Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya nə qədər hərbçi itirib - 40, yoxsa 75 min?

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 230 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 742 tank, 3 979 zirehli döyüş maşını, 894 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 729 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 854 avtomobil texnikası və avtosistern, 75 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

ABŞ isə fərqli rəqəm səsləndirib. “Deutsche Welle" xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında (Aşağı Palata) Demokratlar Partiyasını təmsil edən konqresmen, qanunverici orqanın Silahlı Qüvvələrin işi üzrə komitəsinin üzvü Elissa Slotkin Ukraynadakı müharibədə 75 mindən çox Rusiya vətəndaşı öldüyü və ya yaralandığını bildirib.

O, Ağ Evdə keçirdiyi brifinqdə söyləyib ki, Rusiya hakimiyyəti itkilərinin sayı barədə rəsmi açıqlama vermir.

E.Slotkin bildirib ki, Demokratlar və Respublikaçılar partiyalarından olan konqresmenlər ABŞ-ın Ukraynaya HIMARS sistemləri üçün ATACMS uzaqmənzilli raketlərin göndərilməsini dəstəkləyir.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir müddət əvvəl Ukraynadakı müharibədə Rusiyanın 15 min hərbçisinin öldüyünü bildirmişdi.