ABŞ və Rusiya təmsilçiləri Floridada görüşüblər
13 Mart 2026
ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner, Ağ evin müşaviri Coş Qruenbaum Floridada Rusiya prezidentinin təmsilçisi Kirill Dmitriyev ilə görüşüblər.
Dmitriyevin dediyinə görə, tərəflər Rusiya-ABŞ münasibətlərinin bərpasına kömək edə biləcək layihələri və qlobal enerji bazarlarında böhran vəziyyətini müzakirə ediblər.
"Bu gün bir çox ölkələr, ilk növbədə ABŞ Rusiya nefti və qazının dünya iqtisadiyyatında sabitliyinin təmin edilməsində əsas sistemyaradan rolunu, Rusiyaya qarşı sanksiyaların səmərəsiz və dağıdıcı xarakterini daha yaxşı anlamağa başlayır", – o, Telegram-kanalında yazıb.
Uitkoffun ofisi yalnız tərəflərin bir sıra məsələləri müzakirə etdiyini, təmasları saxlamaqla bağlı razılığa gəldiyini bildirib.
Daha öncə yayılmış məlumata görə, ABŞ dünya enerji bazarındakı təzyiqi azaltmaq üçün Rusiya neftinə sanksiyaları zəiflətməyi nəzərdən keçirir. Bazar ABŞ və İsrailin İrana qarşı müharibəsindən dolayı şok yaşayır.
Hindistanın neft emalı zavodlarına artıq dənizdə olan Rusiya neftini almağa müvəqqəti icazə verilib. ABŞ maliyyə naziri Skott Bessent bunun Rusiyanın Ukraynadakı təcavüzkar müharibəni maliyyələşdirməsinə kritik təsir göstərməyəcəyini bildirib.