Azərbaycan neft məhsullarının Gürcüstandan Ermənistana tranziti müzakirə edilib
30 Dekabr 2025
Вekabrın 29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstandan olan həmkarı Maka Botçorişvili ilə telefonla danışıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, tərəflər bölgədə ticarət və kommunikasiya məsələləri barədə müzakirə apararaq bu istiqamətdə səyləri alqışlayıblar. "Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tarif məsələsində əldə olunmuş razılığı məmnuniyyətlə qeyd edən nazirlər bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Nazir Ceyhun Bayramov Gürcüstan rəhbərliyinin operativ qaydada məsələni həll etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib", - məlumatda əlavə edilib.
Dekabrın 26-da Ermənistan iqtisadiyyat naziri Qevorq Papoyan deyirdi ki, Gürcüstan dəmir yolları vasitəsilə Azərbaycandan Ermənistana yüklərin tranziti üçün ilkin tarif "nisbətən yüksəkdir və rəqabətədavamlı deyil", lakin bu məsələ ilə bağlı danışıqlar davam edir.
"Bir tərəfdə Gürcüstan dəmiryol şirkəti, digər tərəfdə isə taxıl və ya benzin idxal edən şirkətlər var. Təbii ki, onlar danışıqlar aparmalı və ən yaxşı variantı tapmalıdırlar", - o, AzadlıqRadiosunun erməni xidmətinə bildirib.
Azərbaycan mediası yazırdı ki, Gürcüstan Azərbaycandan Ermənistana yanacaq tranziti üçün "əsassız" yüksək tarif tələb edib. Daha sonra Tbilisi neft məhsullarının ilk partiyasının Gürcüstan tərəfindən pulsuz çatdırılacağını açıqlayıb.
Bu barədə 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən C.Bayramov da danışıb. Nazirin sözlərinə görə, Azərbaycan tərəfi bu tariflərin mövcud nəqliyyat və bazar şərtlərinə uyğun olmadığını diqqətə çatdırıb. Qısa müddət ərzində Gürcüstan rəhbərliyi məsələni nəzərdən keçirib və operativ müdaxilə nəticəsində vəziyyət tamamilə dəyişib: "Nəticədə tariflər şəffaflıq prinsipi əsasında, bazar və praktiki şərtlərə uyğun şəkildə şirkətlər arasında razılaşdırılıb və müvafiq müqavilə əldə olunub".
Dekabrın ortalarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1220 ton Aİ-95 markalı benzin çatdırıb.
Yanacaq ixracı barədə razılaşma noyabrın 28-də Qəbələdə əldə olunub. Həmin gün Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ermənistanlı həmkarı ilə Mher Qriqoryanla görüşmüşdü.
Hazırda Ermənistan yanacağının 60 faizindən çoxunu Rusiyadan idxal edir, qalanı isə İran, Rumıniya, Malta və Türkiyədən gəlir.