Əliyev niyə Rusiyaya getməkdən imtina etdi?
Ekspert: Bir ildir davam edən gərginliyin səbəbi dəyişməyib
24 Dekabr 2025
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 22-də Sankt-Peterburqda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyib. Prezident Administrasiyasından Azərtac-a bildirilib ki, dövlət başçısı “sıx iş qrafiki” səbəbindən görüşə qatılmayacaq.
Kreml bundan əvvəl İlham Əliyevin Sankt-Peterburqdakı tədbirdə iştirak edəcəyini gözlədiklərini və onun səfərinə hazırlaşdıqlarını açıqlamışdı. Lakin Azərtac-ın məlumatından sonra Rusiya tərəfi prezidentin qərarına “anlayışla yanaşdıqlarını” qeyd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “doğrudan da, bütün dövlət başçılarının, xüsusilə də Yeni il ərəfəsində, olduqca gərgin iş qrafiki var”.
İlham Əliyev sonuncu dəfə bu ilin payızında MDB-nin tədbirində iştirak edib. O, oktyabrın 9–10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasına qatılıb. Bundan əvvəl isə Moskva ilə Bakı arasında münasibətlər 2024-cü ilin dekabrında Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasından sonra kəskinləşmişdi. Təyyarə Rusiya HHM sistemi tərəfindən vurulmuşdu. Faciə nəticəsində 38 nəfər, o cümlədən yeddi Rusiya vətəndaşı həlak olmuşdu.
Rusiya Prezidenti Vladimir Putin Düşənbədə İlham Əliyevlə görüşdə laynerin qəzaya uğramasına görə Rusiyanın məsuliyyətini etiraf etmişdi. Amma o, Rusiyanın günahını tam şəkildə etiraf etməyərək, məsuliyyətin bir hissəsini yenidən Ukrayna tərəfinin üzərinə qoymağa cəhd göstərmişdi. Putin günahkarların cəzalandırılacağına söz versə də, bu istiqamətdə indiyədək hər hansı addım atıldığı barədə məlumat yoxdur.
Bundan əlavə, iyunun sonunda Yekaterinburqda azərbaycanlıların kütləvi şəkildə saxlanılması Moskva–Bakı münasibətlərini daha da gərginləşdirib. Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı iki azərbaycanlı öldürülüb. Buna cavab olaraq Azərbaycanda Rusiya vətəndaşları, o cümlədən “Sputnik Azərbaycan”ın yeddi əməkdaşı saxlanılıb. Daxili İşlər Nazirliyi onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması maddələri üzrə cinayət işi açıb. Düzdür, Putinlə Əliyevin Bakıda görüşü ərəfəsində “Sputnik”in icraçı direktoru İqor Kartavıx həbsdən azad edilib. Moskva isə öz növbəsində dələduzluq və büdcə vəsaitlərinin mənimsənilməsində şübhəli bilinərək saxlanılan Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayevi istintaq təcridxanasından buraxıb. Bununla belə, Rusiya ərazisində azərbaycanlılara qarşı təzyiqlər səngiməyib: saxlanılanların bir çoxu hələ də həbsdə qalır, üstəlik yeni həbslər də qeydə alınıb.
Moskva hələ də Azərbaycanı “kiçik qardaş” rolunda görməkdə davam edir və bu, münasibətlərin gərgin vəziyyətdə qalmasına səbəb olur. Məsələn, Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanovun sosial şəbəkələrdə paylaşdığı postu Azərbaycana qarşı əsl təhdid kimi qəbul etmək olar.
“Görünür, Azərbaycan Prezidenti Əliyev Rusiya ilə açıq qarşıdurmanı gücləndirmək yolunu seçib. Halbuki, məhz Rusiya diplomatiyası münasibətlərdə heç olmasa “qardaşlıq” görüntüsünün qalmasına cəhd edirdi.
Guya ki, Əliyevin iş qrafiki həddən artıq sıxdır və bu səbəbdən o, MDB-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gələ bilməyəcək. Yəqin ki, bu qədər yüksək məşğulluq Azərbaycan liderinin “əsl dostları” – İstanbul və Kiyev arasında gedib-gəlməsi ilə bağlıdır.
Maraqlıdır, Əliyev sammitdə iştirakdan imtina etməklə Qərbdəki tərəfdaşlarına Rusiyayla bağlı olan layihələrdən çıxdığını nümayiş etdirmək istəyir?
Əgər belədirsə, onda biz də güc strukturlarımızın son vaxtlar qeyri-leqal meyvə-tərəvəz, bazar və çirkli pulların yuyulması biznesləri ilə bağlı başlatdığı, arxasında Azərbaycan cinayətkar qrupların dayandığı daxili layihəni məntiqi sonluğa çatdırmalıyıq.
