Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Bəxtiyar Hacıyevin məsələsini araşdırmağa çağırıb



dərin narahatıq”





“Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücumlar və digər təzyiq formalarından dərin narahatıq”.

“Turan” Agentliyinin xəbərinə görə, bunu Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü avqustun 24-də onların Azərbaycanda ictimai fəal Bəxtiyar Hacıyevlə baglı sorğularına cavab olaraq bildirib.

Dövlət Departamentinin sözçüsü əlavə edib:

“Biz hakimiyyəti bütün bu kimi hadisələri, o cümlədən Bəxtiyar Hacıyevin bu yaxınlarda bildirdiyi hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq".

Bu açıqlamaya, hələlik, Azərbaycan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bəxtiyar Hacıyev bildirib ki, avqustun 22-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu Bakıda küçədə tutub, saatlarla saxlayıb və Facebook sosial şəbəkəsində daxili işlər nazirini tənqid edən yazılarını sildikdən sonra sərbəst buraxıblar.

Bəxtiyar Hacıyevin bu açıqlamasına da, hələlik, DİN-dən münasibət almaq mümkün olmayıb.

Gənc fəal bunun ardınca Azərbaycan vətəndaşlığından çıxmaqla bağlı ölkə başçısına müraciət edib.

Bundan əvvəl…

Hacıyev bundan əvvəl də bildirmişdi ki, bu il aprelin 21-də gecə Bakı şəhərində evə gedərkən küçədə qara maskalı şəxslər onu saxlayaraq başına qara torba keçirib və naməlum yerə aparıblar:

"Tələb etdilər ki, daxili işlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim".

Onun sözlərinə görə, heç kimdən tapşırıq almadığını deyəndə paltarını çıxarıb, tələb ediblər ki, postlarını silsin:

"Bu tələblə əksər postları sildirdilər".

DİN mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev də Bəxtiyar Hacıyevin həmin açıqlamasından sonra belə bir məlumat yaymışdı:

"Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb".

Bundan sonra şikayətə əsasən Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi açıldığı bildirilib. Amma, hələlik, həmin cinayət işinin nəticəsi açıqlanmır.

Xatırlatma

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.