MEE: Türkiyənin "Korkut" sistemləri Ukraynada sınaqdan keçirilib
06 Oktyabr 2026
Türkiyə bu ilin əvvəlində pilotsuz uçuş aparatları ilə mübarizə aparması üçün Ukraynaya "Korkut" zenit sistemlərinin kiçik partiyasını tədarük edib.
"Middle East Eye" (MEE) nəşri xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan bir neçə mənbə danışıb.
Onların döyüş şəraitində sınaqdan keçirilməsindən sonra Kiyev əlavə komplekslərin alınmasında maraqlı olduğunu bildirib.
Mənbələrin məlumatına görə, Ukrayna az sayda Türkiyə istehsalı olan "Korkut" hava hücumundan müdafiə sistemi idxal edib. Bir qayda olaraq, bir kompleks üç döyüş maşınından və bir komanda-idarəetmə maşınından ibarətdir. Mənbələr döyüş bölgəsində nə qədər texnikanın yerləşdirildiyini açıqlamayıblar.
"ASELSAN" şirkəti tərəfindən istehsal olunan "Korkut" sistemi qanadlı raketlər və pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla, hava hədəflərini vurmaq üçün zenit toplarından istifadə edir. Kompleks 25 mm-lik ağıllı sursatların tətbiqi ilə FPV və xarici enerji təchizatlı dronlarla mübarizə aparmaq üçün nəzərdə tutulub.
Adının çəkilməsini istəməyən ukraynalı məmur MEE-yə bildirib ki, "Korkut" Rusiyanın hücumlarının dəf edilməsində kifayət qədər yüksək səmərəlilik nümayiş etdirib. Onun sözlərinə görə, sistemin işində bəzi problemlər yaransa da, onları kiçik düzəlişlərlə aradan qaldırmaq mümkün olub.
O qeyd edib ki, kompleksi artıq döyüş şəraitində sınaqdan keçirilmiş hesab etmək olar və Ukrayna əlavə sistemlərin alınmasında maraqlıdır.
"Qiymət münasib olarsa, biz daha çox sistem almaq istərdik", - məmur bildirib.
"ASELSAN"ın hələ 2021-ci ildə müdafiə sərgisi zamanı bu sistemləri Ukrayna ordusuna satmağı təklif etdiyinə dair xəbərlər yayılıb.