Moskvada Rusiya ordusunun generalı avtomobilində partladılaraq öldürülüb
22 Dekabr 2025
Moskvada Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarovun avtomobili partladılıb.
Pressklub.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Partlayış nəticəsində general ölüb.
Bildirilib ki, partlayış dekabrın 22-də səhər saatlarında general Moskvanın Yasenevaya küçəsindəki yaşayış binasının həyətində, o, "Kia Sorento" markalı avtomobilinə minərkən baş verib. Maşına ciddi ziyan dəyib və Sarvarov nəqliyyat vasitəsindən çıxarılıb. O, çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Amma həkimlərin səyinə baxmayaraq general-leytenant Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı cinayət işi açılıb.
İstintaq Komitəsi qeyd edib ki, "Qətllə bağlı istintaq müxtəlif versiyalar irəli sürür. Onlardan biri cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsidir".