ÜSY alanlara birdəfəlik 200 manat veriləcək
23 Dekabr 2025
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı sosial yardımı (ÜSY) alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
ÜSY Azərbaycanda 2006-cı ildən, uşaqlara aylıq müavinətlərin kəsilməsindən sonra verilir.
Son illər Azərbaycanda ÜSY alanların sayında azalma var. 2025-ci ilin III rübünə dair rəsmi statistikaya əsasən, respublika üzrə 75 min 312 ailə ünvanlı dövlət sosial yardımı alıb. Ötən ilin analoji dövründə isə bu rəqəm 78 min 892 olub.
2024-cü ildə ünvanlı yardımın orta aylıq məbləği 473 manat təşkil edib.