Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Avropa ölkələri arasında ən çox hara və nə ixrac edir?

"Azərbaycan üçün əsas xarici ticarət tərəfdaşları hazırkı şəraitdə Avropa İttifaqı ölkələri və Avropa İttifaqıdır. Çünki məlum olduğu kimi, ölkəmizin xarici ticarətində ən böyük paya neft və qaz ixracatı malikdir. Bu istiqamətlər üzrə də son 10 illiklər ərzində Azərbaycan üçün əsas ixrac bazarı Aİ-dir".

Bunu açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.



Onun sözlərinə görə, Aİ-də əsas xarici ticarət tərəfdaşımız İtaliyadır: "Çünki həmin bölgəyə enerji daşıyıcıları ixracatı ən iri həcmlidir. Bu nöqteyi- nəzərdən hazırda Avropa ölkələri əsas ixrac bazarı və ölkəyə daxil olan əsas valyuta mənbələri kimi çıxış edir".

Elşad Məmmədov sözlərinə belə davam edib: "Qeyd etmək lazımdır ki, enerji daşıyıcıları bazarında qiymətlər kəskin şəkildə bahalaşdı. Bu dünya iqtisadiyyatındakı böhran və Ukrayna ərazisindəki hərbi münaqişə ilə əlaqəlidir. Görünən odur ki, dünya iqtisadiyyatında siyasi müstəvidəki problemlər dərinləşməkdədir və yaxın aylarda biz qiymətlərin artan xətt üzrə inkişaf etməsini proqnozlaşdıra bilərik.

Qiymətlər artır və dəyişir. Sözsüz ki, bu bizi tam şəkildə qane edən mənzərə hesab oluna bilməz. Çünki ixracatın şaxələnməsinə, qeyri-neft və qeyri-xammal ixracatının payının arıtılmasına nail olmalıyıq. Amma hesab edirəm ki, bu hədəfləri reallaşdırdıqca bizim üçün daha prioritet istiqamətlər qonşu ölkələr olacaq. Çünki xarici ticarətin əsas amillərindən biri prioritet olaraq regional əməkdaşlığın və qonşu ölkələrlə xarici ticarətin inkişaf etməsi olmalıdır. Buna görə də biz xarici ticarət və ixracatı şaxələndirdikcə, ixracatda texnoloji məhsulların payının artırılmasına nail olduqca sözsüz ki, coğrafiyada xarici ticarət ixracat nöqteyi-nəzərədən dəyişəcək və prioritet qonşu ölkələr olacaq". (Sia.az)