İrandakı etirazçılar xaricdən müdaxilə yox, daxildən dəyişiklik istəyirlər
08 Yanvar 2026
İranda iqtisadi problemlərə etirazlar genişlənərək ölkənin dini hakimiyyəti üçün ən böyük təhdidə çevrilib.
İrandakı fəallar AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) deyiblər ki, etirazlar bir çox iranlının dini isteblişmentin getməsini istədiyini göstərir. Onların fikrincə, dəyişiklik ölkə daxilindən gəlməlidir, xaricdən müdaxilə ilə yox. ABŞ xəbərdarlıq edib ki, nümayişçilərə qarşı sərt repressiyalar halında hərbi müdaxilə edə bilərlər.
"Gördüyümüz odur ki, insanlar ortaq məxrəcə gəlirlər. Artıq təkcə müəllimlər, bir sosial qrup etiraz etmir. Bu dəfə səsi olmayanlar ittifaq qurublar", – Tehranda yaşayan siyasi fəal və insan haqları müdafiəçisi Mehdi Mahmudian deyib. Mahmudianın sözlərinə görə, etirazçılar artıq ruhanilərin üstünlük təşkil etdiyi siyasi sistemdə islahatlar tələb etmir, köklü dəyişiklik istəyirlər.
"İslam Respublikasının özü dəyişməlidir və bu dəyişiklik təməldən baş verməlidir", – o vurğulayıb.
"Durum daha xaotikdir"
2022-ci ildə "Qadın, Həyat, Azadlıq" aksiyalarından bəri İranda hazırda ən genişmiqyaslı etirazlar keçirilir. Hakimiyyət həmin etirazları zorakılıqla yatırdıb, yüzlərlə nümayişçi öldürülüb.
Son etirazlarda da onlarla adam öldürülüb, azı min nəfər həbs olunub. Fəalların fikrincə, bu, hakimiyyətin əhalinin legitim şikayətlərini dinləmək istəmədiyini göstərir.
Etirazların katalizatoru rolunu artan inflyasiya, milli valyutanın sürətlə ucuzlaşması oynayıb.
"Bu gün əhalinin iqtisadi durumu əvvəlkindən daha xaotikdir", – ilahiyyatçı və insan haqları fəalı Sədiqə Vəsməqi "Radio Fərda"ya deyib.
Fəal hakimiyyətin indi daha zəif mövqedə olduğunu, genişlənən təzyiqlərin isə durumu daha da radikallaşdıra biləcəyini söyləyir.
"Hərbi müdaxilə lazım deyil, dəstək pis olmaz"
Fəallar İrana xaricdən müdaxilə istəmədiklərini vurğulayırlar. Mahmudian beynəlxalq dəstəklə müdaxilənin aydın sərhədini cızır: "Dəstək və müdaxilə eyni şey deyil. Beynəlxalq qurumlar beynəlxalq hüquq çərçivəsində dəstək göstərə bilərlər və göstərməlidirlər, amma istənilən hərbi hücum, yaxud xarici hərbi müdaxilə birmənalı pislənilir".
Vəsməqi də eyni mövqeni bölüşür, xaricdən müdaxilənin etirazların legitimliyinə zərbə vuracağını deyir: "Şəxsən mən xaricdən hərbi müdaxiləyə qarşıyam. Qlobal ictimaiyyət dinc etirazları dəstəkləməlidir, amma müdaxilə olmamalıdır".
İnsan haqları fəalı Motəhəre Gunei son ayların inflyasiyasının əhalinin dəyişiklik istəyinə dəlalət etdiyini söyləyir: "Adamların daha islam respublikasından gözləntisi yoxdur. Onlar aydın deyirlər: Bu sistemi istəmirik".
Gunei son günlər izdihamın təhlükəsizlik qüvvələrinin üstünə yürüməsini əhalinin artıq itirmək qorxusu olmaması ilə izah edir.
"Bu mesajın dünyaya çatmasını istəyirik. Bu siyasi isteblişmenti istəmirik", – Gunei bildirir.