Overçuk Ermənistana Azərbaycan üzərindən ixracın genişləndirilməsindən danışıb
25 Dekabr 2025
Rusiya yaxın vaxtlarda Azərbaycan ərazisindən Ermənistana təkcə taxıl deyil, həm də digər məhsullar, xüsusən gübrələr tədarük etməyi planlaşdırır. Bu ixrac yeni açılmış dəmiryol marşrutu ilə gerçəkləşdiriləcək. Bunu "Rossiya 24" telekanalına müsahibəsində Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
O, Rusiya taxılının Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərilməsini "mühüm hadisə" adlandırıb.
"30 ildən artıq müddətdə, Ermənistanla Azərbaycanın müstəqilliyi dövründə ilk dəfə olaraq taxıl yüklü qatar hərəkət etdi. Bu, Rusiya taxılı idi, sonra Qazaxıstan taxılı da keçdi və biz bu xəttin digər növ yüklərlə, o cümlədən gübrələrlə yüklənməsi imkanlarını müzakirə edirik", – Overçuk bildirib.
Rusiya Ermənistana ilk taxıl partiyasını 2025-ci il noyabrın əvvəlində göndərib. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, üçüncü sinifdən olan 1 min ton buğda tədarük edilib.
Ermənistan ildə təxminən 450–500 min ton taxıl idxal edir, bunun, demək olar ki, hamısı Rusiyadan gətirilir. Əvvəllər ixrac əsasən quru sərhəd-keçid məntəqələri vasitəsilə avtomobil nəqliyyatı ilə, eləcə də Gürcüstan limanları üzərindən dəniz yolu ilə gerçəkləşib. Azərbaycan və Gürcüstan ərazisindən keçməklə yeni marşrut isə nəqliyyat xərclərini azaltmağa və tədarüklərin dayanıqlığını artırmağa imkan verir.