Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avstraliya silah qanunlarını sərtləşdirməyi planlaşdırır

Avstraliya dekabrın 15-də bildirib ki, silah qanunları sərtləşdiriləcək. Sidneydə Bondi çimərliyində ata və oğulun 15 nəfəri qətlə yetirməsi ölkədə son 10 ildə ən ağır silahlı insident sayılır.

50 yaşlı ata hadisə yerində öldürülüb və ümumi ölü sayı 16-ya çatıb. Onun 24 yaşlı oğlunun durumu isə ağır, amma sabitdir. Məlumatı polis yayıb.

Hücumdan sonra 40 nəfər xəstəxanaya yerləşdirilib, ikisi polis əməkdaşıdır.

Hücum edənlərin adları açıqlanmayıb, amma atanın 2015-ci ildən silah lisenziyası, qeydiyyatdan keçmiş altı silahı olduğu bildirilir. ABC və digər yerli media orqanları hücum edənlərin Sacid Akram və Navid Akram olduğunu müəyyənləşdirib.

Ata 1998-ci ildə Avstraliyaya tələbə vizası ilə gedib, oğlu isə bu ölkədə doğulub.

Silahlıların avtomobilində "İslam Dövləti" qruplaşmasının iki bayrağının tapıldığı bildirilir.

Bu ölümcül insident ölkənin silah qanunları barədə suallar yaradıb. Avstraliya dünyada ən sərt silah qanunlarının mövcud olduğu ölkələrdən biridir.

Baş nazir Entoni Albaniz deyib ki, hökumətdən icazə verilən silah sayına limiti, lisenziyanın qüvvədə olduğu müddəti nəzərdən keçirməsini istəyəcək.

"Adamların şəraiti dəyişə bilər. İnsanlar zaman keçdikcə radikallaşa bilərlər. Lisenziyalar daimi əsasda verilməməlidir", – o deyib.