Logo
news content
User
Kateqoriyalar

Xəbər

Liviyanın Baş Qərargah rəisi Ankara yaxınlığında təyyarə qəzası nəticəsində ölüb - YENİLƏNİB

Ankaradan Tripoliyə uçan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu təyyarə qəzaya uğrayıb.

Bu barədə "HaberGlobal"a istinadən xəbər verir. Qeyd olunub ki, artıq təyyarənin qalıqları aşkar edilib.

Haymana meri Levent Koç bildirib: "Axtarış aparılacaq ərazilər kəndlərin yerləşdiyi bölgələrdir. 6-7 kəndin olduğu yerdir. Piyada gedilə bilən bir yer deyil. Hazırda əlverişsiz hava şəraiti hökm sürür. Çoxlu yağış və duman var".

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya da Ankara hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan Falcon 50 təyyarəsinin qalıqlarının aşkarlandığını təsdiqləyib.

O, "X" hesabında yazıb: "Ankaradakı Esenboğa hava limanından Tripoliyə gedən təyyarənin qalıqları jandarma bölmələrimiz tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda aşkar edilib".

Liviya Baş naziri Əbdülhəmid Dibeybe isə bildirib ki, Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslərin həlak olub.

Baş nazirin bəyanatında deyilir ki, faciəvi qəza zamanı Liviya Baş Qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər həyatını itirib.

Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.

“Türkiyədən rəsmi səfərdən qayıdarkən baş vermiş bu faciəli və kədərli qəza nəticəsində onların hamısının həyatını itirdiyi xəbəri bizi dərindən sarsıtdı”, – deyə Dibeybe bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.