Azərbaycan iqtisadiyyatı kiçilməkdə davam edir
13 Mart 2026
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 18 milyard 473.1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə martın 12-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.3 faiz çoxdur.
"İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.7 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 1.4 faiz artmışdır", - DSK əlavə edir.
Halbuki ötən ay DSK bildirmişdi ki, illik artım 1.7 faizdir.
Hələ onda müstəqil iqtisadçılar bunu yetərli saymamışdılar. Onlar vurğulayırdılar ki, Azərbaycan ÜDM-nin artım tempinə görə qonşularından geri qalır.
2025-ci ildə ölkədə 129.1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1.4 faiz çox ÜDM istehsal olunmuşdu. Azərbaycan hökumətinin həmin ilin əvvəlinə aid proqnozuna görə, artım 3.5 faiz olmalı idi.
Müstəqil iqtisadçılar Azərbaycan iqtisadiyyatında kiçilməni neft hasilatının azalması və onun ucuzlaşması ilə izah edirdilər.
Bu ilin martında isə dünyada neft bahalaşmaqdadır. Ölkənin ixracının 85 faizi neft və qazın payına düşür.