Müctəba Xamenei haradadır: "Gizlənməlidir"
13 Mart 2026
Mənbə: Azadlıq Radiosu
İran rəsmiləri martın 11-də ali lider Müctəba Xameneinin səhhəti barədə şayiələri cavablandırıblar. Onlar Xameneinin atasının həlak olduğu zərbələrdə xəsarət aldığını, amma "sağ və salamat" olduğunu deyiblər.
M.Xamenei martın 8-də yeni ali lider elan edilib. O vaxtdan bəri ictimaiyyət arasında görünməyib. Bu isə onun 28 fevral zərbəsində ölməsi, yaxud ağır yaralanması haqda spekulyasiyaya yol açıb.
Martın 11-də dövlət televiziyasının aparıcısı onun "şəhid olmuş atası, anası, bacısı və xanımının qanının varisi" olduğunu elan edib.
Martın 12-də yeni liderin İran xalqına müraciəti yayılıb. Amma o, yenə də ekranlarda görünməyib, əvəzində müraciət dövlət televiziyasında oxunub.
Bundan başqa, onun anasının da ölmədiyi xəbəri yayılıb.
56 yaşlı sərt-xətt tərəfdarı Xamenei İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın sayılır.
Çoxları Ekspertlər Məclisinin onun ali lider vəzifəsinə seçməsini qeyri-müəyyənlik dövründə davamlılıq cəhdi kimi görür.
Təhlilçilərin fikrincə, bu seçim həm də sistemin kəskin daxili gərginlik içində olduğunu üzə çıxarıb - SEPAH ruhanilərin idarə etdiyi siyasi sistemi sıxışdırır.
M.Xameneinin zərbələrdə xəsarət almasını hökumətin müşaviri və İranın Kiprdəki səfiri təsdiqləyib. Səfir Əlirza Salarian martın 11-də "The Guardian" qəzetinə deyib ki, Xameneinin yaralandığını eşidib, "məncə, indi xəstəxanada olmalıdır".
"Hərbi uğurlar var, amma..."
İndi əsas sual Xameneinin rejimin funksionallıq qabiliyyətini saxlamaq üçün siyasi və təhlükəsizlik isteblişmenti ilə gündəlik kontaktları saxlaya bilib-bilməyəcəyidir. Bunu martın 11-də Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda İran proqramının başçısı Raz Zimmt Təl-Əvivdə AzadlıqRadiosunun jurnalisti Rey Förlonqa deyib.
"Aydındır ki, İran rejimi mövcudluğu uğrunda savaşır. Onlar yaxşı bilirlər ki, Müctəba Xamenei İsrail, yaxud ABŞ-nin növbəti hədəfinə çevriləcək, ona görə də gizlənməlidir", – Zimmt bildirib.
İran üzrə ekspert olan Zimmtin fikrincə, həm İsrail, həm də ABŞ İranın strateji qabiliyyətini mümkün qədər azaltmaq yönündə əhəmiyyətli hərbi uğurlar qazanıblar. Ballistik raket arsenalına, havadan müdafiə sisteminə, hətta nüvə proqramının qalıqlarına ziyan dəyib.
"Sual budur ki, bu uğurlar əsas hədəflərə çatmağa kömək edəcəkmi? Fikrimcə, birincisi, İranın strateji qabiliyyətini o həddə qədər azaltmaqdır ki, nüvə proqramını və ballistik raketlərini yenidən qura bilməsin, necə ki bunu iyunda 12 günlük müharibədən sonra etməyə çalışdı", – təhlilçi bildirir.
Onun fikrincə, ikinci hədəf İran rejimini zəiflətmək və ona zərbə vurmaqdır: "Əgər müharibə 60 faizədək zənginləşdirilmiş 450 kiloqram uranın İranda qalması ilə başa çatsa, bu, xeyli narahatedici məqam olacaq, çünki İran nüvə silahı hazırlamaq üçün texniki bilikləri və imkanları saxlaya bilər".
Rejim dəyişikliyinin üç əsas şərti
Təhlilçi İranda rejim dəyişikliyinin üç əsas şərtini sadalayır: Birincisi, milyonlarla iranlının küçələrə çıxmasıdır. İkincisi, İran cəmiyyətinin müxtəlif sektorları və hissələri arasında koalisiyanın olmasıdır, yəni tələbələr, qadınlar, fəhlələr, etnik azlıqların birlikdə işləməsidir. Üçüncüsü isə İranın təhlükəsizlik aparatının daxilində çatların, fərariliyin baş verməsidir. "Bunu isə əldə etmək çox çətin ola bilər, çünki SEPAH və "Bəsic" İslam Respublikasından çox asılıdır. Onlar bilirlər ki, rejim çöksə, bunun bədəlini ödəməli ola bilərlər. Ona görə də fikrimcə, sonacan döyüşəcəklər", – Zimmt bildirir.
"Qorxuram ki, əgər rejim salamat çıxsa,.. təkcə İranın əsas strateji hədəflərini - raket, nüvə və regional ambisiyalarını davam etdirməyə deyil, həm də Əli Xamenei ilə müqayisədə daha böyük risklərə getməyə hazır olan bir rejimin yaranmasını görə bilərik", – o əlavə edir.