Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Rusiyanın bir sıra mühüm obyektlərinə zərbələr endirilib

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya Federasiyası (RF) və Ukraynanın işğal olunmuş ərazilərindəki mühüm hədəflərə uzaqmənzilli zərbələri uğurla endirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkə hesabında yazıb.

"Dövlət sərhədimizdən 700 kilometrdən çox məsafədə, Rusiyanın Yaroslavl vilayətində USQ RF-nin ehtiyatları üçün mühüm olan neft obyektinə zərbə endirib. Hərbçilərimiz həmçinin Rusiyanın Tula vilayətində öz hədəflərinə, xüsusən də partlayıcı maddələr istehsal edən "Azot" zavoduna çatıblar.

Rusiyanın altı hava limanında hava hərəkətinə məhdudiyyətlər tətbiq edilib, ümumilikdə isə dünən axşamdan bəri Rusiyanın 28 regionunda hava həyəcanı elan olunub. Həmçinin Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində hərbi logistikaya (RF SQ - red.) da zərbələr endirilib", - o yazıb.

Zelenskinin sözlərinə görə, Ukrayna Moskvanın müharibəni dayandırmaqdan imtina etməsinə cavab olaraq, Rusiyaya uzaqmənzilli zərbələr planını yerinə yetirir.

"Biz Rusiya rəhbərliyinə danışıqların bütün mümkün formatlarını təklif etdik və yeganə cavab təcavüzün davam etdirilməsi, onu genişləndirmək cəhdləri olub. Müharibənin gəldiyi yerə qayıtması qanunauyğundur. Ukraynaya sülh lazımdır", - o vurğulayıb.