Logo
news content
User
Kateqoriyalar

Analitika

İranda fırtına yeni reallıqlar yarada bilər: Bakı üçün inanılmaz ssenari
ABŞ-ın Tramp administrasiyasına yaxın nüfuzlu qəzetinin iddiaları həqiqət ola biləmi?

Ağ Evə yaxınlığı ilə tanınan “The Washington Post” qəzetinin analitik məqaləsində iddia olunur ki, İranda daxili vəziyyət zorakı qarşıdurmaya çevrilərsə, Azərbaycan prosesə müdaxilə etmək məcburiyyətində qala bilər.

Qəzet yazır ki, bu ssenari ilk baxışdan radikal təsir bağışlasa da, müəyyən əsaslara söykənir. Əvvəlcə statistik göstəricilərə diqqət yetirilir: İranda yaşayan etnik azərbaycanlıların sayı Azərbaycanın özündə yaşayan azərbaycanlıların sayını üstələyir. İran hökumətinin rəsmi araşdırmasına əsasən, azərbaycanlılar ölkə əhalisinin təxminən 23 faizini, yəni 20 milyona yaxın insanı təşkil edir (qeyri-rəsmi mənbələrə görə, azərbaycanlıların sayı 30-40 milyon arasındadır – red.). Azərbaycanlılar əsasən İranın şimal-qərbində, Azərbaycan və Türkiyə ilə həmsərhəd vilayətlərdə məskunlaşıblar.

Prezident İlham Əliyev 2022-ci ildə İranla gərgin vəziyyəti şərh edərkən vurğulamışdı ki, Azərbaycanda etnik azlıqların – o cümlədən rus və gürcü icmalarının – ana dilində təhsil hüququ təmin olunduğu halda, İranda azərbaycanlılara belə imkanlar yaradılmır və bu, ədalətsizlikdir. O, İranda Azərbaycan dilli məktəblərin qadağan edilməsini tənqid edərək, bu məsələnin gündəmə gətirilməsini özünün suveren hüququ hesab etdiyini bəyan etmişdi.

İran tərəfi isə bu cür bəyanatları ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.

Azərbaycan İranın şimal-qərbində yaşayan azərbaycanlı əhalinin taleyini diqqətlə izlədiyini gizlətmir. Bakı həmin ərazini “Cənubi Azərbaycan” adlandırır. İlham Əliyevin “biz soydaşlarımızın dünyəvi həyat tərzinin qorunması üçün əlimizdən gələni edəcəyik” bəyanatı Azərbaycanın bəzi hökumət dairələrində bir növ doktrina kimi qəbul olunub.

Bu doktrina zərurət yaranacağı təqdirdə cənubi azərbaycanlılara humanitar və ya siyasi-diplomatik dəstək vasitəsilə yardım göstərilməsini nəzərdə tutur. Azərbaycan Konstitusiyasında və qanunvericiliyində xaricdə yaşayan soydaşların müdafiəsinə dair birbaşa norma olmasa da, ölkənin ideoloji yanaşmasında İran azərbaycanlıları Türkiyə ilə olduğu kimi “bir millət, iki dövlət” prinsipinə bənzər şəkildə diaspor kimi qəbul edilir.

Bununla yanaşı, Azərbaycanla İran arasında açıq silahlı qarşıdurma yalnız ikitərəfli problem olmayacaq. “The Washington Post” yazır ki, belə müharibə qaçılmaz olaraq digər regional və qlobal gücləri də prosesə cəlb edə bilər. İranda ciddi böhran baş verəcəyi halda, Bakı Ankaranın açıq dəstəyi və ehtimal ki, İsrailin gizli kəşfiyyat yardımı olmadan Tehrana qarşı addım atmaz.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Azərbaycanın təhlükəsizliyi və onun sərhədləri Türkiyə üçün “qırmızı xətt”dir. Bu kontekstdə beynəlxalq müşahidəçilərin diqqət yetirdiyi məqam təsadüfi deyil: İranda daxili gərginlik və ya Ermənistanla sərhəddə vəziyyət kəskinləşən kimi Azərbaycan və Türkiyə orduları birgə hərbi təlimlər keçirirlər.

Eyni zamanda, İran istiqamətində potensial hərbi eskalasiyaya qarşı çıxan qüvvələr də az deyil. İlk növbədə Rusiya İranın dağılmasında maraqlı olmadığını açıq nümayiş etdirir. Kreml Tehrana diplomatik dəstək ifadə edib və İranın sabitliyini sarsıtmağa yönəlmiş xarici müdaxilələrə qarşı olduğunu bəyan edib.

Bunun səbəblərindən biri İranın Yaxın Şərqdə Rusiyanın mühüm müttəfiqi olmasıdır. Digər səbəb isə ölkənin parçalanacağı təqdirdə regionda yaranacaq güc boşluğudur. Rusiya strateqləri hesab edirlər ki, İranın zəifləməsi türk-qərb dominantlığının Cənubi Qafqazda tam formalaşmasına gətirib çıxara bilər ki, bu da Kremlin maraqlarına ziddir.

