Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu cəbhə xəttini yarıb, Rusiyanın 450 hərbçisi zərərsizləşdirilib

Xerson vilayətində Ukrayna Silahlı Qüvvələri avqustun 29-da cəmi bir neçə saat ərzində bir sıra istiqamətlərdə cəbhəni yarmağa müvəffəq olub.

Bu barədə Ukrayna Prezidentinin müşaviri Aleksiy Arestoviç bildirib.

O, qeyd edib ki, Ukrayna hərbçiləri hücumu fəal şəkildə genişləndirir.

"Ukrayna Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə cəbhə xəttini yarıb və hücumu dərindən inkişaf etdirirlər", - o bildirib.

Eyni zamanda, Arestoviç qeyd edib ki, Ukrayna hərbçiləri körpülər vasitəsilə tədarükləri kəsib və bərə keçidlərini dağıdıblar.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında isə deyilir ki, Rusiya ordusunun daha 450 hərbçisi məhv edilib.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 47 550-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 954 tank, 4 294 zirehli döyüş maşını, 1 079 artilleriya sistemi, 282 reaktiv yaylım atəşi sistemi, 151 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 204 helikopter, 847 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 217 avtomobil texnikası və avtosistern, 103 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, avqustun 29-da Ukrayna hərbçiləri Xerson uğrunda döyüşlərə başlayıb. Məlumata görə, Rusiya hərbçiləri müdafiənin birinci xəttindəki mövqelərini tərk etdilər.

Dünən həmçinin bildirilib ki, Ukrayna Silahlı Qüvvələri cənubda 4 kəndi geri alıb.