Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır

Xalq artisti Ənvər Həsənovdan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

Bu barədə Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının bir müddət əvvəl də koronavirus xəstəliyi keçirdiyi məlum olub.

"Hazırda vəziyyəti ağırdır və bir neçə gün əvvəl yerləşdiyi xəstəxanada müalicələri davam etdirilir", - A.Həsənova əlavə edib.

TƏBİB koronavirusa yoluxmuş Xalq artisti Ənvər Həsənovun son durumu ilə bağlı məlumat yayıb.

Qurumdan verilən məlumata görə, Xalq artisti Ənvər Həsənovun müalicəsinə TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam edilir.

Bildirilib ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub: "COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün pozitiv çıxıb. Eyni zamanda, avqustun 31-də xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib. Müayinə zamanı xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib".

Qeyd olunub ki, hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir.

TƏBİB-dən həmçinin bildirilib ki, xalq artisti öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyir.

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.