Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-dan xəbərdarlıq: Rusiya Ukraynada infrastruktura zərbələr planlaşdırır

ABŞ rəsmisi Rusiyanın tezliklə Ukraynanın mülki infrastrukturu və hökumət obyektlərinə hücumlar planlaması haqda xəbərdarlıq səsləndirib. Bu arada Kiyev hücum təhdidinin yüksək olduğunu əsas gətirərək Müstəqillik Günü tədbirlərini qadağan edib. 24 avqust Müstəqillik Günündə Moskvanın işğalının da altı ayı tamam olur.

“Rusiyanın növbəti günlərdə Ukraynanın mülki infrastrukturu və hökumət obyektlərinə zərbələr endirmək cəhdlərini sürətləndirməsinə dair məlumatımız var”, – adı çəkilməyən rəsmi “Reuters” agentliyinə deyib.

Oxşar xəbərdarlıqlar


“Rusiyanın Ukraynada törətdiklərini nəzərə alsaq, dinc sakinlərə və mülki infrastruktura Rusiya zərbələrinin təhdidindən narahatıq”, – deyən rəsmi bəyanatın ABŞ kəşfiyyatının məxfiliyi qaldırılmış məlumatına əsaslandığını sözlərinə əlavə edib.

ABŞ-ın Kiyevdəki səfirliyi də oxşar xəbərdarlıqla çıxış edib.

Bu həftə Kiyev sovet idarəçiliyindən müstəqilliyin 31-ci ildönümünü qeyd etməlidir. Ancaq rəsmi tədbirlər hücum təhdidi səbəbindən təxirə salınıb.

Prezident Volodimir Zelenski xəbərdarlıq edib ki, Rusiya bu həftə “xüsusilə mənfur və qəddar nə isə edə bilər”.

Ukraynanın kəşfiyyat xidməti də avqustun 24-də ölkə vebsaytlarına haker hücumlarının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

AES ətrafında döyüşlər gedir


Bu arada Rusiya qüvvələri Ukraynanın şəhərlərini, özəlliklə Zaporojye AES-ə yaxın əraziləri raket və artilleriya atəşinə tutmaqdadır. Ötən gecə azı dörd nəfərin yaralandığı bildirilir.

Zaporojye yaxınlığında döyüşlər nüvə qəzası sarıdan əndişələri artırıb.

Moskva avqustun 23-də BMT Təhlükəsizlik Şurasının iclasında AES-in müzakirə edilməsini istəyib.

Polşa Prezidenti Andrey Duda avqustun 23-də Kiyevə gedib. Onun Ukraynaya əlavə dəstəyi, o cümlədən hərbi yardımı müzakirə edəcəyi gözlənir.