Tacikistanda falçı və cadugər yanına gedənlər cərimələnəcək
23 Dekabr 2025
Tacikistan parlamentinin yuxarı palatası olan Milli Məclis falçı və cadugərlərin xidmətlərindən istifadəyə görə cərimələri təsdiqləyib. Bu haqda AzadlıqRadiosunun tacik xidməti xəbər yayıb.
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə falçı və cadugərlərin xidmətlərindən yararlananlar 3 min 750-4 min 500 somoni (486 dollar) cərimə olunacaqlar.
Milli Məclisin üzvü Məhmədəli Vətənzoda bildirib ki, dəyişikliklərin məqsədi "ekstremist ideologiyanın yayılmasını, xurafatçılığın artmasını önləməkdir".
Düzəlişləri daha öncə parlamentin aşağı palatası qəbul edib. Prezident imzalayandan sonra qanun qüvvəyə minəcək.
Tacikistan Daxili İşlər Nazirliyi ötən il falçıların müştərilərinin DİN şöbələrinə çağrıldığını, adlarının və şəkillərinin ayrıca məlumat bazalarına salındığını bildirib. Daha öncə falçıların özlərinə qarşı cəzalar sərtləşdirilib, həbs edilənlər olub. Amma həbs olunanlardan bəzilərinin qohumları onların falçı və ya cadugər olmadığını, sadəcə dua etdiklərini deyirlər.
Ölkədə cadugərlik və falçılığa görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub. İlk pozuntuya görə 6 min- 7 min 500 somoni (648-810 dollar) cərimə, yaxud 10-15 sutka həbs nəzərdə tutulub.
Təkrar pozuntuya görə 112 min 500- 150 min somoni (12 min 155 - 16 min 206 dollar) cərimə, yaxud 1 ildən 2 ilədək həbs kəsilir.
2026-cı il yanvarın 1-dən cərimənin məbləği də artacaq.