Kiril Budanov Ukrayna Prezidenti Ofisinin rəhbəri təyin edilib
03 Yanvar 2026
Kiril Budanov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi vəzifəsindən azad edilib və Ukrayna Prezidenti Volodimir Zelenski Ofisinin rəhbəri təyin olunub.
Müvafiq fərman Ukrayna Prezidenti Ofisinin saytında dərc edilib.
Qeyd edək ki, Zelenski bu gün Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova Prezident Ofisinə başçılıq etməyi təklif edib.
"Hazırda Ukrayna təhlükəsizlik, diplomatiya və danışıqlar məsələlərinə daha çox diqqət yetirməlidir. Prezident Ofisi, ilk növbədə, dövlətimizin bu vəzifələrinin yerinə yetirilməsinə xidmət edəcək", - deyə Ukrayna lideri qeyd edib.
Zelenski bildirib ki, Budanovun bu istiqamətlərdə xüsusi təcrübəsi və nəticələrə nail olmaq üçün kifayət qədər gücü var.
Prezident həmçinin Budanova Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla birgə Ukraynanın strateji müdafiə və inkişafının əsaslarının yenilənmiş planını dövlət başçısının təsdiqinə təqdim etməyi tapşırıb.
Kirill Budanov isə Ukrayna Prezidentinin təklifini qəbul etdiyini bildirib. O, vəzifəni ölkəsi qarşısında məsuliyyətin daha bir mərhələsi kimi qəbul etdiyini əlavə edib.
"Ukrayna üçün tarixi bir anda dövlətimizin strateji təhlükəsizliyinin həlledici məsələlərinə diqqət yetirmək mənim üçün şərəf və məsuliyyətdir", - deyə Budanov vurğulayıb.