Logo
news content

İqlim dəyişikliyinə adaptasiya: Azərbaycan üçün strateji vəzifə
"Ən güclü və ən ağıllı deyil, dəyişməyə ən həssas olanlar sağ qalır" - Çarlz Darvin

İqlim dəyişikliyi bəşəriyyətin qaçılmaz olaraq üzləşdiyi davamlı prosesdir. Onun qarşısını almağın mümkün olmadığını başa düşülməsi, səyləri ona adaptasiya olmağa yönəltməyin zəruriliyini vurğulayır. Bütün dünyada olduğu kimi Azərbaycanda da iqlim dəyişikliyinin insanların həyatına, iqtisadi fəaliyyətinə və regionların rifahına təsiri nəzərə alınmalıdır.

“Təbii Dəyişikliklər və İnzibati Qərarlar” adlı məqaləmizdə iqlim dəyişikliyinin regional sərhədlərə yenidən baxılmasına, əhalinin yerdəyişməsinə və iqtisadi aktivliyin dəyişməsinə necə səbəb ola biləcəyini müzakirə etmişdik. Bu məqaləmizdə isə həmin problemin müzakirəsini davam etdirərək, strateji hədəf kimi adaptasiyaya diqqət yetirəcəyik.

İqlim dəyişikliyinə adaptasiya hökumətin, biznesin və elmin əlaqələndirilmiş səyini tələb edir. Bununla belə, bütün ölkələr üçün universal həll yolu yoxdur - hər bir ölkə özünəməxsus iqlim problemləri ilə üzləşir. Buna baxmayaraq, ümumi prinsiplər var və onlar bizdə də tətbiq oluna bilər. İqlim dəyişikliyi senarilərindən asılı olmayaraq təsirli olan tədbirlərə xüsusi diqqət yetirilməlidir. Məsələn, bir çox ölkələr müxtəlif iqlim senarilərini modelləşdirmək və onların nəticələrini qiymətləndirmək üçün imitasiyalardan istifadə etməyə başlayıblar. İqlim dəyişikliyindən asılılığı azaltmaq üçün hazırda tətbiq olunanlardan daha geniş tədbirlər tələb olunur.

Beləliklə, adaptasiya elmdən başlamalıdır. Məhz elm həll yollarını tapmalıdır. Azərbaycanda əvvəllər onun üçün xarakterik olmayan yeni iqlim problemləri yarana bilər. Məsələn, qışda və yayda temperaturun kəskin dəyişməsi mümkündür. Bu da xüsusilə Bakıda və digər şəhərlərdə beton konstruksiyaların sürətlə dağılmasına səbəb ola bilər. Yağışların normasının dəyişməsi də torpaq eroziyasına və sürüşmələrə səbəb ola bilər ki, bu da ölkənin dağlıq rayonları üçün xüsusilə təhlükəlidir. Bundan əlavə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ciddi problemə çevriləcək. Bu da əvvəlki limanların yoxa çıxmasına və ekosistemdə dəyişikliklərə səbəb ola bilər. Son nəticədə bu hal balıqçılıq və digər sahilyanı sənaye sahələrinə mənfi təsir göstərəcək. Bunlar iqlim dəyişikliyinin mümkün nəticələri ilə bağlı bəzi ehtimallardır. Elmin vəzifəsi isə belə senariləri öyrənmək və effektiv həll yolları təklif etməkdir.

Beləliklə, iqlim dəyişikliyinə adaptasiya cəmiyyətin bütün üzvlərinin iştirakını tələb edən mürəkkəb bir işdir. Bu, elmdən başlayan, dövlət tərəfindən dəstəklənən və bizneslə əməkdaşlıq şəraitində həyata keçirilən prosesdir.

Dəyişən iqlim şəraitinə adaptasiya strategiyasının bir hissəsi kimi bir neçə əsas istiqamət müəyyən edilə bilər.

Birincisi, qoruyucu tikililər. Yaşayış məntəqələrini və kənd təsərrüfatı torpaqlarını sel, daşqın və dolunun dağıdıcı təsirindən qoruyan drenaj kanallarının, sahil mühafizə sistemlərinin və digər mühəndis qurğularının tikintisi. Belə təbiət hadisələrinin sayının xeyli artdığı Azərbaycanda bu tədbir xüsusilə aktuallaşıb.

İkincisi, erkən xəbərdarlıq sistemləri. Təbii fəlakətlər barədə vaxtında xəbərdar etmək imkanı olan bu sistemlər adaptasiya strategiyasının mühüm elementidir. Onların milli və regional fövqəladə reaksiya xidmətləri ilə inteqrasiyası zərəri minimuma endirməyə kömək edəcək. Buna misal olaraq Yaponiyanı göstərmək olar. Orada effektiv zəlzələ və sunami xəbərdarlığı sistemi təbii fəlakətlərdən itkiləri əhəmiyyətli dərəcədə azaldıb.

Üçüncüsü, kənd təsərrüfatının adaptasiyası. Quraqlığa davamlı bitkilərin becərilməsinə keçid və müasir suvarma və su idarəetmə sistemlərinin tətbiqi. İsrail uzun illərdir ki, damcı suvarma üsulundan uğurla istifadə edir və quraqlığa davamlı məhsullar yetişdirir. Bu da sudan istifadənin səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb.

Və nəhayət, kommunikasiya və infrastrukturun çevikliliyinin təmin edilməsi. Yeni çağırışlara tez cavab vermək üçün rabitə, kommersiya fəaliyyəti və dövlət idarəçiliyi sistemlərinin nəzərdən keçirilməsi və adaptasiyası. Məsələn, Norveç nəqliyyat və enerji infrastrukturunun iqlim dəyişikliyinə uyğunlaşmasını aktiv şəkildə inkişaf etdirir. Bura ekstremal hava şəraitinə davamlı yolların və binaların tikintisi də daxildir.

Bu tədbirlər kompleks yanaşma və hökumət, biznes və elmi cəmiyyət arasında sıx qarşılıqlı əlaqə tələb edir. Elmin işinin təşkili və maliyyələşdirilməsi bir neçə əsas aspektləri əhatə edə bilər.

Dövlət çox vaxt elmi tədqiqatların maliyyələşdirilməsində aparıcı rol oynayır. Bu, dövlət qrantları və məqsədyönlü proqramlar vasitəsilə həyata keçirilə bilər. Mənə elə gəlir ki, Azərbaycanda bu cür maliyyəni iqlimşünaslıq, ekologiya və kənd təsərrüfatı elmləri sahəsində tədqiqatlara yönəltmək olardı. Məsələn, Avropa İttifaqının Horizon Europe adlı proqramı var. Bu proqram iqlim dəyişikliyi və davamlı inkişafla bağlı tədqiqat və innovasiyalara əhəmiyyətli vəsait ayırır. Bundan əlavə, Dünya Bankı, Qlobal Ekologiya Fondu (GEF) və ya BMT proqramları kimi beynəlxalq təşkilatlar və fondlar elmin maliyyələşdirilməsində mühüm rol oynaya bilər. Məsələn, GEF proqramı çərçivəsində bütün dünyada müxtəlif layihələr, o cümlədən kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiyası üzrə tədqiqatlar maliyyələşdirilir.

Yalnız səylərimizi birləşdirməklə Azərbaycanın uzunmüddətli perspektivdə davamlı inkişafını təmin edəcək effektiv adaptasiya strategiyasını hazırlaya bilərik. 

"Dəyişikliyin sirri bütün enerjinizi köhnə ilə mübarizə aparmağa deyil, yenini yaratmağa yönəltməkdir" - Sokrat.