Ali təhsil: kütləvilikdən elitaya
Qlobal dəyişikliklər kontekstində bu sistemi yenidən nəzərdən keçirməyə ehtiyac var
16 Sentyabr 2024
Son 10 ildə həm texnologiyanın sürətli inkişafı, həm də ictimai tələblərin dəyişən nəticəsində təhsil də bir çox cəhətdən dəyişib. Məktəblərdə və universitetlərdə geniş yayılan interaktiv lövhələr, planşetlər və digər elektron qurğular insanlara təkcə auditoriyalarda deyil, həm də onlayn şəkildə təhsil almaq və öyrətmək imkanı verdi.
Etiraf etmək lazımdır ki, ən azı postsovet məkanında son bir neçə nəsil üçün “adam arasına çıxmaq” arzusu ali təhsil almaq demək idi. Bu, prinsipcə, insanları böyük şəhərlərdə işlə təmin etməliydi. Sonrası isə şansa bağlıydı. Hələ də davam edən bu tendensiyanın nəticəsidir ki, Azərbaycanda əmək bazarında çoxlu sayda vakant yerlər olmasına baxmayaraq, sertifikatlı hüquqşünaslar, iqtisadçılar və digər “nüfuzlu” peşələrin nümayəndələri üstünlük təşkil edir.
Bir neçə il əvvəl təsadüfi olaraq keçirdiyim sorğu zamanı məlum oldu ki, respondentlərin təxminən 53%-i əsas ixtisası üzrə işləmir. Niyə? Çox vaxt səbəb maaşların aşağı olması və işə düzəlməyin çətinlikləri ilə bağlı olur. Rəyi soruşulanların 20%-ə yaxını isə ümumiyyətlə həyatlarında bir gün belə öz ixtisasları üzrə işləmədiklərini bildiriblər. Əslində, Azərbaycanda və bütün postsovet məkanında təhsil “konveyerə” qoyulub. Bu hal, çoxlu sayda insana əsas bilik və bacarıqlar vermək lazım olanda yaxşıdır (məsələn, 1919-cu ildə SSRİ-də savadsızlığın kütləvi şəkildə aradan qaldırılmasına başlanıldığı kimi). Lakin sürətlə dəyişən iqtisadi şərtlər daxilində təhsilə bu cür yanaşma qəbuledilməzdir. Ən əsası odur ki, insanların təhsildən gözləntiləri də dəyişib.
Hazırda Azərbaycanda həm dövlət, həm də özəl ali məktəblərdə bakalavr, magistratura və doktorantura pilləsindən ibarət vahid təhsil sistemindən istifadə olunur. Bakalavr proqramları ali təhsil almaq üçün məcburi minimumdur. Biznesdə və ya elmdə özləri üçün daha parlaq gələcək qurmaq istəyənlər təhsillərini magistr proqramında davam etdirməyi seçirlər. Doktorantura elmi və ya müəllimlik karyerası üçün zəruri olan təhsildir. Belə təhsil sistemi rahat və kifayət qədər şəffafdır, bu da onu gənclər üçün əlçatan edir. Lakin məncə, bu sistem artıq köhnəlib.
Gəlin, universitetlərin gələcəkdə inkişaf perspektivlərini müzakirə edək. Hesab edirəm ki, yaxın illərdə biz ali təhsilin kütləvilik xarakterində azalma ilə üzləşəcəyik. İyirmi ildən sonra isə dünyanın aparıcı universitetlərinin vahid şəbəkədə birləşməsini görə bilərik. Bu universitetlər ilk növbədə əhalinin imtiyazlı qruplarından və xüsusilə istedadlı insanlardan “dünya elitası”nı hazırlayacaqlar. İstedadlı tələbələr çoxmərhələli sistem vasitəsilə müxtəlif ölkələrdən seçiləcəklər. Onlar demək olar, bütün aktiv həyatları boyu seçdikləri universitetlə bağlı olacaqlar və öz bacarıqlarını müntəzəm olaraq təkmilləşdirəcəklər. Onların təhsili aktiv peşə fəaliyyətinin başa çatması və təqaüdə çıxması ilə eyni vaxtda başa çatacaq.
Bəzi ölkələrin, o cümlədən Azərbaycan universitetlərinin bu “elitar şəbəkəyə” düşməsi ehtimalı yoxdur. Bununla belə, bir çox ölkələrdə onların iqtisadiyyatı üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayacaq “ikinci dərəcəli” universitetlər olacaq. Onlar geniş mənada müasir universitetlərə bənzəyəcəklər, lakin kifayət qədər fərdiləşdirilmiş yollardan istifadə edərək işçiləri hazırladıqları müəssisə və təşkilatlarla daha çox inteqrasiya olunacaqlar. Təəssüf ki, hazırkı formal təhsilin bürokratik hissəsi belə kəskin dəyişikliklərə hazır deyil. Biz öz baxışlarımızı, dünyagörüşümüzü, iş üsullarımızı yenidən nəzərdən keçirməliyik. Çox güman ki, formal strukturların alternativ təhsil sistemi ilə bağlı olan hər şeyə güclü müqavimət göstərmələri, həmçinin kiçicik dəyişiklikləri belə yeni standartlar çərçivəsinə salmaq cəhdi səbəbindən yaxın 2-3 ildə biz əhəmiyyətli dəyişikliklər görməyəcəyik. Ancaq sonra müxtəlif təhsil formaları üçün seçimin artmasını müşahidə edəcəyik. Təhsil prosesinin təşkili üçün bir platforma götürərək onu bütün ölkə daxilində təkrarlamaq kimi tipik kütləvi məktəb anlayışı bütün dünyada aktuallığını itirəcək. Universitetlər müxtəlif platformalar arasından öz dəyərlərinə və ehtiyaclarına uyğun olanı seçə biləcəklər.
Düşünürəm ki, bizə qısa müddətdə aşağıdakılar lazımdır:
1. İnnovasiyaların dəstəklənməsi üçün bəzi universitetlərə regional infrastrukturun verilməsi: biznes inkubatorlar, innovasiya parkları, texnoparklar və s.
2. Regionlarda iqtisadiyyatın və sənaye sahələrinin inkişafı üçün müsabiqəli seçim əsasında bir neçə universitetə dəstək vermək.
3. Ərazi və sahələrin sosial-iqtisadi inkişafı məsələlərinin həlli və müəssisələrlə əməkdaşlıq proqramında iştirak edən ali məktəblərə hər il müsabiqə əsasında 50-60 “ciddi” qrant ayrılması.
Biz başa düşməliyik ki, təhsil “gizli nemətdir”: biz heç vaxt tam əmin ola bilmərik ki, insan öz nailiyyətlərini yalnız təhsilə borcludur. Mümkündür ki, onun xüsusi istedadı var, bəlkə də nüfuzlu dostları var, ya da statusu kömək edir...
Fikrimcə, gələcəkdə ali təhsil sistemi, təxminən belə təşkil olunacaq...