Dünyaya açılan pəncərəmiz: Beynəlxalq turizm niyə vacibdir?
Biz dünyanı ziyarətə dəvət edəndə təkcə ölkəni nümayiş etdirmirik, həm də gələcək üçün körpülər qururuq...
06 Noyabr 2024
Beynəlxalq turizm təkcə ölkəyə pul cəlb etmək vasitəsi deyil. Bu, bütün dünyanın hər bir xalqın kimliyini və mədəni irsini görə və qiymətləndirə biləcəyi bir pəncərədir. Bəs, bu, Azərbaycana lazımdırmı? Cavab aydındır - bəli!
Zəngin tarixə, nadir mədəniyyətə və unikal təbii sərvətlərə malik Azərbaycanın dünyanın hər yerindən gələn turistlər üçün cəlbedici məkana çevrilmək şansı var. Əlbəttə, COP29 konfransı beynəlxalq diqqəti ölkəmizə cəlb etdi. Bu cür tədbirlər ümumilikdə yerli iqtisadiyyata müsbət təsir göstərir və daha çox turist gəlməsinə səbəb olur. Onlar ilk növbədə “sərgi və konfrans turizmi” üçün imkanlar yaradır (yeri gəlmişkən, çox maraqlı istiqamətdir). Hesab edirəm ki, Azərbaycanın son illər müxtəlif beynəlxalq forumların mərkəzinə çevrilməsi təsadüfi deyil. Məsələn, yaxın bir neçə il ərzində Bakıda bir sıra mühüm tədbirlər nəzərdə tutulub. Onların arasında Ümumdünya Şəhər İnkişafı Forumunun 13-cü sessiyası, İƏT-in XVI İslam Sammiti, STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı, idman da daxil olmaqla bir çox başqa tədbirlərdə var. Amma hər şeyi sıra ilə nəzərdən keçirək...
Bəs xarici turistlər bu gün Azərbaycanı necə görürlər? Çoxları üçün Azərbaycan qədim ənənələrin müasir həyatın dinamikası ilə qovuşduğu məkan - Şərqlə Qərbin qarışığıdır. Bakı qədim məhəllələrin fonunda alov göydələnləri, Qarabağ bərpa olunmuş təbii sərvətləri və mədəniyyət abidələri, həmçinin son vaxtların “çox əlamətdar döyüş meydanı” kimi ziyarətçiləri cəlb edir. Unutmayaq ki, Vətən Müharibəsi döyüş sənətinə bir neçə əsas yenilik gətirdi. Birincisi, pilotsuz təyyarələrin kütləvi istifadəsi hava əməliyyatlarına yanaşmanı dəyişdi və bu cür texnologiyaları əlçatan və effektiv etdi. Bundan əlavə, dəqiq zərbələrə və real vaxt rejimində kəşfiyyata üstünlük verilməsi əsgərlər arasında itkiləri azaltdı. İkincisi, dronlardan və digər sistemlərdən əldə edilən məlumatların vahid rəqəmsal şəbəkəyə inteqrasiyası qüvvələrin daha yaxşı idarə edilməsi və koordinasiya olunmasına imkan yaratdı. Bu yenilikləri və onların formalaşmasındakı rolumuzu hansısa formada qonaqlara təqdim etməyi bacarmalıyıq.
