Ukrayna prezidenti: ABŞ-nin dəstəyi lazımdır, Putinə inam yoxdur
31 Dekabr 2025
ABŞ-ın dəstəyi olmadan Ukrayna Rusiyaya qarşı müharibədə tab gətirə bilməz. Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Fox News" telekanalına müsahibəsində deyib. O, Rusiya prezidenti Vladimir Putinə etibar etmədiyini sözlərinə əlavə edib.
"Amerikanın dəstəyi olmadan qalib gələ bilərikmi? Xeyr", – Zelenski dekabrın 29-da efirə gedən müsahibəsində deyib. Müsahibə ötən bazar günü – dekabrın 28-də Floridada ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra yazılıb.
"Putinə etibar etmirəm, o, Ukraynanın uğurunu istəmir", – deyən Zelenski Trampla görüşünün məhsuldar olduğunu əlavə edib.
Zelenski onu da vurğulayıb ki, müharibənin dayandırılması ilə bağlı danışıqlarda ən çətin məsələ ərazilərlə bağlıdır, Ukrayna ilə Rusiyanın mövqeləri ciddi fərqlənir. Donbasla bağlı kompromis variant kimi Zelenski orada azad iqtisadi zonanın yaradılmasını göstərib: "Ona görə də məncə, kompromis təklif etmişik. Əgər azad iqtisadi zona yaradırıqsa və Ukrayna müəyyən sayda kilometr geri çəkilirsə, Rusiya da müəyyən qədər geri çəkilir".
Zelenski bildirib ki, Ukrayna Rusiya ilə müharibəni nizamlamaq üçün öz ərazilərindən imtina edə bilməz, bu, ölkə qanunlarına, cəmiyyətin mövqeyinə, yerlərdəki real vəziyyətə ziddir. Referendum ehtimalına gəlincə, Zelenski belə bir addımın müsbət nəticə verməyəcəyini, Ukrayna cəmiyyətinin onu dəstəkləməyəcəyini əlavə edib.
Ukrayna prezidentinin sözlərinə görə, Birləşmiş Ştatlar tərəflərin mövqelərini anlayır və kompromis həll yolları tapmağa çalışır.
Tramp-Zelenski danışıqlarından sonra tərəflərin müharibənin sülh yolu ilə nizamlanması məqsədinə "çox yaxın" olduqları açıqlanıb. Zelenski sülh planının 20 bəndinin 90 faizinin razılaşdırıldığını deyib. Ukrayna prezidenti sülh planının referenduma çıxarıla biləcəyini də istisna etməmişdi, buna səbəb kimi ərazilərlə bağlı "çox çətin" məsələni göstərmişdi.