İstanbulda türkmən tələbələrin etirazı
23 Dekabr 2025
İstanbuldakı Altınbaş Universitetinin yüzlərlə türkmən tələbəsi təhsil ocağından çıxarılmalarına etiraz aksiyası keçiriblər.
Turkmen.news nəşri etirazçı tələbələrə istinadla yazır ki, universitet pula görə təhsil verə biləcəyindən daha çox tələbə yığıb, indi isə "artıqlar"ı kütləvi çıxarır.
Tələbələr rəhbərliyin 1500 tələbəni kənarlaşdırmaq istədiyini, onların hamısının Türkmənistan vətəndaşları olduğunu deyiblər.
"Özlərinkiləri, türkləri çıxarmırlar, bizdən – Türkmənistan vətəndaşlarından canlarını qurtarırlar. Amma biz artıq təhsil haqqını bank vasitəsilə ödəmişik, artıq oxuyuruq", – turkmen.news tələbələrdən birini istinadla yazır.
Nəşrin mənbələrinə görə, rəhbərlik artıq yekun qərar verib, administrasiya tələbələrlə danışmaqdan imtina edib.
Türkmənistanlı tələbələr narahatdırlar ki, universitetdən xaric olunmaları onların vizalarının ləğvi ilə nəticələnər, onları Türkiyədən deportasiya edərlər.
2022-ci ilin sentyabrında rəsmi Aşqabadın tələbi ilə Türkiyə Türkmənistanla viza rejimi tətbiq edib.
Universitetə bağlı mənbənin turkmen.news-a dediyinə görə, hələ də bəzi tələbələr universitetə ödəniş etməyib. Tələbələrin, yoxsa Türkmənistan banklarının ödənişi gecikdirdiyi bəlli deyil.
Bu ilin noyabrında AzadlıqRadiosunun türkmən xidməti Türkmənistanda xaricdə təhsil alan tələbələr üçün pul köçürmələrinə yeni məhdudiyyətlərlə bağlı məlumat vermişdi.
Keçən tədris ilində Rusiyada təhsil alan türkmən tələbələr oxşar çətinliklərlə üzləşiblər. Rusiyanın ən böyük universitetlərindən biri olan Şimali Qafqaz Federal Universiteti birinci kursa təxminən 1200 Türkmənistan vətəndaşını qəbul edib. Amma onlara vaxtında dəvətnamə göndərmək, yataqxanalarla təmin etmək mümkün olmayıb. Nəticədə onları kütləvi xaric etməyə başladılar. Bəzən bəhanələr uydurub, bəzən də imtahanlarda çətinlik yaradıblar. Məlumatlara görə, tələbələrə təhsil haqları geri qaytarılmayıb, üstəlik, Rusiya vizaları da ləğv edilib.