Onu da nəzərə almaq lazımdır ki, İranda etnik parçalanma ssenarisi reallaşarsa, onun zəncirvari təsiri digər çoxmillətli dövlətlərə də yayıla bilər.

“The Washington Post” qeyd edir ki, Vaşinqton üçün İran hakimiyyətinin qəfil çöküşü regionda genişmiqyaslı qeyri-müəyyənlik yaradar. Buna görə də, ABŞ hazırda vəziyyətin inkişafından asılı olaraq həm İranla razılaşmalara, həm də təzyiq ssenarilərinə paralel şəkildə hazır olmağa çalışır.

Bu isə o deməkdir ki, Qərb Azərbaycanı açıq şəkildə “İrana qarşı müharibəyə başlamağa” çağırmayacaq. ABŞ Dövlət Departamenti dəfələrlə bəyan edib ki, sərhəd təhlükəsizliyi məsələlərində Azərbaycanla həmrəyliyini ifadə etsə də, İran hakimiyyətinin taleyini ilk növbədə iranlıların özlərinin müəyyən etməli olduğunu hesab edir.

Nəticədə, “Azərbaycan İrana hərbi müdaxilə edəcəkmi?” sualının cavabı birbaşa olaraq İranın daxilində gedən proseslərdən və regional güclər arasındakı qüvvələr balansından asılıdır. Hazırda nə Bakı, nə də Tehran açıq müharibədə maraqlıdır. Hər iki paytaxt anlayır ki, belə qarşıdurma nəzarətdən çıxa və daha geniş regiona yayılan fəlakətli ssenariyə çevrilə bilər.

Bununla belə, iki ölkə arasında münasibətlər son dərəcə gərgindir və qarşılıqlı etimadsızlıq pik həddə çatıb. Mövcud şəraitdə Azərbaycan təkbaşına İranla müharibəyə başlamaq niyyətində deyil. İranda genişmiqyaslı daxili qarşıdurma baş verəcəyi təqdirdə ən real ssenari Azərbaycanın Türkiyənin açıq dəstəyi ilə sərhəd boyunca təhlükəsizlik zonası yaratmağa cəhd etməsi və humanitar müdaxilə bəhanəsi ilə “Cənubi Azərbaycan” bölgəsində müvəqqəti nəzarət qurmağa çalışması ola bilər.

Bu isə yalnız müəyyən şərtlər daxilində – yəni İranın mərkəzi hakimiyyətinin faktiki iflici şəraitində mümkündür. Yaxın perspektivdə Azərbaycan–İran gərginliyi əsasən informasiya müharibəsi, kəşfiyyat qarşıdurması və diplomatik təzyiq müstəvisində qalacaq.

Beləliklə, ABŞ-ın nüfuzlu nəşrinin irəli sürdüyü ssenarilər nə dərəcədə realdır? İranda baş verə biləcək mümkün hadisələr fonunda Azərbaycan qoşunlarının bu ölkə ərazisinə daxil olması ehtimalı ümumiyyətlə mümkündürmü, bunu təsəvvür etmək olarmı?

Pressklub.az-ın suallarını region üzrə tanınmış ekspert, Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov cavablandırıb.

Ekspert ilk növbədə qeyd edib ki, İranda etirazların qanlı formada yatırılmasından sonra cəmiyyətdəki real vəziyyət barədə məlumatlar son dərəcə məhduddur.

Dolayı məlumatlara əsasən demək olar ki, zorakılığın bu dərəcədə kütləvi tətbiqi dərin psixoloji şok yaradıb və insanların dünyagörüşünü dəyişib. Belə fövqəladə hadisədən sonra insanların əvvəllər sarsılmaz hesab etdikləri prinsiplərlə bağlı təsəvvürləri, məsələn, dövlət suverenliyi və ərazi mənsubiyyəti barədə baxışları sual altına düşüb. Dövlət insanların şüurunda sanki xarici təcavüzkar obrazına çevrilib.

Şübhəsiz ki, bu cür düşüncə dəyişiklikləri yalnız müəyyən şərtlər daxilində – siyasi və güc institutlarının parçalanması, dövlət mexanizmlərinin dağılması və xaosun yaxınlaşması fonunda – praktik addımlara çevrilə bilər”, – şərqşünas bildirib.

Onun sözlərinə görə, belə hallarda ümummilli siyasi identikliyin eroziyası qrup və lokal həmrəyliyin güclənməsinə gətirib çıxarır.

Etirazçıların güllələnməsinin yaratdığı şok İran dövlətçiliyinin avtomatik şəkildə yenidən formatlaşması demək deyil. Lakin travmanın miqyası ilə bağlı ehtimallar həqiqətə uyğundursa, artıq İranın azərbaycanlı vilayətlərində istənilən ssenarini istisna etmək olmaz”, – Danilov hesab edir.

Rauf Orucov