Tacikistanda əmək miqrantları üçün minimum yaş həddi qoyulub
27 Oktyabr 2026
Bundan sonra yalnız 18 yaşı tamam olan Tacikistan vətəndaşları işləmək məqsədilə xaricə gedə biləcəklər. Bu qayda oktyabrın 23-də dərc olunan yeni "Miqrasiya haqqında" qanunda nəzərdə tutulub.
Qanunun 16-cı maddəsinə əsasən, Tacikistan vətəndaşlarının xaricə əmək miqrasiyasına yalnız 18 yaşından icazə verilir. Həmçinin onlar yalnız miqrantların hüquq və qanuni maraqlarının qorunduğu ölkələrə yollana bilərlər. Əmək miqrasiyası ilə bağlı beynəlxalq sazişlər və ikitərəfli müqavilələr bu hüquqların müdafiəsi üçün əsas hüquqi baza hesab olunur.
Sözügedən yaş məhdudiyyəti işləmək üçün Tacikistana gələn əcnəbi vətəndaşlara da şamil edilir.
Prezident Emoməli Rəhmon qanunu oktyabrın 21-də imzalayıb. Bundan əvvəl qüvvədə olan "Miqrasiya haqqında" qanunda əmək miqrantları üçün hər hansı minimum yaş həddi nəzərdə tutulmamışdı.
"Azattyq Asia" əmək miqrasiyasının Tacikistan iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıdığını və tacikistanlıların əsasən Rusiyaya işləməyə getdiyini yazır.
Rəsmi məlumatlara görə, 2025-ci ildə 702 mindən çox Tacikistan vətəndaşı işləmək məqsədilə xaricə yollanıb.
Ötən ilin oktyabrında prezident Vladimir Putin Düşənbəyə səfəri zamanı Rusiyada bir milyondan çox Tacikistan vətəndaşının yaşadığını və çalışdığını söyləmişdi. Həmin vaxt Tacikistan prezidenti Rusiyanın açıqladığı bu rəqəmləri şübhə altına almamışdı.
Dünya Bankının hesablamalarına görə, 2024-cü ildə miqrantların ölkəyə göndərdiyi pul köçürmələri Tacikistanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 45 faizini təşkil edib. Bu, dünyada ən yüksək göstəricilərdən biridir.
Bu vəsaitlər həm bir çox ailə üçün mühüm gəlir mənbəyidir, həm də ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayır.
Yeni qanuna əsasən, vətəndaşlar xaricdə iki yolla işə düzələ bilərlər: müstəqil şəkildə iş axtarmaqla və ya məşğulluq agentlikləri vasitəsilə mütəşəkkil qaydada işə qəbul olunmaqla.
Miqrasiya üzrə səlahiyyətli dövlət qurumu müstəqil şəkildə iş axtaran şəxslərə vakansiyalar, əməkhaqqı, iş şəraiti və qəbul edən ölkənin qanunvericilik tələbləri barədə pulsuz məlumat verməlidir.