Lakin turistlərin ölkəmiz haqqında təsəvvürü çox vaxt Bakının əsas görməli yerləri ilə məhdudlaşır. Hardasa oxumuşdum ki, turistlərin cəmi 15%-i qısa müddətə bölgələrə səfər edir. Azərbaycanın səyahət xəritəsində canlı istiqamətə çevrilməsi üçün daha çox - adi turizm marşrutlarından kənarda qalan bütün müxtəliflik göstərilməlidir. Çoxları "Qonaqları başqa nə ilə təəccübləndirmək olar?" soruşurlar. Bir neçə istiqaməti sadalamağa çalışaq:
Birincisi, “mədəni festivallar”. Bir çox turistlər təkcə tarixi abidələri deyil, həm də mədəniyyəti şəxsən yaşamaq imkanı axtarırlar. Azərbaycanda ənənəvi milli musiqi, rəqs və sənətkarlıq festivalları inkişaf edə bilər. Məsələn, muğam festivalı turistlər üçün qədim zamanlardan gələn musiqiyə qərq olmaq üçün unikal imkandır. Hər il beynəlxalq caz festivalı təşkil etmək cəhdi var idi. Amma nədənsə bunun “əhatə dairəsi”, necə deyərlər, “tanıdılması” çatışmır. Bəlkə bu festivalı müəyyən ölkələr qrupu üçün müntəzəm təşkil etməyə çalışaq? Məsələn, Türk Dövlətləri Təşkilatı (TDT), Qoşulmama Hərəkatı və ya Müstəqil Dövlətlər Birliyi (MDB) üçün. Bu yanaşma musiqisevərləri cəlb edə və yeni hisslər arzulayan hər kəs üçün xüsusi atmosfer yarada bilər.
İkincisi, bir çox turistləri adi mənzərələrə bənzəməyən yerlər cəlb edir. Azərbaycan, nadir təbiət fenomenləri axtaranlar üçün Qobustandakı unikal qayaüstü rəsmləri və Yanardağın əbədi alovlarını təklif edə bilər. Palçıq vulkanları və ucqar dağ kəndləri, təbiətdən həzz və ənənəvi kənd həyatı ekoturizm üçün əla vasitədir.
Üçüncüsü, qastronomik turlar. Azərbaycan mətbəxi əsl “ləzzət xəzinəsi”dir və turistləri cəlb etmək üçün güclü alətə çevrilə bilər. Plov, dolma, kabab – bu, kulinariya aysberqinin yalnız görünən hissəsidir. Yerli aşpazların ustad dərsləri ilə müşayiət olunan 3-5 günlük kulinariya turları müxtəlif ölkələrin qurmanları üçün əsl istirahət ola bilər. Qədim reseptlər əsasında hazırlanan müxtəlif yeməklər və şirniyyatlar ölkəmizə səyahətin parlaq xatirəsinə çevriləcək. Yeri gəlmişkən, ustad dərsləri zamanı turistlərin əldə edə biləcəyi müxtəlif yeməklər üçün reseptlər (müxtəlif dillərdə) olan kiçik kitablar və hətta vərəqələr nəşr etmək pis olmaz.
Dördüncüsü, tarixi və dini marşrutların böyük potensialı var. Bu sahədə mütəxəssis olmasam da, Azərbaycanda YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bir sıra obyektlər olduğu məlumdur. Qədim məbədlər, məscidlər və müqəddəs yerlər mənəvi ənənələrlə maraqlanan turistləri cəlb edə biləcək “həcc” marşrutları ola bilər.
Bununla belə, məncə, xüsusilə Naftalan neftinin turizm mənbəyi kimi unikal xüsusiyyətləri nəzərə alınsa, sağlamlıq turizmi daha perspektivli istiqamətə çevrilə bilər. Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzurda sağlamlıq turizminin inkişafı üçün yüksək potensiala malik ərazilər var. Mineral və termal bulaqları ilə məşhur olan Kəlbəcər, eləcə də sağlamlıq üçün faydalı su ehtiyatları ilə zəngin olan Laçın xüsusilə qeyd olunmalıdır.
Əminliklə deyə bilərik ki, beynəlxalq turizm təkcə iqtisadi resurs deyil. Bu, Azərbaycana təkcə gəlir gətirmək deyil, həm də dünya miqyasında imicini gücləndirmək, ölkənin mədəni, təbii və tarixi sərvətlərini üzə çıxarmaq imkanıdır. Bu, dünyaya kim olduğumuzu göstərmək şansıdır…