Logo
news content
User
Kateqoriyalar

Xəbər

Separatçılar sülhməramlıların komandanlığı ilə niyə görüşüblər?

Avqustun 23-də Qarabağ separatçılarının “parlament qrupları” kimi təqdim edilən nümayəndələri ilə Rusiya sülhməramlılarının komandanlığı arasında görüş keçirilib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, belə bir görüşü separatçılar Rusiyanın Ermənistandakı səfiri Maksim Seleznyovun ötən həftə verdiyi bəyanata aydınlıq gətirilməsi üçün tələb etmişdilər.

Bundan başqa separatçıları habelə erməni əhalisinin təhlükəsizliyinin təminatı məsələsi maraqlandırırdı.

Məlumatda deyilir ki, sülhməramlıların rəhbərliyi erməni tərəfinin suallarına cavab verib.

Məsələn onlara deyilib ki, Ermənistanı Qarabağla birləşdirən yeni yol, 5 kilometrlik zolaq və sülhməramlılarının postları da daxil Laçın dəhlizində olan bütün təhlükəsizlik komponentlərinə malik olacaq.

Separatçıların verdiyi məlumata görə Rusiya sülhməramlılarının komandanlığı bildirib ki, sülhməramlı kontingenti “avqust insidnetlərindən lazımi nəticələr çıxarıb” və belə halların gələcəkdə baş verməyəcəyinə səy göstəriləcək.

Rusiyanın Ermənistandakı səfirliyinin birinci katibi Maksim Seleznyov bir həftə əvvəl Azatutyuna müsahibəsində əmin etmişdi ki, yeni yol istifadəyə verilməyincə sülhməramlılar Laçın dəhlizindən “bir santimetr də” kənara çıxmayacaqlar.