Gürcüstan xaricdəki vətəndaşların seçkilərdə səs verməsini yasaqlayıb
19 Dekabr 2025
Gürcüstan parlamenti Seçki Məcəlləsinə dəyişiklikləri sonuncu, üçüncü oxunuşda təsdiqləyib. Xaricdə yaşayan gürcüstanlıların parlament seçkilərində səs verməsi qadağan olunub.
Yalnız Gürcüstana gəlib səs vermək mümkün olacaq, həm də yalnız qeydiyyat ünvanı üzrə. Eyni qayda referendumlara da aiddir.
Əvvəllər bu məhdudiyyət yalnız bələdiyyə seçkilərinə aid idi. Parlament seçkilərində ölkədə yaşamayan Gürcüstan vətəndaşları belə konsulluq və səfirlikdəki seçki məntəqələrində səs verə bilirdilər.
Qanun layihəsi təşəbbüsü hakim "Gürcü Arzusu" partiyasından gəlib, bunu "xaricdən müdaxiləni önləmək" zərurəti ilə izah ediblər. Partiya təmsilçilərinin fikrincə, Gürcüstandan kənarda yaşayan vətəndaşlar xarici yurisdiksiya altındadır və "ölçülüb-biçilmiş seçim" edə bilməzlər.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 2024-cü il parlament seçkilərində xaricdə təxminən 96 min seçici qeydiyyatdan keçib. Amma diplomatik nümayəndəliklərdə açılan məntəqələrin azlığı səbəbindən cəmi 34 minədək seçici səs verə bilib. Xaricdəki məntəqələrin əksəriyyətində müxalifət partiyaları qalib gəlib.
Seçki Məcəlləsinə dəyişikliklər seçki məntəqələrində audioyazını qadağan edir, videoyazıya icazə verilir. Həmçinin partiya üzvü olmayan şəxslərin namizəd kimi qeydiyyatı yasaqlanır: namizəd mütləq hansısa partiyanın və ya siyasi birliyin üzvü olmalıdır.