Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Mən hələ prezidentəm" - Maduro Nyu-York məhkəməsində çıxış etdi

ABŞ-nin xüsusi əməliyyatı zamanı tutularaq hakimiyyətdən uzaqlaşdırılan Venesuela lideri Nikolas Maduro və xanımı Siliya Flores bazar ertəsi ilk dəfə Nyu-Yorkda federal məhkəmə qarşısına çıxarılıb.

Daha əvvəl federal hakim ittihamnaməni açıqlayıb - Maduro, xanımı və daha dörd nəfərə "narkoterrorizm" və kokain idxalı məqsədilə əlbirlik də daxil olmaqla, dörd maddə üzrə ittiham irəli sürülüb. Üçüncü və dördüncü maddələr silahın istifadəsi və saxlanılması ilə bağlıdır. Məhkəmədə ittihamnamənin qısaldılmış versiyası oxunub.

Məhkəmə zalından yayılan xəbərlərə görə, Maduro və xanımı eyni masa arxasında oturublar, Maduronun qollarına qandal taxılmışdı. Keçmiş Venesuela lideri məhkəmə ilə tərcüməçi vasitəsilə danışıb. O, özünü "Venesuela prezidenti" adlandırıb və, xanımı kimi, günahsız olduğunu bildirib. "Mən hələ də prezidentəm", - o deyib.

Maduro hələlik ittihamnamə ilə tanış olmadığını vurğulayıb. Tərəfdarları məhkəmə binasının qarşısında toplaşıblar.

Hakim növbəti iclası martın 17-nə təyin edib. Məhkəmə Venesuela konsulunun onu ziyarət etməsinə icazə verib. "Bloomberg"in məlumatına görə, işə mahiyyəti üzrə baxılmasına 2027-ci ildə başlana bilər.

İclasa 92-yaşlı dairə hakimi Elvin Hellerşteyn sədrlik edib, o, bir çox səsli-küylü məhkəmə proseslərinin iştirakçısıdır. Maduronun vəkilinin adı da açıqlanıb – bu, əvvəllər "WikiLeaks"in qurucusu Culian Assanjın maraqlarını təmsil edən Barri Pollakdır.

Çin: 'Heç bir ölkə dünya polisi kimi hərəkət edə bilməz'

Çinin xarici işlər naziri ABŞ-nin Venesuelanın lideri Nikolas Maduronu ələ keçirərək Nyu-Yorkda məhkəməyə çıxarmaqla "dünyanın hakimi" kimi davranmaqda ittiham edib. "Reuters" yazır ki, Pekinin BMT-də bu addımın qanuniliyi ilə bağlı Vaşinqtonla mübahisə edəcəyi gözlənilir.

Pekin qeyri-müdaxilə siyasəti yürüdür, BMT Təhlükəsizlik Şurasının təsdiqi olmadan hərbi əməliyyatları mütəmadi tənqid edir.

"Heç bir ölkə dünyanın polisi kimi hərəkət edə bilməz, heç bir xalq özünü dünyanın hakimi kimi təqdim edə bilməz", – Çinin xarici işlər naziri Van İ yanvarın 5-də deyib.

O, Venesueladakı "qəfil" dəyişikliklərə toxunub, amma birbaşa ABŞ-nin adını çəkməyib. V.İ beynəlxalq hüquq çərçivəsində bütün ölkələrin suverenliyi və təhlükəsizliyinin tam qorunmasının vacibliyini vurğulayıb.