Bu etnik cinayətkar qruplaşmaların fəaliyyəti dayandırıldıqdan sonra Azərbaycan Rusiyada əldə etdiyi supergəlirlərin ən böyük hissəsini itirəcək. Amma əsas məsələ bələdiyyə, regional və federal səviyyələrdə azərbaycanlı diasporların (korrupsiya əsaslı) daxili siyasi təsirini zəiflətmək, ölkəmizi və dövlət idarəetmə sistemini onların lobbiçilərindən təmizləməkdir. Bu isə daha çətin və daha vacib vəzifədir”, – Kabanov yazıb.
Yeri gəlmişkən, dekabrın 23-də Yekaterinburqun Kirov Rayon Məhkəməsi Şıxlinski və Səfərovların həbs müddətinin 2026-cı il mayın 31-dək uzadılması barədə qərar qəbul edib.
Beləliklə, hazırkı mərhələdə Azərbaycan–Rusiya münasibətlərini necə qiymətləndirmək olar? Ümumiyyətlə, İlham Əliyevin Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində iştirakdan imtinası nədən xəbər verir?
Bununla bağlı Pressklub.az-a a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin indiki durumu zahirən sakit təsir bağışlasa da, artıq bir ildir davam edən gərginliyin mahiyyəti dəyişməyib.

“Rusiya tərəfinin mövqeyi Kabanovun çıxışında tam şəkildə əksini tapır. İmperiya ambisiyaları ilə dolu bu bəyanat təkcə Prezident İlham Əliyevin Sankt-Peterburq sammitində iştirak etməməsi ilə bağlı deyil. Sizin də qeyd etdiyiniz kimi, Moskva hələ də Azərbaycanı “kiçik qardaş” kimi görür və bu münasibəti dəyişmək istəmir. Kreml və onun Kabanov kimi əlaltıları anlayırlar ki, İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı Kremlin təsir orbitindən çıxarır, lakin bunun səbəbini Moskvanın Azərbaycana qarşı yanlış siyasətində görmək istəmirlər. Bu yanlış siyasət həm Qarabağın işğalı dövründə, həm də 44 günlük müharibədən sonra özünü göstərib.
AZAL-a məxsus təyyarə ilə bağlı insidentdə Rusiyanın mövqeyi açıq-aydındır. Hadisədən bir il keçməsinə baxmayaraq, Düşənbədə Putinin müəyyən etiraflarından sonra belə Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Əksinə, Azərbaycana təzyiqlər davam edir. Kremlin Azərbaycana Cənubi Qafqazın digər respublikalarına göstərdiyi dərəcədə siyasi, hərbi və iqtisadi təzyiq imkanları olmasa da, Rusiyada yaşayan soydaşlarımıza qarşı radikal mövqe tutmaqda davam edir. Kabanovun soydaşlarımızın ölkəyə pul göndərə bilməməsinə xüsusi diqqət yetirməsi və guya lobbi təsirinin aradan qaldırılmasının Azərbaycana böyük zərər vuracağını düşünməsi onun dövlətlərarası münasibətlərin mahiyyətini zəif anlaması ilə izah olunur”, – ekspert hesab edir.
İlham İsmayılın fikrincə, Prezident İlham Əliyevin nə 9 May paradında, nə də Sankt-Peterburqdakı sammitdə iştirak etməməsi düzgün qərardır. “Açıq desək, ölkə vətəndaşları da bunu gözləyirdi. Azərbaycanın Ukrayna müharibəsinə beynəlxalq hüquqa əsaslanan yanaşması Kremli qıcıqlandırır və Kabanovun Azərbaycan Prezidentinin “Kiyev və İstanbulla ortaq dil tapması” barədə iddiaları dediklərimin təsdiqidir.
Gələcəkdə Azərbaycan–Rusiya münasibətlərində gərginlik müəyyən qədər azala bilər. Lakin Rusiya artıq uzun müddətdir Azərbaycanın müstəqil daxili və xarici siyasətini qəbul edə bilmir. Ona görə də yaxın zamanda gərginliyin tam aradan qalxacağını gözləmək sadəlövhlük olardı. Hesab edirəm ki, gələcəkdə də Azərbaycan dövlət başçısının Moskvada 9 May tədbirlərində iştirak etməsinə və ya MDB liderlərinin Sankt-Peterburqdakı görüşlərinə qatılmasına ehtiyac yoxdur”, – İlham İsmayıl vurğulayıb.
Rauf Orucov