Logo
news content
User
Kateqoriyalar

Xəbər

CENTCOM: Hörmüz boğazından 1.5 milyard barel neft daşınıb

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper oktyabrın 25-də Hörmüz boğazına səfər edib. CENTCOM-un bəyanatında bildirilir ki, ABŞ qüvvələrinin köməyi ilə Körfəz ölkələri yaydan bəri bu su yolu vasitəsilə 1.5 milyard barel neft ixrac edib: "Son altı ayda CENTCOM qüvvələrinin dəstəyi ilə Hörmüz boğazından 3 mindən çox ticarət gəmisi uğurla keçib".

Kuperin sözlərinə görə, Hörmüzdəki əsas gəmiçilik marşrutları İranın dəniz minalarından təmizlənib və tamamilə təhlükəsizdir.

Hörmüz boğazı strateji əhəmiyyətli su yoludur. Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başladıqdan sonra Tehran boğazı faktiki olaraq bağlayıb.

İran gəmilərin boğazdan keçməsi üçün xüsusi icazə almasını tələb edib. Dünyadakı neft tədarükünün 1/5-i məhz bu boğazın payına düşür.

İranın Hörmüz boğazını faktiki bağlamasına cavab olaraq, ABŞ aprelin 13-də İran limanlarına və gəmilərinə qarşı dəniz blokadası tətbiq edib.

ABŞ dövlət katibi Marko Rubio bu ayın əvvəlində bəyan edib ki, Hörmüz boğazı açıqdır və buradan demək olar ki, münaqişədən əvvəlki səviyyədə neft ixrac olunur.

O əlavə edib ki, İran Hörmüz boğazı üzərindəki "nəzarəti tamamilə itirib".

Dəniz daşımalarını izləyən “Kpler” şirkətinin məlumatına görə, sentyabrda xam neft ixracı müharibədən əvvəlki səviyyəyə çatıb və İran istisna olmaqla, regiondan gündəlik ən azı 16.5 milyon barel neft daşınıb.