Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Bloomberg": Rusiya sülh planını rədd edərsə, ABŞ yeni sanksiyalar tətbiq edə bilər

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır. Onlar Vladimir Putin Ukrayna ilə sülh razılaşmasını rədd edərsə, tətbiq oluna bilər. Bunu "Bloomberg" agentliyi dekabrın 17-də mənbələrə istinadla yazıb.

Sanksiyaların ilk növbədə enerji sektorunu hədəf alacağı bildirilir. Kölgə donanmasına aid gəmilər, Rusiya neftinin satışına yardım edən neft treyderlərinə sanksiyalar tətbiq oluna bilər. Məlumata görə, ABŞ-nin maliyyə naziri Skott Bessent bu tədbirləri Avropa ölkələrinin səfirləri ilə müzakirə edib və sanksiyalar bu həftə elan oluna bilər.

ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, Rusiya sülh sazişinə razılaşmasa, ona təzyiqləri artıra bilərlər. Vaşinqton oktyabrda Rusiyanın ən iri neft şirkətləri – "Rosneft" və "Lukoil"a sanksiyalar tətbiq edib. ABŞ Ukraynaya da təzyiq göstərir.

Hələlik, sülh sazişi layihəsi razılaşdırılmayıb. ABŞ, Ukrayna və Avropa təmsilçiləri dekabrın 14-15-də Berlin görüşündə bir sıra məsələlər üzrə əhəmiyyətli irəliləyiş əldə olunduğunu, amma, məsələn, ərazilər mövzusunda hələ konsensusa gəlinmədiyini bildiriblər.

Moskva sülh planının son variantlarının Rusiya ilə hələ müzakirə edilmədiyini deyir. Rusiyanın plana razılıq verməsi üçün hər hansı son müddətin qoyulub-qoyulmadığı da bəlli deyil. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva "Bloomberg"in yazdığını görməyib, ancaq sanksiyaların sərtləşdirilməsi planlarından xəbərləri var. Peskovun sözlərinə görə, "istənilən sanksiyalar münasibətlərin normallaşmasına zərər vurur".

Dekabrın 16-da yayılan xəbərə görə, bir qrup ABŞ senatoru Rusiya neftinin alıcılarına sanksiyalarla bağlı qanun layihəsi təqdim edib. Sənəddə administrasiyadan tələb olunur ki, dünya üzrə Rusiya nefti ticarətinə bağlı üçüncü tərəflərə hədəfli sanksiyalar tətbiq etsin. Bəzi istisnalar var, məsələn, Ukraynaya əhəmiyyətli yardım göstərən ölkə sanksiyalardan azad edilə bilər. Qanun layihəsinin nə vaxt müzakirəyə çıxarılacağı bəlli deyil, Ağ evin dəstəyi olmasa, qəbul edilmə şansı da azdır.