Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynanın Putinin iqamətgahına hücum etdiyini bildirir, Kiyev təkzib edir

Ukrayna ordusu Rusiya prezidentinin iqamətgahına hücum etmək üçün uzaqmənzilli dronlardan istifadə edib.

Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında söhbətdən sonra keçirilən brifinqdə bildirib.

Uşakov qeyd edib ki, rəsmi Kiyev Novqorod vilayətindəki Rusiya prezident iqamətgahına genişmiqyaslı uzunmənzilli dronlardan istifadə edərək terror hücumu təşkil edib.

Xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, 91 PUA-nın hücumu 29 dekabr gecəsi baş verib. Bütün dronlar hava hücumundan müdafiə qrupları tərəfindən məhv edilib.

Diplomatik missiyanın rəhbəri Rusiyanın danışıqlar prosesindən çəkilmək niyyətində olmadığını, lakin hadisələri nəzərə alaraq mövqeyini yenidən nəzərdən keçirəcəyini açıqlayıb.

Bundan əlavə, Putinin iqamətgahına hücumdan sonra Moskvanın cavab zərbəsinin hədəfləri və vaxtı artıq müəyyən edildiyi bildirilib.

Ukrayna prezidenti Volodimir Zelenski isə Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidentinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdi ilə bağlı səslənmiş bəyanat ınhəqiqətə uyğun olmadığını bildirib.

"Hazırda Rusiyadan çox təhlükəli bəyanatlar səslənir, açıq şəkildə ABŞ Prezidenti Donald Trampın komandası ilə birgə sülhə yaxınlaşmaq üçün gördüyümüz işlərin nəticələrini pozmağa yönəlib. Bu anda Rusiya tərəfi guya hansısa iqamətgaha zərbə endirilməsi barədə açıq-aşkar saxta bir hekayə uydurub. Məqsəd Ukraynaya, o cümlədən Kiyevə qarşı hücumları davam etdirmək və müharibənin başa çatması üçün zəruri addımlardan imtina üçün bəhanə qazanmaqdır", – paylaşımda qeyd olunur.