Logo
news content
User
Kateqoriyalar

Xəbər

Anasının üzərinə benzin töküb yandıran 22 yaşlı qatilə hökm oxundu

Abşeron rayonunda anası Gülbəs Həsənovanı yandıraraq öldürən 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənlinin məhkəmə prosesi başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) təqsirləndirilən A.Həsənli 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, anası 21 yaşlı gəncə Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində gecələr evə gəlməməsini, heç bir işlə məşğul olmamasını, avara həyat tərzi keçirməsini irad bildirib. Abdurrəhman isə valideyninin bu iradına cavab olaraq, həm anasını, həm də evi yandıracağını bildirib.

Bundan sonra Abdurrəhman həyətdən benzin götürərək yanacaq məhsulunu evin döşəmə və divarlarına, eyni zamanda qadının üzərinə töküb. Alqışqanla hadisəni törədən gənc, daha sonra atası ilə birlikdə anasını söndürməyə çalışıb. Oğulun cinayət əməli nəticəsində qadının bədən səthinin 60-65 faizi yanıb. Gülbəs Həsənova yerləşdirildiyi xəstəxanada bir neçə gün sonra dünyasını dəyişib.

Gülbəs Həsənova sağlığında ifadəsində əvvəlcə yanğının ehtiyatsızlıq nəticəsində baş verdiyini deyib. Onun polisə bu cür ifadə verməsini əri Vüqarla oğlu Abdurrəhman istəyib. Qadın daha sonra ifadəsini dəyişib, hadisənin oğlu tərəfindən törədildiyini söyləyib. Gülbəsin əri Vüqar da müstəntiqə ifadəsində yanıq xəsarətinin ventilyatorda yaranan nasazlıq nəticəsində baş vermiş yanğın zamanı qeydə alındığını bildirib.

Məhkəmə iclasında mərhumun hüquqi varisi kimi çıxış edən qızı da ifadə verib. O bildirib ki, problemlərinin bu həddə çatmasının əsas səbəbi atasının dini inancıdır:

"Evimizdə həmişə din barəsində söz-söhbətlər olub. Atam bizim təhsil almağımıza qarşı olub. Anam isə hər zaman təhsil almağımızı, iş, vəzifə sahibi olmağımızı tələb edirdi. Qardaşım bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Bununla bağlı evlərində dəfələrlə söz-söhbətlər olub. Əslində, Abdurrəhman pis uşaq olmayıb. Qardaşımı hər zaman bizə qarşı dolduran atam olub. O, atamın sözünə əsasən benzini anamın üstünə töküb. Abdurrəhman evi yandırmaq üçün benzini tökəndə atam anamı göstərib "onun da üstünə tök" deyib. Bu sözlərdən sonra qardaşım butulkanın dibində qalan benzini anamın ayaq nahiyələrinə töküb. Bununla bağlı onda sübut qismində səs yazısı da mövcuddur. Ümid edirəm ki, Abdurrəhman bundan sonra həyatı daha çox dərk edər".

Qeyd edək ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Abdurrəhman Həsənli özünü təqsirli bilməyərək sərbəst ifadəsində göstərib ki, ev üstündə çox problemlər olub, səs-küy yaranıb və davanı sakitləşdirə bilməyib. O da benzini götürüb və yanğın hadisəsini törədib. Evi yandırmaqda məqsədi söz-söhbətləri bitirmək olub. Heç vaxt anasını yandırmaq kimi bir məqsədi olmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməldə heç bir amansızlıq olmadığını düşdündüyünü bildirib.