə etməklə karbon tullantılarını minimuma endirən müəssisələr bələdiyyə binalarının icarəsi zamanı endirimlər və ya hökumət proqramları vasitəsilə bizneslərini inkişaf etdirmək üçün dəstək ala bilərlər...
“Yaşıl sertifikatlı” restoranlar üçün güzəştlər: Yaşıl standartlara cavab verən restoranlar tullantıları azaltdıqları və ekoloji cəhətdən təmiz materiallardan istifadə etdikləri təqdirdə onları sertifikatlaşdırmaq üçün proqram hazırlamaq, vergi güzəştləri təqdim etmək.
“Yaşıl məkan” qrantları: Yaşıllıq sahələr yaradan və ya şaquli bağlar tətbiq edən kafe və restoranlar abadlıq və ətraf mühitin yaxşılaşdırılması üçün dəstək ala bilərlər.
Sadaladıqlarımın əksəriyyəti mənim tərəfimdən icad olunmayıb, bəzi Avropa ölkələrində mövcud təcrübədən götürülüb. Bu tədbirlər təkcə tullantıların azaldılmasına kömək etməyəcək, həm də ekoloji cəhətdən məsuliyyətli biznesin böyüməsini stimullaşdıracaq. Bu da öz növbəsində Azərbaycanın iqlim diplomatiyası çərçivəsində regionda və ümumilikdə beynəlxalq arenada mövqeyini gücləndirəcək. Təmiz texnologiyalar tətbiq etməklə Azərbaycan qlobal enerji zəncirlərində rolunu gücləndirərək qonşu regionlara bərpa olunan enerji tədarükçüsünə çevrilə bilər. Strateji prinsip belə olmalıdır: “Gələcəyin enerjisi təkcə təbiətin gücü deyil, həm də xalqları birləşdirən gücdür”.