Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əlvida, viza! Aİ hansı Rusiya vətəndaşlarına viza verməyə davam edəcək?

"Avropa İttifaqının (Aİ) 27 üzvü rusiyalılar üçün sadələşdirilmiş turist vizaları sazişinin ləğvinə razılaşıblar". Bunu Aİ-nin baş diplomatı Jozep Borrel avqustun 31-də Aİ xarici işlər nazirlərinin Praqadakı iclasının ikinci günü deyib.

Borrel qeyd edib ki, razılaşmanın məqsədi rusiyalıların “viza şoppinqi”nin qarşısını almaqdır. Belə ki, rusiyalılar qaydalar sərt olmayan blok üzvlərinə viza üçün müraciət edərək sonradan Şengen ərazisində sərbəst səyahət edə bilirlər.

Sazişin ləğvi Aİ-də viza prosesini çətinləşdirəcək, daha baha və bürokratik edəcək, vizalara baxılma müddətini uzadacaq.

Bununla yanaşı, Rusiya vətəndaşlarının müəyyən kateqoriyalarına Avropa İttifaqına vizaların verilməsi davam edəcək.

"Vizaların verilməsi hər bir konkret hal və xüsusən də konkret insan qrupları üçün fərdi əsasda davam edəcək" deyən Borrell əlavə edib ki, Aİ özünü Ukraynadakı müharibəyə qarşı çıxan ruslardan, Rusiyanın vətəndaş cəmiyyətindən tamamilə ayırmaq niyyətində deyil.

Qeyd edək ki, avqustun 31-də Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dondurmaq qərarına gəliblər ki, bu da verilən vizaların sayının azalması və onların alınması prosesinin çətinləşməsi deməkdir.

Eyni zamanda, xarici işlər nazirləri Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinə tam qadağa qoyulması ilə bağlı razılığa gələ bilməyiblər, çünki bir çox dövlətlər qadağaya qarşı çıxıblar.