"Crocus"da terrora görə 15 nəfərə ömürlük həbs verildi
13 Mart 2026
Rusiya 2024-cü ildə Moskvada törədilmiş terror hücumu ilə bağlı 15 nəfəri ömürlük həbsə məhkum edib.
Həmin ilin martında Moskva yaxınlığındakı "Crocus City Hall" konsert mərkəzinə hücumda 149 nəfər öldürülmüşdü. Tacikistanın dörd vətəndaşı terror hücumunu həyata keçirməkdə təqsirli bilinib. Onlarla əlbirlikdə təqsirləndirilən 11 nəfər də ömürlük həbsə məhkum edilib.
Ümumilikdə, bu iş üzrə 19 nəfərə ittiham irəli sürülmüşdü.
Digər dörd təqsirləndirilənə 19 ildən 22 ilə qədər həbs cəzası verildiyi bildirilir.
Hücuma görə məsuliyyəti "İslam Dövləti–Xorasan" (ISIS-K) qruplaşması üzərinə götürmüşdü.
Təqsirləndirilənlərdən Dalerjon Mirzoyevin anası Qulrakat Mirzoyeva AzadlıqRadiosunun tacik xidmətinə məhkəmə qərarını ədalətsiz saydığını deyib: "Böhtandır, hamısı yalandır. Bizi heç dəvət etmədilər, bizimlə danışmadılar. Bu, oğluma böhtandır. O bunları etməyib. Etirafları işgəncə və döyülmə ilə alıblar".
Məhkəmə qapalı keçirilib.
Rusiyanın İstintaq Komitəsi istintaqın əvvəlində bildirmişdi ki, dörd silahlının Ukrayna ilə əlaqəsi olduğuna dair sübutlar var. Kiyev və Vaşinqton bu iddianı rədd edib.