Vaşinqton qlobal enerji bazarlarını İrandan qoruya biləcəkmi
13 Mart 2026
ABŞ və İsrailin İranla münaqişəsi Hörmüz boğazına cəmləşib. Bu boğazda neft və qaz təchizatının posulmasının iqtisadi fəsadları bütün dünyada əks-səda verə bilər. Axı, qlobal neft və mayeləşdirilmiş qaz (LNG) axınının 1/5-i Hörmüzdən keçir.
Artıq bazar reaksiyasını verib, neftin bareli 120 dollaradək yüksəlib, sonradan düşüb.
Təhlilçilərin fikrincə, bu təlatümlər bir fundamental sualın altını cızır: Tehran qlobal enerji sistemindən strateji silah kimi istifadə edə bilərmi, yoxsa ABŞ və tərəfdaşları bu ssenarini önləyər?
Bazarlar riskə reaksiya verir, təchizata yox
Təhlilçilərə görə, bazarlarda qiymətlər faktiki təchizat pozuntusuna görə deyil, qeyri-müəyyənliyə görə dəyişir.
"Münaqişənin miqyasına və müddətinə bazarın dəqiqəbədəqiqə, saatbasaat reaksiyasını görürük", – Amerika Neft İnstitutundan Meyson Hamilton deyir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) ekspertləri qeyd edirlər ki, bazarlar adətən fiziki qıtlıqdan uzağa baxırlar. Mərkəzin aparıcı təhlilçisi Kevin Buk deyir ki, treyderlər ixrac kəsiləcəyi halda, Körfəz ölkələrinin hasilatı dayandırmağa məcbur qalacağı ehtimalına hazırlaşırlar.
İranın asimmetrik təzyiqi
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, Tehran üçün qlobal enerji axınlarını hədəf almaq ABŞ-yə qarşı azsaylı strateji seçimlərdən biri ola bilər.
"İranın məqsədi varlığını saxlamaqdır. O, ABŞ və ya İsraillə üz-üzə qarşıdurmaya girə bilməz, ona görə də münaqişənin bədəlini qaldırmaq üçün asimmetrik taktikalara əl atır", – Atlantika Şurasının Yaxın Şərq və Şimali Afrika Proqnozlaşdırma Laboratoriyasının direktoru Xalid Əzim deyir.
ABŞ üçün əsas problem hərbi hədəflərini elə balanslaşdırmaqdır ki, qlobal enerji şoku yaranmasın.
Tramp administrasiyasında Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Riçard Qoldberqin sözlərinə görə, ABŞ-nin strategiyası bazar alətləri və hərbi tədbirləri birləşdirir: gəmiçilik üçün sığorta zəmanətləri, tanker daşımaları üçün stimullar, gərəkərsə, donanma müşayiəti.
Dünyanın mayeləşdirilmiş təbii qazının təxminən 20 faizi Hörmüz boğazından keçir, bu da elektrik enerjisi, neft-kimya məhsulları və gübrələrin təchizat zəncirlərində təlatüm yarada bilər.
"Dayanmalardan sonra müəssisələrin işinin bərpası həftələr, aylar çəkə bilər. Bu mürəkkəb sənaye sistemləri fasiləsiz iş üçün yaradılıb", – Hamilton deyir.